Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Zeynalov Ceyhun Yusif oğlunun məhkəmə prosesinin hazırlıq icalsı mart ayının 5-də hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək.

Cinayət işində 2 nəfər-Əsgərov Rahil Vaqif oğlu və Hüseynov Şaiq Balabək oğlu zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, cinayət hadisəsi 2022-ci ildə baş verib. Belə ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265 000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647 000 manat pul alması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

Azər İsrafilov