NATO qoşunları regionda
NATO qoşunları regionda
Azərbaycan haqlı olduğunu sübut etdi

Son zamanlar Azərbaycan yerləşdiyi regionun imkanlarına görə daha çox diqqət mərkəzinə gəlməkdədir. Öncələr əsasən enerji təhlükəsizliyi məsələlərinə görə qərb və ABŞ-la müttəfiqlik edən Azərbaycan , hazırda hərbi sahədə də qərbin və ABŞ-in maraqlarını özünə cəlb edib. Belə ki, hazırda əldə olunan razılaşmalara görə NATO qoşunlarının Əfqanıstandan çıxması istiqamətində işlər görülür və bu məsələdə Azərbaycan ərazisindən istifadə ediləcək.
Bunu da qeyd edək ki, indinin özündə NATO Əfqanıstana yük daşımalarında Azərbaycanın hava limanlarından istifadə edir. Hazırda isə daha ciddi məsələyə NATO qoşunlarının Azərbaycan vasitəsi ilə çıxarılması prosesinə hazırlıq tamamlanır. Bu arada məsələ ilə bağlı maraqlı təklif səsləndirilib. Gürcüstan NATO-ya Əfqanıstandan çıxarılacaq hərbi qüvvələrin və yüklərin Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınmasını təklif edib.
Bunu NATO ölkələri və İSAF üzrə tərəfdaş ölkələrin aprelin 23-də Brüsseldə keçirilən toplantısında Gürcüstanın xarici işlər naziri Maya Pancikidze deyib.
M. Pancikidze bildirib ki, bu dəmir yoluna maraq çox böyükdür: “Türkiyənin xarici işlər naziri də öz çıxışında bunu qeyd etdi. 2014-cü ildən sonra Əfqanıstandan hərbi birləşmələrin və yüklərin çıxarılmasına başlandıqda bu yol ən qısa və əlverişli yol olacaq. Ona görə də, təklif görüşdə müsbət qarşılandı. İnanıram ki, bu təklif NATO tərəfindən qəbulediləndir”.
Xatırladaq ki, daha əvvəl Azərbaycan rəsmiləri də bu məsələni gündəmə gətiriblər. Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim Əfqanıstandan qoşunların çıxarılmasında NATO ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi təmsilçiləri Bakı-Tiflis-Qars dəmir yolunun bu məqsədlə istifadəsinə dair texniki və prosedur detalların təqdimatını keçiriblər.
Dəmir yolu xəttinin bu ilin sonuna qədər istismara verilməsi gözlənilir. Ekspertlər hesab edir ki, NATO qoşunlarının məhz bu marşurutla çıxarılması Gürcüstanın və Azərbaycanın maraqlarına tam cavab verir. Belə ki, bu dəmir yol xəttinin çəkilməsinə əsas maliyyəni Azərbaycan ayırıb. Çünki həmin vaxt bir sıra beynəlxalq güclər bu dəmir yol xəttinin çəkilməsinin əleyhinə oldular. Hətta ABŞ kimi dövlət də bu ideyanı qəbul etmədi və maliyyə ayrılmadı. Amma prezident İlham Əliyev bəyan etdi ki, dəmir yol xəttinin çəkilməsində israrlıdırlar və lazım olarsa xəttin maliyyələşməsini tamamı ilə Azərbaycan öz üzərinə götürəcək. Və bu belə də oldu. Ekspertlər hesab edir ki, bu gün NATO qoşunlarının məhz bu xətlə daşınması nəticəsində qısa müddətdə Azərbaycan qoyduğu investisiyanın böyük bir hissəsini geri qaytara biləcək. Bundan başqa bu dəmir yolu xəttinə maraq kifayət qədər artacaq. Bunu da qeyd edək ki, bir müddət öncə Gürcüstanın baş naziri bildirmişdi ki, məlum dəmir yolu xəttinin istifadəyə verilməsi Gürcüstanın maraqlarına cavab vermir və buna görə hətta marşurutdan imtina belə etmək istədi. Bunun qarşılığında isə qərarlaşdırıldı ki, Rusiya-Gürcüstan-Ermənistan dəmir yol xətti işə salınsın. Amma Azərbaycanın təkidi ilə bu məsələ qapadıldı. Və bu gün sübut olundu ki, Azərbaycan tərəfi məsələdə haqlıdır. Hətta bu xətlə NATO qoşunlarının Əfqanıstandan çıxarılması Gürcüstanında maraqlarını tam təmin edir. Bunu da qeyd edək ki, məsələnin maliyyə tərəfi ilə yanaşı siyasi və təhlükəsizlik tərəfi də var ki, buna da xüsusi önəm vermək lazımdır. Ekspertlər bildirir ki, NATO qoşunları Əfqanıstandan çıxarılan zaman ordunun bir hissəsi uzun müddətə Azərbaycanda və Gürcüstanda qalacaq. Bu nə deməkdir? Müşahidəçilər hesab edir ki, bu gün İran problemi kifayət qədər gərginləşib və hər an bu ölkəyə hərbi müdaxilə ola bilər. İran isə açıq şəkildə bildirib ki, hərbi müdaxilə olarsa İran ilk növbədə Azərbaycana hərbi zərbələr endirəcək. Amma bu gün NATO qoşunlarının Azərbaycana gəlməsi bu təhlükəni azaldacaq. Bundan başqa Rusiyada son zamanlar hərbi birləşmələrini Azərbaycanla sərhəd bölgəsinə yığır və istənilən an Rusiyada bir problemə çevrilə bilər. Amma NATO qoşunlarının regiona gəlməsi Rusiya riskini azaldacaq.
Toğrul Əliyev