"Kimsə siyasi təqaüdə çıxmaq üçün  hakimiyyətdən nəsə qoparmaq istəyir"
"Kimsə siyasi təqaüdə çıxmaq üçün
hakimiyyətdən nəsə qoparmaq istəyir"

Əli Əliyev: "Bu seçkilərdə qazandığımz itirdiyimizdən daha çox olacaq"

Son zamanlar ölkədə və o cümlədən bölgədə baş verməkdə olan siyasi proseslərlə bağlı suallarımızı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

-Əli bəy, Prezidentliyə namizədlərdən bir də Sizsiniz. Bu seçkilərdən nə gözləyirsiniz?
-Prezident seçkiləri olimpiya yarışları deyil. Seçkilərdə nəticəyə hesablanmış qərarlar qəbul edilir. Mən çalışıram ki, bu prosesə bir qədər obyektiv yanaşım. Bizim, adətən, ölkədə baş verən bütün siyasi proseslərə öz yanaşma tərzimiz olub və indiki proseslərdə də bu üslubu qoruyub saxlayırıq. Biz əvvəldən müxalifətin bu seçkilərə vahid cəbhə halında getməsinin tərəfdarı idik və istəyirdik ki, müxalifət hakimiyyətin vahid namizədinə qarşı güclü bir namizəd çıxartsın, ortalığa vahid platforma qoysun. Hakimiyyətə alternativ olan bir güc kimi prosesə qoşulsun. Amma təəssüf olsun ki, bu niyyətə nail ola bilmədik. Bu ilkin mərhələdə bizim maksimal nəticəmiz ola bilərdi. Bir halda ki bu versiya baş tutmadı, təbii ki, biz həm ölkənin daxilindəki vəziyyəti, həm resurslarımızı, həm müxalifətdəki potensial rəqiblərimizi, həm hakimiyyət namizədinin imkanlarını, beynəlxalq aləmin prosesə münasibətini analiz edərək bu qərara gəldik ki, madam ki müxalifətin bu seçkilərdə vahid namizədlə çıxış etməsi mümkün deyil, onda bu seçkiyə partiyamızın maraqlarını təmin edə biləcək qərarlarla qoşulmağımız məqsədə uyğundur. Biz ilk dəfədir ki, prezident seçkilərində iştirak etmək üçün qərar veririk. Vətəndaş və İnkişaf Partiyası əvvəllər prezident seçkilərinə qatılmaq barədə qərar qəbul etməmiş bir partiya idi. Mən partiya sədri kimi ilk dəfədir ki, belə bir prosesə qoşulmuşam. Bu seçkilər bizim üçün həm tanınma şansıdır, həm də münbit şərait olsa, seçkilərdə qalib gəlmək şansıdır. Bu cəmiyyət üçün nələr edə biləcəyimizi cəmiyyətə çatdırma şansıdır. Təbii ki, beynəlxalq aləmin bu seçikilərə münasibəti də bizim üçün önəmlidir. Qonşu dövlətlərdən gələ biləcək təhdidlər də tərəfimizdən nəzarətdə saxlanılır. Eyni zamanda ölkənin daxilindəki vəziyyətin də necə olması bizə yaxşı məlumdur. Bütün bu amillərdən çıxış edərək bu seçkilərdən mümkün olan nəticələri əldə etmək niyyətindəyik. Məqsədimiz ilk növbədə qələbədir, qələbə olmasa, partiyanın tanıdılmasıdır. Hakmiyyətin edə bilmədiklərini bu cəmiyyətə izah etməkdir. Və bu seçkilər bizim üçün həm də cəmiyyətlə birbaşa təmasda olub - hazırda bu imkanlar kifayət qədər məhduddur - partiyanın cəmiyyətə nə verə biləcəyini göstərmək şansıdır. Çalışacağıq ki, bu imkanlardan maksimal səviyyədə faydalana bilək. Hər bir halda hesab edirik ki, bu seçkilərdə qazandığımz itirdiyimizdən daha çox olacaq.
-Təəssüflə vurğuladınız ki, bu seçkilərdə müxalifətin vahid namizədlə çıxış etmək şansı olmadı. Yeri gəlmişkən, Siz əvvəllər də bu şansın baş tutmayacağı barədə fikir söyləmişdiniz. Niyə müxalifət seçkilərə vahid namizədlə getmək istəmədi?
-Ümumiyyətlə, Azərbaycan müxalifətini vahid bir güc, vahid komanda kimi təqdim eləmək yanlışdır. Müxalifət monolit qurum deyil. Müxalifət müxtəlif maraqları olan müxtəlif təbiətli insanların bir yerə yığıldığı, siyasi partiyaların məcmunundan ibarət bur düşərgədir. Burada siyasi bioqrafiyasının müxtəlif mərhələlərini yaşayan, bu proseslərdən fərqli nəticələr gözləyən, müxtəlif təbiətli siyasi qurumların bir araya gəldiyi vahid bir məkan kimi başa düşülməlidir. Buna görə də mənə elə gəlir ki, "Niyə müxalifət seçkilərə vahid namizədlə getmək istəmədi?" sualı bir qədər yanlışdır. Sualın "Müxalifətdəki iki partiya niyə razılığa gələ bilmədi?" kimi qoyulması daha düzgün olar. Bunun da səbəbini izah etdim. Müxalifətdə elə aparıcı partiyaların liderləri var ki, bu seçkilərə təkbaşına getməkdə iddialıdırlar. Bu namizədlər, bəlkə də, son dəfə özünü sınamaq imkanına malikdir. Və yaxud da siyasi təqaüdə çıxmaq üçün hakimiyyətdən nəsə qoparmaq istəyir. Kimsə bu seçkilərdən nəsə umur. Ola bilsin ki, kimlərsə beynəlxalq dairələrin maraqlarından çıxış edərək bu seçkilərə qatılmaq istəyir. Və yaxud ölkə daxilində hansısa oyunları oynamaq niyyətləri var. Göründüyü kimi, müxalifətin sıraları kifayət qədər rəngarəngdir və burada hərənin öz hədəfi var.
-Seçkilərdə Sizin rəqibləriniz olacaq Müsavat başqanı İsa Qənbər və AXCP sədri Əli Kərimli yaxın aylara qədər mehriban siyasi müttəfiq idilər, bu gün isə aralarında kəskin münasibət yaranıb. Təbii ki, prezident seçkilərində hərənin öz hədəfi olmalıdır, amma onlar daha nəyi bölüşə bilmirlər?
-Mən bu rəqabəti təbii hesab edirəm. Birincisi, hər iki partiya kifayət qədər iddialı və birincilik uğrunda mübarizə aparandır. Hər iki partiya bu gün qınağına çevrildiymiz 92-93-cü illər hakimiyyətinin nüvəsində dururdu. Onların idddialarının sonsuz olması siyasi mübarizələrinin xarakterini də şərtləndirir. Mətbuatı izləyənlər yaxşı bilir ki, bu gün bu partiyalar arasında baş verən hadisələri hələ 2011-2012-ci illərdə proqnozlaşdırmışdım. Heç cür mümkün deyildi ki, bu iki partiya prezident seçkilərindən öncə münasibətlərini normallaşdıraydı və vahid namizəd barədə razılığa gələydi. Çünki mən bu partiyaların rəhbərlərini kifayət qədər yaxından tanıyıram və bu partiyaların daxilində baş verən hadisələrdən də məlumatlıyam. Və hesab etmirəm ki, o partiyalar prezident seçkilərinə vahid namizədlə getmək imkanına malikdir. Qeyd etməliyəm ki. Bu partiyalar o vaxt bir yerdə ola biləcəklər ki, ya əvvəldən seçkiləri boykot edəcəklər, ya da seçkilərin nəticələrini tanımamaq üçün eyni mövqedən çıxış edəcəklər. Yalnız bu hallar bu iki partiyanın prezident seçkilərində birgə mövqedən çıxış etməsinə səbəb ola bilər. Digər variantlarda bu partiyalar İctimai Palatanın varlığına xitam verəcəklər və əminəm ki, hər iki partiya prezident seçkilərinə öz namizədi ilə qatılacaq. Buna da təbii yanaşmaq lazımdır. Çünki bu partiyalar bütün məsələlərdə bir yerdə olmuş olsaydılar, 2011-ci ildə superpartiyanı yaratmağa müvəffəq olardılar. Yəni Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat hələ 2010-cu ildə birləşmək barədə qərar qəbul edərdi. O vaxt birləşə bilmədilərsə, deməli, hədəfləri eyni deyil. Çünki bu partiyaların strukturlarında müxtəlif maraqların daşıyıcıları var və bu maraqlar bu iki partiyanın bir araya gəlməsinə imkan vermir.
-Qərbin bu prezident seçkilərində stavka elədiyi güclər bəllidir. Bu da məlumdur ki, Rusya da bu seçkilərdən maksimum şəkildə faydalanmağa çalışacaq. Rusyayönlü qüvvələr seçkilərdə hansısa üstünlük qazanmaq və yaxud seçki ərəfəsində ölkədə sosial gərginlik yaratmaq imkanına malikdirmi?
-Deməli, Qərb barədə onu deyə bilərəm ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyi mənə bəllidir. Düzdür, son görüşlərdən sonra qət etmişəm ki, ABŞ hələlik Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı öz mövqeyini dəqiqləşdirməyib. Amma Amerika səfiri də digər rəsmilərlə görüşdən sonra mənə böyük ehtimalla aydın oldu ki, Amerika öz seçimini edib. Rusiya daha radikal mövqe tutub və Azərbaycanı Avrasiya İttifaqına sürükləməkdə maraqlıdır. Bu ittifaqın yaradılması cəhdi bizim tərəfimizdən SSRİ-nin yeni biçimdə yaradılması səyi kimi qəbul edilir. Hətta Rusiya qanunvericiliyi səviyyəsində bu planı gerçəkləşdirmək üçün addımlar atılıb. Mən bunu deyərkən Rusiyadakı miqrantların sıxışdırılmasını nəzərdə tutan qanunların qəbul edilməsini nəzərdə tuturam. Buna görə də Rusiya prezident seçkiləri ərəfəsində müəyyən situasiyalar yaradıb bundan faydalanmağa çalışacaq. Bunu xarici qonaqlarla görüş zamanı da bildirmişəm. Bu məsələ partiyamızın diqqət mərkəzindədir. Biz heç bir halda Azərbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çevrilməsini qəbul edə bilmərik. Biz milli ənənələrimizə sadiq qalan bir partiyayıq. Təəssüflər olsun ki, hələ heç kim bu barədə danışmağa üstünlük vermir. Rusyanın istəkləri heç də mətbuatda təqdim olunduğu kimi qaz, neft istəkləri deyil. Rusiyanın Azərbaycandan geosiyasi umacaqları var. Belə ki Azərbaycanı Avrasiya İttifaqına qoşmağa cəhd göstərməklə öz ətrafında təhlükəsizlik zonası yaratmaq istəyir. Mənə elə gəlir ki, bu yaxınlarda Rusiyanın Azərbaycanla bağlı məqsədlərinin təzahürünü müşahidə edəcəyik. Azərbaycanda bu maraqları ifadə edən siyasi qüvvə ortalığa çıxacaq. Mən bunu istisna etmirəm.
Söhbətləşdi: Savalan