Səfər Əbiyev rəqiblərini geri çəkilməyə məcbur etdi
Səfər Əbiyev rəqiblərini geri çəkilməyə məcbur etdi

Müdafiə Nazirliyinin mülkiləşdirilməsi məsələsi niyə birdən-birə gündəmdən çıxdı?

Gəlin razılaşaq ki, hazırda valideynləri narahat edən bir nömrəli məsələ orduda baş verən neqativ hallardır. Qeyri-döyüş şəraitində itkilərin sayının hədsiz çoxalması (bu ilin əvvəlindən artıq 30 əsgər ölümü faktı qeydə alınıb), orduda baş verən münaqişə hallarının aradan qalxmamasıdır.

Ekspertlərin fikrincə, orduda münasibətlərin təkmilləşdirilməsi, iş bölgüsünün dəyişdirilməsi hesabına vəziyyəti düzəltmək olar. Onlar deyirlər ki, nizamnamədən kənar münasibətlər paltar yuyulan yerlərdə, tualet-çamaşırxanada, yemək bişirmə yerləridir. Hansı ki, peşəkar ordularda bu işləri xüsusi təşkilatlar və ya firmalar görür.
Bir çox hərbi ekspert və hətta xeyli millət vəkili isə Silahlı Qüvvələr sisteminin ən yüksək standartlarda fəaliyyətini təmin etmək üçün NATO standartlarına keçidi sürətləndirməyi məsləhət görür. Onların fikrincə, bu zaman əsgərlərin təlimatla nəzərdə tutulmamış işlərə cəlb olunması birmənalı olaraq dayandırılacaq. Məsələn, sanitar işləri, əmək fəaliyyəti, mətbəx işlərini bir çox Avropa ölkələrində mülki insanlar yerinə yetirir. Bizdə də bunun tətbiqi önəmli sayılır.
Eyni zamanda ordu sferasına ictimai nəzarəti gücləndirmək lazımdır. Həmin qurumların statusu baxımından valideyinlərin, qeyri-hökumət təşkilatlarının bu işlərə cəlbi çox önəmlidir. Bəziləri hazırda Azərbaycanda NATO standartlarına uyğun hərbi hissələrin, silah-sursatın olduğunu, hərbi təhsilin isə tamamilə NATO standartlarına uyğunlaşdırıldığını deyirlər. Amma unudurlar ki, ordunun NATO standartlarına uyğunlaşdırılmasının ən önəmli şərtlərindən biri məhz silahlı qüvvələr üzərində sağlam vətəndaş nəzarətinin təminatıdır.
Ədliyyə Nazirliyi yanında Cəzaçəkmə Müəssisələrinə Nəzarəti Həyata Keçirən Koordinasiya Komitəsi var. Bu komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir, xoşagəlməz hallarla bağlı nazirliyə müraciət edir və onun aradan qaldırılmasına nail olunur. Silahlı Qüvvələrdə də belə nəzarət sisteminin yaradılması vacib sayılır. Əksəriyyətin fikrincə, Müdafiə Nazirliyinə müraciət edilməlidir və cəmiyyətdə tanınan qeyri-hökumət təşkilatları, millət vəkilləri və əsgər
valideyinlərindən ibarət belə bir ictimai komitə formalaşdırılmalıdır. Amma müdafiə naziri Səfər Əbiyev indiyədək dəfələrlə təkrarlanan bu təkliflərə əsla sıcaq yanaşmır və bu səbəbdən də həmin təkliflərin nə indi, nə də yaxın gələcəkdə reallaşacağı inandırıcı görünmür.
Silahlı qüvvələrə ictimai nəzarəti gücləndirmək üçün ekspertlər həmçinin NATO standartlarına uyğun olaraq Müdafiə Nazirliyinin mülkiləşdirilməsini, bununla da, ictimaiyyətin nümayəndələrinin, valideyinlərin orduya daha yaxından müdaxilə etmək imkanının artacağını deyir.
Bütün bunlar öz yerində. Ən maraqlı məqam ondan ibarətdir ki, artıq çoxdandır, Azərbaycanın NATO ilə əməkdaşlıq proqramı çərçivəsində Müdafiə Nazirliyinə hərbi deyil, mülki şəxsin rəhbərlik etməsi tövsiyyə olunur. Bəzi ekspertlərin sözlərinə görə, müdafiə naziri vəzifəsində qalaraq, nazir Müdafiə Nazirliyinin maddi-texniki təminatı, hərbi siyasətin hazırlanması ilə məşğul olmalıdır. Beləliklə, Müdafiə Nazirliyi mülkiləşdirilərək baş qərargahdan ayrılmalıdır. Baş qərargahın vəzifələri isə döyüş hazırlığı, döyüş planlaşdırılması, döyüş əməliyyatlarının hazırlığı məsələləri olmalıdır.
Amma bu ideyaya hazırki müdafiə naziri Səfər Əbiyevin isti yanaşmadığı və bunu iqtidar içindəki rəqiblərinin onu "zərərsizləşdirmək" üçün növbəti təşəbbüsü kimi qəbul etdiyi yönündə iddialar var. Əbiyevin sözçüləri əvvəllər bu mövzu ilə bağlı danışarkən ənənəvi münasibət bildirir, 2007-ci ildən başlayaraq ordunun bütün
mərhələləri üzrə NATO standartlarına keçildiyini, bir çox məqamlarda mülkiləşmənin aparıldığını xatırladır, ən sonda isə "nazirliyin tam mülkiləşdirilməsinin müharibə gedən bir ölkə üçün qeyri-mümkün olduğunu" vurğulayırdılar.
Son zamanlar isə hiss olunur ki, artıq Müdafiə Nazirliyinin rəhbərliyinə mülki şəxs gətirilməsi məsələsi tamamilə yaddan çıxıb. Artıq nə hərbi ekspertlər bu mövzuda danışır, nə də mətbuatda bu yöndə hər hansı xəbərlərə, şərhlərə rastlanır.
Birdən-birə bu mövzunun gündəmdən çıxmasına səbəb nə ola bilərdi? Ehtimal edilir ki, artıq Səfər Əbiyev iqtidar daxilindəki zəif nöqtələrini gücləndirməyə, hakimiyyətdaxili rəqiblərinə qarşı dirəniş gücünü artırmağa nail olub və bu səbəbdən də nazirə qarşı sözügedən məsələnin üzərində təzyiqlərin artırılmasının heç bir mənası qalmayıb.
Eyni zamanda hazırda rəqibləri Əbiyevi ordudakı əsgər ölümlərinin artması faktı üzərindən vurmağı daha məqbul hesab edirlər. Çünki bu məsələ cəmiyyət üçün də həssasdır və nazirə qarşı ictimai etimadsızlığı daha asan alovlandırmağa kömək edir.
Amma hələlik heç bir istiqamətdən hücum Səfər Əbiyevin "vurulması"na gətirib çıxarmır, son vaxtlar isə müdafiə nazirinin mövqelərinin əvvəlki vaxtlardan fərqli olaraq xeyli gücləndiyi
və rəqiblərinin müvəqqəti geri çəkilmək ehtiyacı hiss etdiyi vurğulanır. Hesab olunur ki, seçkiyə qədər Əbiyevin "vurulması" real olmadığından seçki sonrası dövr üçün hazırlaşmaq lazımdır.

Azər Aslan