Avstraliya 1912-ci ildə batan transatlantik layneri "Titanik"in tam ölçülü surətini düzəltməyi və onu suya buraxmağı planlaşdırır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gəmi ilk səyahətinə 2027-ci ildə çıxa bilər. 

Qeyd olunur ki, təşəbbüs milyarder Kliv Palmerə məxsusdur. Mədən maqnatının sözlərinə görə, “sevgi və ən yüksək üslub və dəbdəbə gəmisi”nin tikintisini onun “Blue Star Line” şirkəti həyata keçirəcək. Hazırda bunun üçün gəmiqayırma zavodu yoxdur, lakin Palmer əmindir ki, tikinti 2025-ci ilə qədər başlaya bilər.

Şirkət əmin edib ki, doqquz göyərtəli layner ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq, lakin onun dizaynı 1912-ci ildə batmış orijinalı təkrarlayacaq. Ehtimal olunur ki, gəmi Sauthemptondan Nyu-Yorka ilk səyahətini edəcək və bununla da orijinal "Titanik"in uğursuz səyahətini təkrarlayacaq.

İlkin hesablamalara görə, 56 min tonluq meqa-replikanın tikintisi Palmerə 1 milyard funt-sterlinqə başa gələcək. Palmerin sözlərinə görə, “bir neçə milyon insan” onun ideyasına artıq maraq göstərib, ona görə də onun belə möhtəşəm layihə üçün artıq vəsaiti var.

Palmer artıq 2012 və 2018-ci illərdə belə bir gəmi tikmək planlarından danışmışdı, lakin maliyyə çatışmazlığı və koronavirus pandemiyası səbəbindən onlar təxirə salınmalı olub.

Xatırladaq ki, 2 200-dən çox insanı daşıyan "Titanik" 1912-ci il aprelin 15-nə keçən gecə Aysberqə çarpdıqdan sonra Atlantik Okeanında batıb. Təxminən 1,5 min nəfər ölüb, 712 sərnişin və ekipaj üzvü xilas ola bilib. Gəminin qalıqları 1985-ci ildə təxminən 4 min metr dərinlikdə aşkar edilib. "Titanik"in fraqmentləri YUNESKO-nun mühafizəsi altındadır, lakin onların vəziyyəti ildən-ilə pisləşir. 2022-ci ildə bildirilib ki, sualtı bakteriyalar bir vaxtlar ən böyük transatlantik laynerdən qalanları aktiv şəkildə məhv edir, buna görə də qalıqlar 2050-ci ilə qədər tamamilə yox ola bilər.

Gülayə Mecid