Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Tavuşa bitişik Azərbaycan kəndlərini təhvil verməyə hazır olduqlarını təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

"Paşinyanın sözlərinə görə, Azərbaycanın hazırda tələb etdiyi 4 kənd Ermənistanın suveren ərazisində deyillər. 1992-94-cü illər müharibəsi nəticəsində Ermənistanın nəzarətinə keçiblər", - nəşr qeyd edib. 

Yazıda həmçinin üçtərəfli bəyanata istinad edilib: "Xatırladaq ki, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatının ilk mətnində Ermənistan silahlı qüvvələrinin Qazaxın 7 yaşayış məntəqəsindən də geri çəkilməli olduğu açıq-aydın göstərilmişdi. Söhbət Yuxar və Aşağı Əksipara kəndləri, Bağanis-Ayrım, Bərxudarlı, Xeyrimli, Qızıl Hacılı, Sofulu kəndlərinin ərazisindən gedir. 

Hər halda, bu gün həmin dörd kəndin: Aşağı Əskipara, Bağanis-Ayrım, Xeyrimli və Qızıl Hacılı ərazilərinin prioritet olaraq verilməsindən danışılır. Bundan sonra, şübhəsiz ki, digərlərinin məsələsi gündəmə gələcək". 

Yazıda qeyd olunuan digər məlumatda deyilir ki, ilk növbədə Ermənistan silahlı qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır: "Yada salaq ki, bu ərazidəki korpusa general Onik Qasparyan və general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilsin ki, onlar buna görə hökumət tərəfindən təqib olunurdu.
 
Bundan başqa, Gürcüstana dövlətlərarası yol və Ermənistana qaz kəməri də Aşağı Əskiparadan keçir. Hətta dünən hakimiyyətə yaxın dairələr Ermənistanın yeni kommunikasiyalar qurmaq üçün nə qədər böyük xərclər çəkməli olduğunu sadalayırdılar". 

Ağarza Elçinoğlu