Qoca məmurlara 36 yaşlı nazir şoku
Qoca məmurlara 36 yaşlı nazir şoku

Mikayıl Cabbarovun təyinatı kimləri və niyə əndişəyə saldı?

Ötən həftənin ən səs-küylü hadisəsi heç şübhəsiz, təhsil naziri Misir Mərdanovun 15 ildir oturduğu taxtdan salınması oldu. Nə qədər gözlənilən olsa da, bu, bir o qədər gözlənilməz idi; çünki artıq çoxlarında həm yaşlaşmış, həm də uzun illərdir eyni postda oturmağa vərdiş etmiş nazirlərin «toxunulmaz” olduğuna inanmağa başlamışdı.

Amma Mərdanovun görəvindən alınması, yerinə isə 36 yaşlı bir kadrın gətirilməsi artıq yaşlı məmurlarla bağlı “tabu”nun sındırılması anlamına gəlir. Yerli ictimai rəy və mətbuat Azərbaycan hökumətinin üzvlərinin yaşı, eyni vəzifədə keçirdiyi müddətin uzunluğu ilə qonşu Gürcüstan başda olmaqla, bir çox ölkələrin nazirlərinin yaşını müqayisə etməyi çox sevir. Bu, sadəcə müqayisə də olmayıb eyni zamanda narazılıq və narahatlıqdır: çünki qoca məmurlar yalnız gənc kadrların önündə aşılması çox çətin olan divar rolunu oynamırlar, onlar həm də ümumiyyətlə, ölkədə çevik, operativ, enerjili, yeni dövrün tələblərinə uyğun şəkildə çalışan hökumətin formalaşmasına gətirib çıxarmalı olan islahatların qarşısını kəsən kötüklərə çevriliblər.
36 yaşlı bir kadrın nazir təyinatı artıq belə düşünmək üçün əsaslar yaradır ki, həmin “kötüklər”in islahatların önündən qaldırılması dövrü başlayır. Elə yaşlı məmurlarda qorxu yaradan da budur. Onlar Mikayıl Cabbarovun təhsil naziri vəzifəsinə gətirilməsini həm də özləri üçün bir xəbərdarlıq siqnalı sayırlar. Hesab edirlər ki, bununla onlara artıq karyeralarını bitirib təqaüdə çıxmaq zamanı gəldiyinin mesajı verilir.
Əslində yaşlı məmurlar bu cür düşünməkdə və əndişələnməkdə haqlıdırlar. Cabbarovun təyinatına ictimai rəydə əsasən müsbət reaksiyaların gəlməsi və həmin reaksiyaları ortaya çıxaran əsas səbəbi də yeni nazirin gənc olmasının təşkil etməsi hakimiyyət üçün bir ölçüyə çevrilə bilər. Görəndə ki, cəmiyyət yeni kadrların önünün açılması və istər yaşca, istərsə də eyni posta keçirdikləri müddətcə qoca məmurların vurulması məsələsinə isti yanaşır, dəstək verir, bunun iqtidarı yeni təyinatlara həvəsləndirməsi ehtimalı xeyli yüksəkdir. Bu isə qoca vəzifəlilər üçün karyeralarına yaranmış ciddi təhlükə deməkdir.
Hökumətin gəncləşdirilməsi siyasətinə start verilməsi yaşlı məmurlarda şok effekti ilə bərabər, başqa fikirlər də yaradır. Onlar baxıb görürlər ki, artıq ictimai rəydə heç bir dəstəkləri qalmayıb, cəmiyyət onların “vurulması”nı az-qala bayram edir, əksəriyyət ölkədə müsbət idarəçilik tendensiyalarının ortaya çıxmasını yalnız gənc kadrların irəli çəkilməsi hesabına mümkün sayırlar. Bu da istər-istəməz yaşlı məmurlara psixoloji zərbədir. Uzun illərdir vəzifə kreslosuna yapışıb qalan bəzi belə məmurlara xalq arasında heç bir etimad və etibarlarının qalmadığını görməkdən ağır heç bir zərbə ola bilməz.
Yaşlı məmurların artıq psixoloji sarsıntı keçirmələrini də yaxşı dəyərləndirmək lazımdır. Bu, gənc kadrların önə çəkilməsi prosesini davam etdirməyə əsaslar verməli, eyni zamanda iqtidarı prosesin sürətləndirilməsi üçün həvəsləndirməlidir. Gənc kadrların təyinatları bir-birini əvəz etməlidir ki, yaşlı məmurlar şoka düşməkdə davam etsinlər, bu cür şoklardan ayılmağa vaxtları olmasın.
Çünki onlara şoklardan ayılmaq imkanı vermək - kadr islahatlarına böyük təhlükə olacaq. Yaşlı məmurlar özlərini toparlasalar, prosesi dayandırmaq üçün əllərindəki bütün gücü işə salacaqlar. Buna imkan verilməməlidir.
Azər Qasımlı