Regionda hərbi güc
Regionda hərbi güc

Türkiyə-Azərbaycan-Gürcüstan hərbi alyansı

Gələn il keçiriləcək Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə Türkiyə və Azərbaycan da qoşula bilər. Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya məlumat verib. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi gələn il briqada səviyyəsində təlimlər keçirməyi planlaşdırır.

“Bununla əlaqədar biz ilk növbədə ABŞ tərəfi ilə danışıqlar aparırıq. Çox güman ki, bu təlimlərə region ölkələri də qoşulacaq. Təbii ki, biz bunu gizlətmirik, bizim Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlığımız var. Biz artıq üçtərəfli danışıqlar aparırıq, birgə qərargah təlimləri keçirmişik. Buna görə də güman edirik ki, əgər iştirakçıların coğrafiyası genişlənməli olsa, bu ilk növbədə Türkiyə və Azərbaycanın hesabına olacaq”.
Verilən bəyanat kifayət qədər ciddi bəyanatdır və analitiklər hesab edir ki, bu regionda ümumiyyətlə siyasi proseslərin belə dəyişməsinə təsir göstərə bilər. Çünki bunun üçün bir sıra ciddi səbəblər var. Bunlar nədən ibarətdir?
İlk növbədə regionda Gürcüstan-Azərbaycan-Türkiyə hərbi alyansının yaranması Rusiya və İran üçün real təhlükə hesab ediləcək və buna qarşı mütləq halda əks-addımlar atılacaq. Çünki bu ittifaqın yaradılması Rusiyanın Qafqazdakı nüfuzuna ağır zərbə vuracaq. Hərbi ekspertlər bunu da qeyd edir ki, hazırda Gürcüstan və Azərbaycan Rusiyanın aslılığı olmadan ordu quruculuğuna başlayıblar və belə bir alyans Rusiyanın silah bazarına da ağır zərbə vurmuş olacaq.Bundan başqa Rusiyanı narahat edən məsələ isə nəzərdə tutulan hərbi təlimdə ABŞ-ın da iştirak etməsidir. Bu isə açıq şəkildə ABŞ-ın Rusiyaya meydan oxuması olacaq. Hərbi ekspertlər hesab edir ki, Azərbaycanın bu prosesə qatılması riskli addım olsada, strateji baxımdan çox əhəmiyyətlidir. Çünki bu gün Rusiya regionda Ermənistanı özünün tək hərbi müttəfiqi elan edib və Ermənistandakı hərbi bazasını iki dəfə artırıb. Bunun qarşılığında Azərbaycanın belə addım atması regionda balansı tarazlayacaq. Bununla paralel olaraq xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda türkdilli dövlətlərində ümumi hərbi birləşməsinin yaradılması müzakirə mövzusudur və təklif edilir ki, Gürcüstanda bu birliyə daxil edilsin. Bu isə sözsüz ki, yeni hərbi blok deməkdir. Bu ideyanın reallaşması ilə də bağlı ilk reaksiyalar veriləndə Rusiya şok durumda idi. Hesab etmək olar ki, gələn il nəzərdə tutulan hərbi təlimlər bu ideyanın reallaşması üçün bir məşq olacaq. Ən mühüm başqa bir detal isə budur ki, Türkiyənində iştirakı ilə belə bir alyansın gündəmə gəlməsi faktiki yığcam NATO-un yaradılması kimi qiymətləndiriləcək. Çünki Türkiyə regional hərbi əməkdaşlıqda demək olar ki, NATO-nu təmsil edir və belə bir addımın atılması faktiki NATO-un Qafqaza daxil olması deməkdir. Maraqlıdır, bəs Rusiya buna hansı formada maneələr yarada bilər? Ekspertlər bildirir ki, bu alyans hazırda sadəcə olaraq təlimlər şəkilindədir və Rusiya buna hüquqi baxımdan etiraz edə bilməz. Çünki Rusiyanın özü bir müddət öncə Ermənistanda Ümumi Təhlükəsizlik müqaviləsi Təşkilatı daxilində Ermənistanda hərbi təlimlər keçirtdi. Onda nə NATO, nə də qonşu dövlətlər buna etiraz etmədi. Bu gün isə eyni proses başqa cür baş verir və ekspertlər bu alyansı ÜTMT-yə alternativ kimi görməyə başlayırlar. Rusiyanı isə narahat edən həm də başqa məsələdir. Belə ki, nəzərdə tutulan təlimlər gələn il olacaq. Gələn il isə ehtimal edilir ki, ABŞ və NATO sülhməramlılarını Əfqanıstandan çıxaracaq və onların bir hissəsini qeyri-müəyyən vaxta qədər Azərbaycan və Gürcüstanda yerləşdiriləcəyi gözlənilir. Məhz belə bir məqamda hərbi təlimlərin keçirilməsi açıq şəkildə Rusiyaya güc nümayiş etdirməkdir və bu proses uzun müddətli ola bilər. Buna görə də hesab etmək olar ki, regionda dəngələr dəyişəcək və bu Azərbaycanın maraqlarına cavab verəcək. Hətta belə iddialar da artıq səslənməyə başlayıb ki, BMT vasitəsi ilə NATO sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi baş verə bilər. Bu isə tamam başqa mənzərə deməkdir.
Nazim