Rasim Ağayev: "Maraqlar toqquşsa, Azərbaycan Suriyaya dönəcək"
Rasim Ağayev: "Maraqlar toqquşsa, Azərbaycan Suriyaya dönəcək"

"ABŞ və Rusiya Azərbaycana kimin rəhbərlik edəcəyi mövzusunda ortaq məxrəcə gəliblər"

Son zamanlar, gündəmin əsas müzakirə mövzularından biri də Şuşadan fəaliyyətə başlayan "Talışıstanın səsi" radiosu oldu. Məsələ ilə bağlı martın 29-da Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryan və "Modus Vivendi" Mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı sabiq səfiri Ara Papyan keçiriblər.

Papyan deyib ki, "Talışıstanın səsi" radiosunun açılması Qafqaz İranşünaslıq Mərkəzinin və "Modus Vivendi" Mərkəzinin birgə təşəbbüsüdür, humanitar məqsədlər güdür: "Bu təşəbbüsə həmçinin insan hüquqları prizmasından baxmaq lazımdır".
Asatryan bildirib ki, qonşu Azərbaycanda iki milyon nəfərə yaxın talış yaşayır: "Bu radio talış dilində ilk radiodur". O qeyd edib ki, radionun işinə erməni mütəxəssislər, tələbələr, elm xadimləri və bir qrup talış cəlb olunub.
Papya radionun Şuşadan yayılmasının ilk növbədə texniki motivlərlə bağlı olduğunu iddia edib: "Həm də Şuşanın bir vaxtlar Qafqazın mədəniyyət mərkəzlərindən biri olduğu nəzərə alınıb".
Mətbuat konfransında qeyd olunub ki, martın 20-də açılan radio böyük uğur qazanıb, dünyanın müxtəlif bölgələrindəki talışlar proqrama materiallar göndərirlər və gələcəkdə proqramın həcmi artırılacaq. İndi radio gündə bir saatlıq proqramla yayılır.
Bəs, yaxşı, bu radionun Azərbaycana təsiri nə qədər ola bilər? Nəzərə alsaq ki, Azərbaycanda talış xalqının onminlərlə nümayəndələri var, o zaman düşünmək olar ki, bu radio həm də ölkəmizdə etnik zəmində gərginlik yaratmağa hesablanıb. Bu barədə suallarımızı tanınmış politoloq Rasim Ağayevə ünvanladıq.
- Rasim müəllim, sizcə Azərbaycanda elə bir separatçı qüvvələr varmı ki, Şuşada yayımlanmağa başlayan bu radioya hər hansı bir dəstək versinlər?
- Bilirsiz, talış xalqı neçə onilliklərdir ki, Azərbaycanın tərkibində azərbaycanlılarla birlikdə bir ailə kimi yaşayır. Nə azərbaycanlılar özlərini onlardan ayırır, nə də ki, talışlar özlərini azərbaycanlılardan ayırır. Ola bilsin, onların sırasında da elə adamlar var ki, öz məqsədlərinin, maddi və ya qeyri-maddi maraqlarının təmin olunması üçün bu ideyanı dəstəkləmək fikrinə düşsünlər, ora üçün pul yığsınlar və s. Bu hal ehtimal oluna bilər. Ancaq təcrübə göstərir ki, bu xalq özlərini azərbaycanlılardan ayırmır və bura onların da vətənidir. Ona görə də, mənə elə gəlir ki, bu məsələ tamamilə boş şeydir. Ermənilər talış dilində radio açır, açsın. Bu, onların məkrli niyyətini göstərir, sadəcə. İndi görək, orada kim işləyəcək, oranın pulu hardan gələcək, kim verəcək və s. Bunlar hamısı maraqlıdır. Bu məsələlər beynəlxalq hüquqlar çərçivəsində atılan addımlardır. Ancaq hardasa Azərbaycanın nüfuzuna, mənafeyinə bu və ya digər şəkildə zidd olan nəysə olacaqsa, bunun qarşısı alınmalıdır. Mənə elə gəlir ki, bu, bizim xarici siyasətimizdə də öz əksini daha effektiv tapmalıdır. Bundan başqa, hazırda Azərbaycanın çox yaxşı imkanları var ki, əks təbliğat mərkəzləri yaratsın və bu məsələlərin qarşısını çox böyümədən alsın.
- Siz Ermənistanın bu addımının arxasında hansı məqsədlərin dayandığını hesab edirsiniz?
- Ermənilərin məqsədi sadəcə hamam suyu ilə özlərinə dost tutmaqdır. Fikirləşirlər ki, azərbaycanda özləri kimi separatçı qüvvələr hələ də var və bu talış dilində radio vasitəsilə də həmin şəxsləri ayağa qaldıra biləcəklər. Sonra da deyəcəklər ki, tək biz deyilik, Azərbaycanda yaşayan etnik qrupların hamısı əziyyət çəkir və s. Məqsəd Azərbaycandakı etnik vəziyyətdən istifadə edərək, özlərinə xal qazanmaqdır. Bu, tamamilə köhnə ideyadır əslində. Mənim yadıma gəlir, Qarabağ problemi yeni alovlanmağa başlayanda Moskvada da belə bir tədbir keçirmişdilər. Kürdləri, talışları yığmışdılar. Ancaq məlum olduğu kimi, heç nəyə nail ola bilmədilər. Mən hesab edirəm ki, bu məsələ ətrafında heç ajiotaj yaratmaq da lazım deyil. Çünki bu məsələdən heç bir halda Azərbaycan əleyhinə heç nə çıxmayacaq. Məsələ burdadı ki, talışlar ölkədə bütün strukturlarda özlərinə yer tapıblar, siyasətdən tutmuş biznes sahələrinə, həmçinin, ictimai sahələrdə də onlar azərbaycanlılar kimi sayğı görürlər, vəzifə bölgüsündə iştirak edirlər. Onların hamısı bizim vətəndaşlarımızdır. Dillərinə, mədəniyyətlərinə heç kim qadağa qoymur. Öz mədəniyyətlərini inkişaf etdirə bilirlər. Bundan artıq nə olmalıdır?! Əgər hansısa kiçik qüsurlar varsa da, Azərbaycan dövləti həmin qüsurları da aradan qaldırmağa hazırdır.
- Rasim müəllim, Rusiya bu məsələdən Azərbaycana qarşı istifadə edə bilərmi? Ümumiyyətlə, Şuşada yaradılan bu radionun arxasında Rusiya izini nə dərəcədə ciddi hesab edirsiniz ?
- Sözsüz ki, Rusiya istəsə, belə bir addım ata bilər və bu məsələdən Azərbaycanda vəziyyəti qızışdırmaq üçün istifadə edə bilər. Ancaq Rusiya ilə Azərbaycanın münasibətləri o qədər də gərgin deyil. Son zamanlar Rusiya çalışır ki, Azərbaycanla aradakı problemləri həll etsin. Həmçinin, Azərbaycan da çalışır ki, Rusiya ilə münasibətlərini düzəltsin. Ona görə də düşünmürəm ki, Rusiya bu məsələdən Azərbaycan əleyhinə istifadə eləsin. Ancaq onu da nəzərə almaq lazımdır ki, talışların böyük əksəriyyəti uzun illərdir Rusiya bazarlarında işləyirlər. Onların Rusiya ilə həm də çox böyük maddi bağlılıqları var. Ola bilsin, bu da öz təsirini göstərib. Ancaq ermənilər elə bir yerdən yapışıblar ki, bunun heç bir nəticəsi ola bilməz. Çünki talış xalqı azərbaycanlılara qaynayıb qarışmış xalqdır. İndiki halda, mən bu məsələ üzərindən Azərbaycana hər hansı problemin yaranacağını düşünmürəm.
- Rusiyanın bu il prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyəti gərginləşdirməyə çalışdığı iddia olunur. Siz necə düşünürsünüz, Rusiya seçki ərəfəsində misalçün, "Sadval" kartını işə sala bilərmi?
- Yadınızdadırsa, hələ ötən ilin ortalarından mətbuat yazırdı ki, Rusiya Azərbaycanda vəziyyəti gərginləşdirir, nə bilim, sərhəddə qoşun yığır, "Sadval"ı fəallaşdırır və s. Ancaq nə oldu?! Yazılanların heç biri düz çıxmadı. Qışdan bəri yazırlar bu kimi şeyləri. "Sadval"ın problemi ümumiyyətlə fərqlidir. Onlar deyir, biz bölünmüş xalqıq. Onların bir qismi Dağıstanda, bir qismi Azərbaycanda yaşayır. İndi nə edək?! Tarix belə gətirib. Azərbaycandakı digər etni xalqlar kimi ləzgilər də heç vaxt hansısa xüsusi münasibətə tuş gəlməyib. Bütün xalqlara eyni münasibət göstərilib. Bu cür etnik məsələləri isə yalnız Rusiya deyil, istənilən halda, ABŞ və ya hansısa Qərb dövləti də qızışdıra bilər.
- Rasim müəllim, bu gün (dünən) Nardaranda bir qrup dindar həbsdə olan din adamlarının azadlığa buraxılması, həmçinin ölkədə dini basqıların olduğu və bunların dayandırılması tələbi ilə aksiya keçiriblər. Həmçinin, talışların İranla sərhəddə yaşamasını da nəzərə alsaq , ölkədə dindarların bu aksiyalarının yenidən başlamasının və dini gərginliyin yaranmasının arxasında İran izi axtarmağa dəyərmi?
- Bilirsiz, ümumiyyətlə, İran islam inqilabının bütün dünyaya təsiri olub. Həmçinin, SSRİ-də yaşayan müsəlman xalqlarına. İran bəyan edir ki, bütün islam xalqları Xomeyni ideyası ətrafında birləşsin-filan. Ancaq əlimdə fakt olmaya-olmaya, İranın ölkəmizdə hansısa işlər gördüyünü iddia edə bilmərəm. İranın son zamanlarda Azərbaycanla münasibətlərini izlədikdə də iki ölkə arasında çox ciddi problemlərin olduğu görünmür. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Azərbaycanda islama qayıdış, islamın kütləviləşməsi halları müşahidə olunur. Bunu da bizim hakimiyyət qəbul etmk istəmir, deyir belə bir şey yoxdur. Dindarlar hansısa tələblər irəli sürəndə də deyilir ki, bu, İranın təsiridir və s. İranın ölkəmizdəki müsəlmanlara ideoloji təsirini danmaq mümkün deyil. Ancaq bunun hansısa xüsusi məqsədlə və birbaşa vasitə ilə olduğunu iddia etmək çətindir.
- Yəni, siz demək istəyirsiniz ki, İranın Azərbaycana birbaşa müdaxiləsi, Azərbaycanda dindar kəsimə birbaşa dəstəyi yoxdur?!
- Mən hesab edirəm ki, İranın Azərbaycandakı müsəlmanlara hədsiz ideoloji təsiri var. Ancaq digər təsirlərlə bağlı əlimdə hansısa sübut yoxdur. Söhbət məhz Nardarandan gedirsə, ora ilə bağlı heç bir narahatçılığa əsas yoxdur, məncə. Bir dənə balaca kənddir. Dindar kəsimdir. Özlərinin ənənələri, dünyagörüşləri var. Təbii ki, onlar İrana simpatiya ilə yanaşırlar. Həmçinin, İranın təsiri orda daha güclüdü. Ümumiyyətlə, İranın təsiri Lənkəran tərəfdən başlayaraq, Nardarana qədər gəlib çatır. Bunun qarşısını almaq mümkün deyil. Ancaq onu da bildirim ki, Azərbaycanda islamın kütləviləşməyini təkcə İranla bağlamaq düzgün deyil. Baxın Yaxın Şərqə, Çinin özünə, ABŞ-a və s. ölkələrə. Bu ölkələrdə də islam ildən-ilə güclənir. Bu, ümumi prosesdir. Təbii ki, bu prosesdə İranın da təsiri var. Ancaq hər şeyi də İranla bağlamaq düzgün olmazdı. Əslində, mənim üçün Nardarandakı dindarlar maraqlı deyil. Çünki o kənd hər zaman dindar olub. Mənim üçün şəhərdəki məscidlərdə toplaşan gənclər maraqlıdır. Müşahidələrimdə görürəm ki, şəhər əhalisinin də xeyli kəsimi dinə yönəlir, islam artıq şəhərdə də xeyli dərəcədə kütləviləşib. Daha yüksək sosial səviyyəli insanların islama dönüşü müşahidə edilir. Buna diqqət edəndə görürük ki, son illərdə dinə yönələn kəsimlər tamamilə fərqli ictimai qurumlardır.
- Rasim müəllim, sizcə, prezident seçkiləri ilində Azərbaycanda Rusiya-ABŞ maraqlarının toqquşması yaşana bilərmi?
- Bu çətin məsələdir. Belə bir şey olsa, vay Azərbaycanın halına. Deməli, Azərbaycan gəlib dönəcək Suriyaya. Sadəcə olaraq, burada iki dövlətin maraqları da var və hər iki dövlət çalışır ki, həmin maraqlar toqquşmasın. Onu da nəzərə alaq ki, Rusiyada hazırda xeyli problem var Rusiya yeni problemin yaranmasında maraqlı deyil.
- Yəni, siz hesab edirsiniz ki, ABŞ və Rusiya Azərbaycana kimin rəhbərlik edəcəyi mövzusunda ortaq məxrəcə gələcəklər.
- Zənnimcə, hətta artıq ortaq məxrəcə gəliblər .
Söhbətləşdi: Savalan