Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryan Laçın rayonu ərazisində yolu azaraq Ermənistanın Teg rayonuna keçən əsgər Ruslan Pənahov haqqında danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə deputat jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, tezliklə İstintaq Komitəsi hərbçi haqqında hansı maddələrin irəli sürüləcəyi ilə bağlı açıqlama verəcək. 

Köçəryan əsgərin sərhədi necə keçə bildiyi ilə bağlı sualı belə cavablandırıb: "Müdafiə xətlərimiz arasında istəsən keçilə bilən çoxlu sahələr var. İttiham maddələrindən onun hansı məqsədlə sərhəddi keçdiyi bəlli olacaq. Düşünürəm ki, onun silahı olduğu üçün hər şeyi deyə bilərik". 

Köçəryanın sözlərinə görə, onun Azərbaycana qaytarılıb-qaytarılmaması ittihamdan asılıdır: "Bundan sonra bizim Azərbaycan tərəfi ilə danışmaq şansımız var. Bizim də məhbuslarımız var. Mübahisəli olan əvvəlki işdə qətl hadisəsi olub, amma gördük ki, məhbus mübadiləsi ilə hüquqi həll yolu tapılıb".

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfinə keçib. 

Ağarza Elçinoğlu