"Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.

“Unikal”ın məlumatına görə, protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İş hakim Liza Xanməmmədovanın icraatındadır.

Şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 492.1-ci (Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Azəralüminium" MMC – Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır.

Murad İbrahimli