AMEA-nın prezidenti gözlənilməz həmləyə hazırlaşır
AMEA-nın prezidenti gözlənilməz həmləyə hazırlaşır

İnstitut direktorları ilə alimlik iddiasına düşən məmurlar və övladları narahatdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti Akif Əlizadə ciddi islahatların həyata keçirilməsinə hazırlaşır. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbənin sözlərinə görə, Akif Əlizadə hələ bu vəzifəyə seçiləndən dərhal sonra AMEA-nın fəaliyyəti ilə bağlı kəskin iradlarla çıxış etmişdi. "Gəlin onlardan bəzilərini xatırlayaq. Məsələn, Akademiyanın yeni prezidenti demişdi ki, AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib. Akif Əlizadə həmçinin bildirmişdi ki, AMEA bölmələrinin fəaliyyəti çox zaman formal xarakter daşıyıb, elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində faktiki olaraq ciddi təkliflər irəli sürülməyib. Məlum olmayan səbəblərdən AMEA-da funksional şöbələr - analitik şöbə, proqnozlaşdırma şöbəsi, Dövlət Proqramları və İnnovasiyalar şöbəsi yaradılmayıb. Analiz göstərir ki, AMEA institutlarının işinin təkmilləşməsinə böyük ehtiyac var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsulla işləyən şöbə və laboratoriyalar fəaliyyət göstərir. Yeni prezidentin bütün bunları açıq və sərt dildə səsləndirməsi onun AMEA-da idarəçilik və elmi fəaliyyət baxımından təzə bir səhifənin açılmasına hazırlıq getdiyini əminliklə söyləmək mümkündür" - deyə mənbəmiz vurğulayıb.
Qaynağın sözlərinə görə, Akif Əlizadənin birdən-birə bu cür sərt formada danışması təsadüfi deyil: "O, uzun müddətdir AMEA-nın vitse-prezidentidir, yəni həmin problemlər haqqında yeni öyrənməyib. Amma indiyədək bu haqda danışmaması göstərir ki, Akif Əlizadə Elmlər Akademiyası daxilində islahatların keçirilməsi zərurəti barədə siyasi dairələrdən razılıq alıb, ona görə də belə açıq, sərt tənqidlər səsləndirməklə, gözlənilən reformların mesajını verir".
Mənbəmiz AMEA-nın yeni prezidentinin mümkün həmlələrindən ikisi haqqında ehtimallarını da bölüşdürüb: "Bunlardan biri Milli Elmlər Akademiyasının institutlarının iş prinsiplərinin dəyişdirilməsi, ələlxüsus ötən illər ərzində həmin institutlara ayrılan dövlət vəsaitlərinin və alınan elmi-tədqiqat layihələri üzrə qrantların necə xərcləndiyinin müəyyənləşdirilməsi, bundan sonra şəffaflığın təmin olunması ilə bağlıdır. Akif Əlizadə yeni prezident seçildikdən sonra onu da bəyan etmişdi ki, ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların apardığı işlər, dərc olunan nəşrlərin sayı, beynəlxalq jurnallarda iştirak nəzərə alınmalıdır.Onun bu sözləri də təsdiqləyir ki, indiyədək institutların maliyyələşməsində problemlər olub. Akif Əlizadənin bu istiqamətdə islahat, dəyişiklik həmləsi bir çox institut direktorlarının kefinə soğan doğrayacaq. Onlara ayrılan vəsaitlərin təftiş edilməsi isə institut direktorları üçün ikiqat qanqaraçılıq olacaqdır".
AMEA-nın yeni prezidentinin digər bir həmləsi ilə Elmlər Akademiyasının elmi işçilərinin maaş azlığından, dolanışıq çətinliyindən bəzi məmurlar üçün dissertasiyalar yazmasını önləmək olacaqdır: "Hər kəsə məlumdur ki, Azərbaycanda imkanlı və vəzifəli şəxslərin, onların övladlarının "alimliyə" iddia etməsi adi hala çevrilib. Bu isə ortaya plagiat, keyfiyyətsiz, saxta elmi işlərin, ən sonda isə heç bir elmi qabiliyyəti olmayan elmi dərəcəlilərin çıxmasına səbəb olur. Mətbuat dəfələrlə yazıb ki, imkanlı, vəzifəli şəxslərə, onların övladlarına elmi iş yazmaqda AMEA əməkdaşları xüsusi yardımçı olurlar, buna onlar məcburdular, çünki aldıqları maaşla yaşamaq mümkünsüzdür, belədə isə məcbur olub məmurlar və ya onların ailə üzvlərinə dissertasiya yazır, əvəzində o qədər də az olmayan məbləğdə qonorar alırlar.Artıq Milli Elmlər Akademiyası prezidentinin bu istiqamətdə də ciddi addımlar atacağı, yasaqlar gətirəcəyi, həmin qadağalara tabe olmayanların isə cəzalandırılacağı bildirilir. Bu isə ilk növbədə məmurlar və onların yaxınları üçün pis xəbər olacaq. Çünki "alimlik" iddialarını gerçəkləşdirmək üçün pulları olsa da, o pulların hesabına elmi iş yazacaq adamları tapmaq çətinləşəcək".
Mənbə maraqlı bir məqama da toxundu. Bildirdi ki, istisna edilmir ki, AMEA prezidenti ümumiyyətlə saxta elmi adlar, oğurluq dissertasiyalarla bağlı da təşəbbüslər göstərsin, Ali Attestasiya Komissiyası (AAK) ilə daha yaxından, ciddi əməkdaşlıq etsin. Əgər bu baş verərsə, pul və nüfuz gücünə elmi ad alan məmurları, onların ailə üzvlərini heç də yaxşı perspektiv gözləmir.
Günel Əkbər