44 gün davam edən Vətən müharibəsinin fatehi, Şuşanın alınmasında Ali Baş Komandanın təbrik zəngini böyük qürurla dinləyən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev. Bu gün Şuşa fatehinin doğum günüdür.

"Unikal" xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub. O, ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə, 33 yaşı olarkən Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2020-ci ildə II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib, həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bundan başqa, Şuşa, Qubadlı, Füzuli, Xocavənd, Kəlbəcər, Cəbrayılın azad edilməsinə görə, "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə, eyni zamanda "Azərbaycan Bayrağı", "Qarabağ" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub. 2018 və 2020-ci illərdə Bakıda, 2023-cü ildə isə Xankəndində keçirilən paradlarda iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə məhz Hikmət Mirzəyev rəhbərlik edib. Onu da qeyd edək ki, Hikmət Mirzəyev 11 yanvar 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Zərifə Nağıyeva

Video: Ayxan Məlikov