İranda azərbaycanlı sevgisi
İranda azərbaycanlı sevgisi

Prezident seçkiləri namizədləri narahat edir

Iran prezident seçkilərinə hazırlaşır və sözsüz ki, bu seçkilərin nəticəsi Azərbaycan tərəfindən də maraqla izlənilir. Hazırda bir neçə nəfər prezidentliyə namizəddir və bu seçkilərdə maraqlı proseslər müşahidə olunur. Belə ki, İranda ilk seçkilərdir ki, namizədlər Azərbaycan və İranda yaşayan azərbaycanlılarla bağlı maraqlı açıqlamalar verirlər və bunun bir sıra səbəbləri var.

Ekspertlər hesab edir ki, artıq İranda yaşayan azərbaycanlılar öz haqlarını müdafiə etmək əzmindədirlər və namizədlərdən eləsinə üstünlük verməyə çalışırlar ki, milli maraqları təmin olunsun. Qeyd edək ki, İran seçicilərinin böyük hissəsi məhz azərbaycanlılardır.Bunu da qeyd edək ki, bir neçə gün öncə İranın hazırkı prezidenti də azərbaycanlılar qarşısında çıxış edəndə azərbaycanlıları milli sərvət adlandırmışdı. İndi isə İranın sabiq xarici işlər naziri, prezidentliyinə namizəd Mənuçöhr Möttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli ictimaiyyətlə görüşüb. M. Möttəki yerli ictimaiyyət nümayəndələrinin İran Konstitusiyasının 15 və 19-cu maddələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb.Prezidentliyə namizəd bildirib ki, İran çoxmillətli bir ölkədir: "Hər millətin də özünəməxsus bir dili və özünəməxsus mədəniyyəti var. Təəssüflər olsun ki, İran Konstitusiyasının 15-ci maddəsi ilə bağlı heç bir iş görülməyib və bu millətlər indiyədək ciddi qəbul edilməyib".
M. Möttəki İran Konstitusiyasının 19-cu maddəsi ilə bağlı ona ünvanlanmış sualı isə belə cavablandırıb: "Azərbaycan bölgəsi həm ictimai, həm də iqtisadi cəhətdən daha çox ayrı-seçkiliyə məruz qalıb. Ancaq bundan sonra bu məsələyə daha artıq diqqət yetirmək lazımdır".
İran prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib: "Biz hər cür təcavüzə qarşıyıq. Azərbaycan xalqı gərək özü bu münaqişəni həll etsin. Qarabağ müharibəsi zamanı İrana pənah gətirən azərbaycanlılar üçün Ərdəbil şəhərində düşərgələr qurulmuşdu. Biz Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini pisləyirik. Bu işğal nəticəsində 12 mindən çox azərbaycanlı şəhid olub, 1 milyondan çox insan yurd-yuvalarından didərgin düşüb. İran BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini pisləyən qətnamələrinə qoşulub".
Qeyd edək ki, M. Möttəki 5 mühafizəkar prezidentliyə namizədin yaratdığı "Beşlik" seçki koalisiyasının üzvüdür. Koalisiyaya İran prezidentliyinə namizədlər - İranın hazırkı vitse-spikerləri Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, Tehran Ticarət Palatasının sədri Yəhya Əli İshaq və sabiq daxili işlər naziri Mustafa Purməhəmmədi daxildir. Koalisiya bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.Ekspertlər bunu da bildirir ki, Möttəkinin prezident seçilməsi azərbaycanlıların maraqlarına tam cavab verə bilər. Çünki o, xarici işlər naziri olduğu zamanlarda da Azərbaycanla münasibətlərin istiləşməsinə çalışan siyasətçilərdən olub. Amma buda söylənilir ki, onun prezidentliyinə qarşı əsasən dini rəhbərlik çıxış edəcək. Bunu da qeyd edək ki, İranda dini rəhbərlik hadisələrə kifayət qədər təsir etmə gücündədirlər. Amma son beş il ərzində İranın dini rəhbərliyində də ciddi boşluqlar yaranıb və hesab edilir ki, artıq İranda dini liderlik sıradan çıxmaq üzrədir.
Fuad Əliyev