Rusiyada Qarabağ düyünü
Rusiyada Qarabağ düyünü

Görünməyən bucaqlar görünür

ABŞ-in Dağlıq Qarabağ probleminin həllində iştirakı və ya daha aktiv iştirakı istənilirsə, Rusiyada bir o qədər hadisələri tormuzlatmaq istiqamətində addımlar atır. Demək olar ki, artıq bir ilə qədər vaxtdır ki, Rusiya bu mövqeyini daha da gücləndirir və Ermənistanın manevr imkanlarını genişləndirir.

Ən azından regionda balansı pozur, hərbi imkanlar arasındakı fərqi Ermənistanın xeyrinə dəyişməyə çalışır. Ekspertlər hesab edir ki, Rusiya bununla da Azərbaycanı daha çıxılmaz duruma salmağa çalışır. Çox maraqlı haldır ki, AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətinin bir yandan görüşü təşkil edilir, bu biri tərəfdən isə Rusiya məsələyə tamam fərqli baxış sərgiləyir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının plenar iclasından sonra AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə onun iş otağında Azərbaycan və Ermənistanın nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutyunyan arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bu məsələdə AŞPA-da hər iki ölkənin nümayəndə heyətləri arasında təmasların vacib olduğu qeyd olunub. Qurumda hər iki ölkənin nümayəndə heyətləri rəhbərləri və üzvləri arasında dialoqun davam etdirilməsi zəruriliyi bir daha vurğulanıb.
Amma görüşün getdiyi bir ərəfədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanlı həmkarı Edvard Nalbandyan görüş keçirir və maraqlı açıqlamalarla çıxış edirlər. "Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimizi davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər olmuşdu. Əsas məsələ tərəflərin razılığa gəlməsi idi. Təəssüflər olsun ki, verilən təkliflərin biri bir, o biri başqa tərəfi qane etmədi. Əsas məsələ tərəflərin özlərinin razılığa gəlməsi idi".Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar dalana dirənib, Rusiyanın danışıqlarda aktivliyi niyə azalıb" sualına S. Lavrov "Rusiya aktivliyi azaltmayıb, Minsk qrupu çərçivəsində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq xarici işlər nazirləri və prezidentlərlə görüşürlər" cavabını verib.
Rusiya xarici işlər naziri danışıqlar prosesində irəliləyişin olmaması barədə sualla isə razılaşıb: "Bəli, danışıqlarda irəliləyiş yoxdur".
E. Nalbandyan da danışıqlarda irəliləyiş olmadığını deyib: "Doğrudur, irəliləyiş yoxdur, amma demək olmaz ki, danışıqlar dalana dirənib. Xarici işlər nazirləri mütəmadi görüşləri keçirilir. Proses davam etdirilir.Ermənistanın mövqeyi Minsk qrupunun mövqeyi ilə eynidir. Əgər Azərbaycan "status-kvo"nun saxlanmasını istəmirsə, həmsədrlərin təkliflərini rədd etməməlidir. Bu təkliflər cəbhə xəttindən snayperlərin geri çəkilməsi və sairdən ibarətdir".
Ekspertlə hesab edir ki, əslində Rusiyanın belə açıqlama verməsi həm də Ermənistana bir mesajdır. Belə ki, Rusiya heç bir halda bu gün Ermənistanın hansısa danışıqlarda iştirakında və hansısa razılığın alınmasında maraqlı deyil. Çünki bu tip münaqişələr neçə ki, mövcuddur Rusiyanın regiona təsiri də qalacaq. İndi isə həssas bir məqamdır və Rusiya regiona daha yaxın olmaq taktikası tutur. Hətta buna görə Ermənistan silahlandırılır ki, daha cəsarətli addımlar ata bilsin. Bunu da qeyd edək ki, artıq bir neçə aydır ki, rəsmi Kremlə yaxın analitiklər iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi yenidən alovlanacaq. Hətta arqument kimi də Xankəndi hava limanı göstərilir. Bunu da qeyd edək ki, həqiqətən də son bir neçə ay ərzində Ermənistan tərəfinin aqressivliyi artıb və analitiklər hesab edir ki, belə davam edərsə bir müddətdən sonra danışıqlarada ehtiyac qalmayacaq. Bunu da xatırladaq ki, bir neçə ay öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdılar. Amma alınmadı. Çünki müzakirə olunası bir məsələ yox idi. Hesab olunur ki, Ermənistan daha da aqressivləşməklə Rusiyanın istədiyi planı həyata keçirəcək.
Toğrul Əliyev