"Yeni nazir yeni komanda yaratmalıdır"

"Yeni nazir yeni komanda yaratmalıdır"

Əlövsət Osmanlı: "Azərbaycanın bir çox ali təhsil müəssisələrinin verdiyi diplomla, beş-altı geridə qalmış ölkəni çıxmaqla, heç yerdə işə düzəlmək mümkün deyil..."

"Bizim nazir müavini məchul gələcək zamanda danışır"

Ölkədəki təhsil sisteminin problemləri barədə suallarımızı təhsil üzrə ekspert Əlövsət Osmanlı cavablandırır.
-Əlövsət müəllim, keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində hansı mirasları qoyub getdi?
-Əvvəla, onu deyim ki, sivil ölkələrdə dövlət idarəetmə orqanlarının əsas qollarından biri olan mərkəzi icra strukturlarında davamlı olaraq dəyişikliklər aparılır. Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, dünya çapında paradiqmalar sürətlə dəyişir. Misir Mərdanovun nazir təyin edildiyi 1998-ci ildən bəri Türkiyədə 8, Ermənistanda 7, Ukraynada 6, Gürcüstanda 5, Rusiyada 4, Almaniyada isə 3 təhsil naziri dəyişib. Bir faktı da oxucuların diqqətinə çatdırım ki, qardaş Türkiyədə AKP hakimiyyəti dövründə (2002-ci ildən bu günədək) 6 təhsil naziri dəyişib...
Bu gün ölkəmizin paytaxtı Bakıda və digər böyük şəhərlərimizdə uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi Belorusiyanın kəndlərindən də geri qalır. Bir çox ölkələrdə, o cümlədən, Türkiyə, Gürcüstan və Ermənistanda aparılan təhsil islahatlarının birinci mərhələsi başa çatıb və onlar artıq ikinci mərhələyə - təkmilləşmə mərhələsinə keçiblər. Bizdə isə birinci mərhələnin hələ 2019-cu ildə bitəcəyi bildirilir. Türkiyə və Gürcüstanda ötən tədris ilindən başlayaraq ənənəvi kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunmasına start verilib. Bizdə isə nazirliyin şöbə müdiri Faiq Şahbazlı hələ də dərslik dəllallarının qazanc mənbəyi olan dərslik-dəftərlərə keçiddən danışır. Azərbaycanın bir çox ali təhsil müəssisələrinin verdiyi diplomla, beş-altı geridə qalmış ölkəni çıxmaqla, heç yerdə işə düzəlmək mümkün deyil...
-Mətbuatda ən çox müzakirə edilən məsələlərdən biri də orta məktəb dərsliklərindəki plagiatçılıqdır...
-Bəli, bizim orta məktəb dərsliklərinin müəllifləri oğurluqla məşğuldurlar.
Oğurlayırlar, özü də heç bir abır-həya hissi keçirmədən, qorxmadan və çəkinmədən!..
Qarşımda Rusiyanın "Avanta+" nəşriyyatının 2003-cü ildə "Uşaqlar üçün ensiklopediya" seriyasından çap etdiyi bir kitab var: "Matematika" ensiklopediyası. Yüksək zövq və professionallıqla işlənmiş bir nəşrdir.
Budur, qarşımda başqa bir ensiklopediya da var: Respublikamızın "Çaşıoğlu" nəşriyyatında 2011-ci ildə işıq üzü görmüş "Riyaziyyat ensiklopediyası". "Məktəbli kitabxanası" seriyasından iki cilddə buraxılmış bu ensklopediyanın, Rusiya ensiklopediyasından fərqli olaraq, bəzi "özəllikləri" var. Belə ki, bunu böyük bir kollektiv yox, cəmi iki nəfər "ərsəyə" gətirib: fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri İlham Hüseynov və Məhəmməd Kərimov. Ərsəyə gətirib demək də düz çıxmır, daha doğrusu, bu adamlar rusların yuxarıda adıçəkilən ensiklopediyasını dədə-baba malı kimi tamam-kamal tərcümə edərək öz adlarına çıxıblar. Dəhşətin dərəcəsinə baxın, onlar vicdanları ağrımadan, nə köçürdükləri mənbənin, nə "Avanta+" nəşriyyatının, nə də ki, kitabın içərisindəki məqalə müəlliflərinin adlarını öz "ensiklopediyalarının" bir yerində belə göstərməyiblər. Belə çıxır, bu "əsər" bütövlükdə onların əməyinin məhsuludur. Üzdəniraq "ensiklopediyaçıların" gözləri o dərəcədə qızışıb ki, hətta onlar mənbənin ikinci səhifəsindəki "oğurlayanlar hüquqi məsuliyyət daşıyır" xəbərdarlığını da "görməyiblər". Faciənin digər, həm də ən dəhşətli tərəfi isə odur ki, bu oğurluq ensiklopediya, nə az, nə çox, düz 70 min nüsxə tirajla (iki cild birlikdə) od qiymətinə dövlət vəsaiti hesabına çap olunaraq məktəb kitabxanalarına paylanılıb. Deməli, Azərbaycan dövləti Təhsil Nazirliyinin simasında kitab oğurluğuna ortaq edilib. Yəqin ki, sabah "Avanta+" ölkəmizi məhkəməyə verib dəyən ziyanı asanlıqla ala biləcək. Nəyə və necə etiraz edəcəyik? Kor- kor, gör- gör, oğurluq ortadadır...
2007-ci ildə nazirliyin tabeçiliyində Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) deyilən qondarma bir qurum yaradıldı. Aləmə də car çəkildi ki, guya bu qurum müstəqildir və ən yaxşı dərslikləri seçəcək. Axırda nə bəlli oldu? Sən demə, "DQŞ" oyununun arxasında bəzi bədəməllərin şəxsi maraqları dayanırmış. Bu gün dərsliklərin "seçimi" 11 üzvdən ibarət olan yedək qurum - DQŞ vasitəsilə həyata keçirilir. Bu qurumun üzvlərinin indiyədək hansı qınaqlara məruz qaldıqlarını, ünvanlarına yazılı və elektron KİV-də nələrin deyildiyini bir onların özləri bilir. Onda təbii sual ortaya çıxır: Cəmiyyət tərəfindən daim qınağa, tənqidə, təhqirə, söyüşə məruz qalan bu şəxslərin nə marağı var ki, pulsuz-parasız, ictimai əsaslarla ağır bir işin "altına" giriblər?! Məncə onların bircə marağı var: Dərslik müəllifi olmaq və bu prosesdən maksimal "yararlanmaq" marağı! Xatırladıram ki, DQŞ-də "mən sənə, sən mənə" prinsipilə çalışan bu insanlar "mənəvi" itkilərinin müqabilində öz təkəlçiliklərini (inhisarçılıqlarını) qoruyub saxlayır, yaxud da yeni dərslik müəlliflərinə çevrilirlər. Məhz bu səbəbdəndir ki, DQŞ üzvləri: Nizami Cəfərov ana dili və ədəbiyyat; Vaqif Abbasov kimya; Mirzəli Murğuzov fizika; Sabir Mirzəyev riyaziyyat; Musa Qasımlı tarix dərsliklərinin müəllifidir... Bir az öncə dediyim kimi, Misir Mərdanov dünyada yeganə təhsil naziri idi ki, 14 dərsliyə müəlliflik edir. Fəlakətin dərəcəsinə baxın, müəlliflər siyahısında nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı ("Azərbaycan dili-5" və "Azərbaycan dili-8"), onun doğma övladı Könül Faiq qızı Mahmudova ("Zoologiya-7" və "Zoologiya-8"), təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov ("İnformatika" dərslikləri) və başqalarının da adı var. Təhsilimizin məzmununu dağıdan bəzi üzdəniraq ünsürlər bu gün öz günahlarını azaltmaq üçün təlim prosesində dərsliklərin rolunu kiçiltməyə çalışırlar. Onlar hər vəchlə toplumun beyninə yeritmək istəyirlər ki, guya dərslik adi bir şeydir, sadəcə olaraq təlim prosesində istiqamətverici funksiyaya malikdir, əsas müəllimdir, müəllim yaxşıdırsa, ona dərslikzad lazım deyil. Hətta bunu "isbatlamaq" üçün onlar Kanada məktəblərində gördüklərini misal gətirirlər: "Kanadanın neçə məktəbində olduq, bir dərslik görmədik, oranın məktəblərində dərslik yoxdur!". Bu sözləri deyən binəvalar bilmirlər ki, Kanadada, eləcə də digər inkişaf etmiş ölkələrdə çeşid-çeşid o qədər resurs var ki, dərsliyə ehtiyac da yoxdur. Amma neyləyək ki, bu gün ölkəmizdə məzmunun aşılanmasında əsas ağırlıq dərsliyin üzərinə düşür. Ona görə də hesab edirəm ki, bu resurslar olanadək topluma "dərslik boş şeydir, əsas müəllimdir!" fəlsəfəsini yox, "dərslik təhsilin məzmununun bir nömrəli daşıyıcısıdır!" fəlsəfəsini aşılamaq lazımdır...
Xeyli əvvəl təhsil nazirinin müavini Qulu Novruzov ibtidai siniflərdə dərs vəsaitlərinin çox və bu üzdən də şagird çantalarının ağır olması məsələsinə toxunaraq deyib: "Bu məsələ yəqin ki, yaxın illərdə öz həllini tapacaq. Azərbaycan təhsilində elektron tədrisin tətbiq olunması ilə problem həll olunacaq". Bundan bir neçə gün sonra isə Gürcüstanın elm və təhsil naziri xanım Xatia Dekanoidze açıqlama verdi ki, "bu il məktəbə qədəm qoyan birincilərin hamısı yeni noutbukla təmin olunacaq". Xatırladıram ki, Gürcüstanda hələ keçən dərs ilindən elektron tədris vəsaitlərinə keçilməyə başlanılıb. Həmin noutbuklar da birincilərə məhz bu məqsədlə veriləcək. Dəyərli oxucular, diqqət etdinizmi, elektron dərsliklərə keçidlə bağlı qonşu ölkənin naziri indiki zamanda, bizim nazir müavinimizsə məchul gələcək zamanda danışır. Daha doğrusu, onlardan biri fəxarətlə öz ölkəsində "elektron dərslik" ideyasının gerçəkləşməsindən danışır, digəri isə bu haqda utopik fikirlər söyləyir. Amma deyəsən, məsələ Qulu müəllim deyən kimi də deyil: Bizdə "elektron dərslik" ideyasının heç simptomları da yoxdur. Bu, nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının son açıqlamasından açıq-aydın görünür: "Məktəblərdə elektron dərsliklərin tətbiqinə gəlincə, hələ ki, bu məsələ gündəmdə yoxdur". Oxucuların diqqətinə çatdırıram ki, gələcək inkişafını təhsildə görən bütün dövlətlərdə elektron dərsliklərə keçidlə bağlı işlər ya başa çatıb, ya da yekunlaşmaq üzrədir. Bizdə isə bayaq dediyim kimi, hələ bu haqda təzə-təzə düşünməyə (?!) başlayıblar. Rəhmətlik Sabir demişkən:
Türkiyədə elektron dərsliklərə keçilməyə bu ildən başlanılıb. Bu məqsədlə qardaş ölkədə ağıllı başlar uzun müddət bir araya gələrək dünyanın modern təhsil sistemlərini ələdilər, dənəmələr apardılar və sonucda möhtəşəm bir projeni - FATİH projesini ortaya qoydular. Projenin ən maraqlı cəhətlərindən biri budur ki, onun tətbiqilə klassik tədris vasitələri (dərslik, yardımçı kitab, çalışma kitabı, qələm və s.) elektron formaya keçir.
Dəyərli oxucular! Bu qısa məlumatı verməklə onu demək istəyirəm ki, "elektron dərslik" ideyasının gerçəkləşdirilməsi o qədər də asan məsələ deyil. Bunun üçün çoxlu vaxt, enerji, resurs, ağıl və intellekt gərəkdir. Görəsən bu haqda nazirlik yetkililəri düşünüblərmi? Halbuki neçə illər əvvəl bunu deyəndə onlar bizə rişxəndlə gülür, dediklərimizi qulaqardına vururdular. Vəziyyətdən "çıxmaq" üçün bilirsinizmi bu adamlar indi nə edəcəklər?! Tələm-tələsik eybəcər bir şey "quraşdıracaqlar", adını da qoyacaqlar "elektron dərslik". Fikirləri isə noutbukların necə "alınmasında" olacaq...
-Yeni təhsil nazirinin ən böyük problemlərindən biri də bu nazirlikdəki korrupsioner məmurları təmizləmək olacaq...
-Yuxarıda sadaladığım faktlar elə sırf korrupsiya faktlarıdır. Yeni nazirin qarşısında duran problemlər çoxdur. Nazirlikdə ciddi kadr islahatları aparılmalıdır. Daha doğrusu, yeni nazir yeni komanda yaratmalıdır. Yaşayıb görərik, o bunu edə biləcəkmi?
Söhbətləşdi:
Fərzuq Seyidbəyli