“İctimai Televiziya Azərbaycanda arzulanan televiziya olmadı”
“İctimai Televiziya Azərbaycanda arzulanan televiziya olmadı”

Qulu Məhərrəmli: “Son illərdə bu telekanala baxmıram”

“Unikal” qəzetinin bu dəfəki müsahibi tanınmış televiziya jurnalisti Qulu Məhərrəmlidir. Qulu müəllimlə İctimai Televiziyanın baş direktoru postuna təyin olunan yeni müsabiqə barədə və bu kanalın bugünə qədərki fəaliyyəti barədə danışdıq.

- Qulu müəllim, MTRŞ bu günlərdə İctimai Televiziyanın baş direktoru postuna yeni müsabiqə elan etdi. Siz, İsmayıl Ömərovun İTV-nin baş direktoru kimi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Vallah, mən hər zaman İctimai Televiziyanın fəaliyyətini tənqid edən adam olmuşam və ümumiyyətlə, son illərdə bu telekanala baxmıram. Çünki bu telekanalın yönü əvvəlcədən doğru olmadı. İTV cəmiyyətin səsi ola bilmədi. Ancaq indi proseslər göstərir ki, məsələ bir şəxsdən asılı deyil. Ismayıl Ömərov televiziya rəhbəri olaraq, digər kanal rəhbərlərindən heç də bacarıqsız, biliksiz deyil. Söhbət ondan gedir ki, bu televiziya üçün konkret çərçivə cızılıb və həmin çərçivənin içində hərəkət edilməlidir. Ictimai televiziya başqa özəlliklərə sahib olmalıdır. Onun digər kommersiya telekanallarından fərqi onda olmalıdır ki, o, cəmiyyətin televiziyası olur, geniş spektri əhatə edir, cəmiyyətdə demokratiyanın inkişaf etməsinə, fikir müxtəlifliyinə xidmət edir və s. Yəni, əgər kanalın özü bu yöndə deyilsə, biz hər hansı bir fərdin bu məsələdə rolunu necə qiymətləndirə bilərik?! İkinci bir tərəfdən də, İTV-yə baş direktor seçkisi keçirmək çox komik bir vəziyyətdir. Məsələni bu yerə gətirib çıxarmaq, seçki keçirmək, demokratik görüntü yaratmaq-filan, hesab edirəm ki, artıq şeylərdir. Ismayıl Ömərov işləyir, hər halda müəyyən fəaliyyəti var. O televiziyanı müəyyən həddə gətirib çıxarıb. Ancaq seçki adı ilə hansısa imitasiya etmək lazımsızdı. Sadəcə olaraq, yuxarıdan istəyirlər ki, İsmayıl Ömərov olsun. Olsun də, bunun üçün seçki şousu düzəltməyin heç bir mənası yoxdu axı.
- Siz hesab edirsiniz ki, İTV-nin baş direktoru postuna keçirilən seçki sadəcə formallıqdır?
- Tamamilə. Bu, birmənalı şəkildə formallıqdır. Allah rəhmət eləsin, biz çox gözəl bir rejissor dostumuz var – Vaqif İbrahimoğlu. O deyirdi ki, Azərbaycanda ümumiyyətlə hər yerdə imitasiya gedir. Bu da imitasiyanın daha pis formasıdır; yəni, biz seçki keçiririk, filankəs seçilir və s. Məsələ burdadı ki, İTV-nin baş direktorunu seçənlər kimdir?! İTV Yayım Şurasının üzvləri. Baxın, onların hansı biri cəmiyyətdə söz sahibidir, hansı birinin öz fikri var, hansı biri nə vaxtsa Azərbaycanda efir siyasətini, televiziya kanallarını tənqid edib?! Ona görə də seçənlərin özü bir şey olmadıqdan sonra onların qatıldıqları prosesin özünün də mənası yoxdur. Yəni, real seçki deyil, söhbət də bundan gedir.
- Siz həm də o fikirdəsiniz ki, İTV-nin rəhbərliyində kimin olmasından asılı olmayaraq, bu televiziyanın efir siyasəti dəyişməyəcək?
- Bəli, mən bu fikirdəyəm. İTV-ni fərdlərə bağlamaq doğru deyil. Sistem işləməlidir. İTV-nin prinsipləri işləməlidir. Orda İsmayıl Ömərov olmasın, bir qeyrisi olsun, əgər onun üçün də çərçivələr qoyulsa, kanal elə həmin səviyyədə də qalacaq. Söhbət ideyanın gözdən salınmasından gedir. İctimai Televiziya Azərbaycanda prinsipcə arzulanan televiziya olmadı. Belə deyək də, milli dəyərlərə biraz önəm verirlər, hər halda kütləvi müzakirə proqramları var və s. Ancaq tutaq ki, bu gün Azərbaycanda çox vacib olan problemlərin heç biri bu kanalda öz əksini tapmır. Yəni bu baxımdan yanaşanda hesab edirəm ki, İTV çərçivəlilik baxımından ölkədəki digər kanallarla eyni sırada dayanır. Amma misalçün, proqram çərçivəsində bəzi fərqli şeylər ola bilir. Bəzi verilişləri daha geniş spektri əhatə edə bilir. Verilişlərini bir az maraqlı etməyə çalışırlar. Xüsusən “Carçı” film studiyasında normal verilişlər var. Yəni, bunları da deməmək insafsızlıq olardı.
- Qulu müəllim, sizcə prezident seçkiləri ilində İctimai Televiziyanın efir siyasətində çərçivələrin genişləndirilməsi ehtimalı nə dərəcədə realdır? Söhbət siyasi çərçivənin genişləndirilməsindən gedir.
- İctimai Televiziya haqqında qanunda yazılıb ki, bu kanal cəmiyyətdə fikir müxtəlifliyini, plüralizmi və s. təbliğ eləməlidir. Bu, seçki ilində də, seçkidən əvvəl də, seçkidən sonra da ola bilər. Əslində, İctimai Televiziya ideyasının özü məhz bundan ibarətdir. Kommersiya televiziyalarının işi ondan ibarətdir ki, çoxlu pul qazansın. Adətən də belə televiziyalar ya hansısa oliqarxa və ya iş adamına bağlı olur. Dövlət televiziyası deyilən bir anlayış da var ki, o da təbliğat işləri ilə məşğuldur. Yəni, bu iki ciddi kəsiri aradan qaldırmaq və hər iki televiziyadan uzaq tutulan kəsimi özündə əks etdirmək üçün İctimai Televiziya yaradılıb. İTV nə reklamdan asılıdır, nə də siyasətçilərdən. Cəmiyyəti əks etdirməli olan kanalda da bax, bu yoxdursa, deməli kanal məqsədinə nail olmayıb.Mən bu məsələlərə İctimai Televiziya sisteminin iflasa uğraması kontekstində yanaşıram.
- Siz Azərbaycanda telekanalların efir siyasətini ən çox tənqid edən şəxslərdən birisiniz. Bir neçə il öncə hətta hakimiyyətin ən yüksək səviyyəsindən belə, telekanalların kəskin tənqid edildiyini nəzərə alsaq, sizcə, bu tənqidlər ümumiyyətlə hər hansı müsbət nəticə verirmi? Kanal rəhbərləri tənqidlərdən nəticə çıxararaq, efir siyasətlərində müsbətə doğru dəyişikliklər edirlərmi?
- Baxın da, iki il qabaq Prezident Administrasiyasının rəhbəri televiziyaları sərt tənqid etmişdi. Nolsun, ondan sonra nə dəyişdi? Heç bir şey dəyişmədi. Əksinə, televiziyalarda müəyyən bir geriləmə oldu. Tənqid yol göstərməlidir ki, bunlar olsun. Əgər o da olmursa, deməli, tənqidin heç bir mənası yoxdur. Ancaq iş orasındadır ki, tənqid edən adamların özlərinin əlində geniş imkanlar var ki, onlar öz fikirlərini televiziyalara təlqin etsinlər. Amma bunu etmirlər. Baxın, kanallardakı xəbərlər proqramı ölkənin gerçəkliyini əks elətdirir, yoxsa yox? Təbii ki, elətdirmir. Kanalların hamısında məzmun oxşarlığı var. İşıqlandırılan mövzular, çəkilişlər bir-birinə oxşayır. Yanaşmalar tamamilə eynidir. Bu da onu deməyə əsas verir ki, televiziyalar hamısı bir mərkəzdən idarə olunur. Çox təəssüf ki, İctimai Televiziya da həmin mərkəzin təsiri altındadır.
- Qulu müəllim, artıq bu ildən milli peykimiz də kosmosa göndərilib. Milli Peykimizin olması yəqin ki, ölkədə yeni televiziya kanallarının açılmasına da səbəb olacaq. Sizcə, açılacaq yeni kanallar televiziyaların keyfiyyətinə təsir edəcək, yoxsa sadəcə əhəmiyyət artacaq?
- Şübhəsiz ki, Azərbaycanın özünün milli peyki olması müsbət hadisədir. Bu, sırf texniki hadisədir. Bu o deməkdir ki, məsələn, sabah Rusiya, İran və s. kimi dövlətlər o peykdə müəyyən siqnallar götürür və buna görə Azərbaycana pul ödəyir. Ancaq yeni kanalların açılması tamam başqa məsələdir. Biri var, adamın eyni rəngdə çoxlu kostyumları olur, biri də yeni, daha fərqli rənglərdə kostyum alır. Televiziyaların xaricdə sayı ona görə artırılır ki, orada mətbuat azadlığının, fikir plüralizminin sərhədləri genişləndirilsin. Əgər bunlar yoxdursa, televiziya kanallarının sayını artırmağa ehtiyac yoxdur. Peykin olması texniki baxımdan müsbət haldır, ancaq onlara keyfiyyət dəyişikliyi gətirməsi inandırıcı deyil. Verilişlərin proqram formatları dəyişmir. Çünki bununla konkret adamlar məşğul olur. Sözün açığı, bu şəkildə davam etsə, gələcəyin televiziya kanallarından yaxşı nəsə gözləməyə dəyməz.
- Sizcə, telekanallardakı keyfiyyət probleminin səbəbi televiziyalardakı peşəkar kadr çatışmazlığıdır, yoxsa kanal rəhbərliyində oturan və ya onların çərçivələrini cızan adamlardır?
- Bilirsiz, bu problemlərin biri digəri ilə bağlıdır. Yüksək peşəkarlıq azadlığın, yaradıcılıq sərbəstliyinin olmadığı yerdə faydasız olur. Əksinə, tutaq ki, mənim azadlığım var, ancaq peşəkarlığım yoxdursa, o zaman burda problem başqa olur. Yaxşı televiziya menecerlərinin olması çox vacibdir. Peşəkar produsserlərin olması çox vacibdir. Əgər biz Rusiya və Türkiyə televiziyalarının sintezindən bir telekanal yarada bilsək, o zaman deyə bilərik ki, bizim yaxşı televiziyamız var. Çünki Türkiyə televiziyaları daha sərbəst, Rusiya televiziyaları isə daha peşəkardır. Yəni, bizə daha sərbəst və daha peşəkar televiziya lazımdır.
- Qulu müəllim, ötən il ATV-nin rəhbərliyində dəyişiklik etdilər və Vüqar Qaradağlını rəhbər təyin etdilər. Onun təyinatından sonra sizcə bu kanalda müsbətə doğru dəyişikliklər oldumu?
- Mən Vüqar Qaradağlı ATV-yə təyin olunanda da demişəm, indi də deyirəm ki, o, televiziya sahəsini yaxşı bilir, yaxşı idarəçidi, çünki içərisində yaradıcılıq azadlığı var, özü ziyalıdır. Bunlar müsbət keyfiyyətlərdir. Sizə deyim ki, son aylara qədər də yaxşı, maraqlı verilişləri var idi. Mən hesab edirəm ki, bu dəqiqə ATV kanalı Azərbaycan cəmiyyətinə ən adekvat kanaldır. Rəhbərlik də bu damarı yaxşı tutub. Kanalda çox maraqlı rənglər yaranıb. Maraqlı əyləncəli verilişləri var. Məncə, ATV bu gün ən çox baxılan kanalların siyahısında başda gəlir.
- Bu həftə Prezident İlham Əliyev milli serialların çəkilməsi üçün daha 6 milyon manat pul ayırdı. Sizcə, milli serialların çəkilib, yayımlanması Azərbaycan teleməkanında keyfiyyət baxımından nə qədər vacibdir?
- Gerçək bazarın olmadığı şəraitdə dövlət büdcəsindən serialların çəkilməsinə pul ayrılması yaxşıdır. Ancaq bizdə serial çəkilişi ona görə zəifdir ki, bizdə kino sahəsi zəifdir. Seriallar bir qayda olaraq kino sənəti ilə bağlıdır. Onun texnikası, senarisi və s.-nin hamısı kinodan gəlir. Ancaq bizdə təəssüf ki, indi barmaqla sayılası qədər peşəkar kino mütəxəssisi var. Bu qədər pul ayrılır seriallara. Ancaq siz deyin görüm, son illərdə hansısa diqqətçəkən Azərbaycan serialı çəkilibmi? Sadəcə, bu şəraitdən normal bəhrələnmək, ortaya keyfiyyətli işlər qoymaq lazımdır.

Söhbətləşdi:
Hüseyn İsgəndərov