Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən dəvət olunmuş əsgər və zabit heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçıları parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən bahar qız, keçəl, kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara tamaşa ediblər. Səməni ətrafında bəzədilmiş xonçalardakı milli şirniyyatlar, eyni zamanda, qədim mətbəximizdən hazırlanan təamlar da izləyicilərə təklif olunub. Dama, güləş, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışları da rəğbətlə qarşılanıb.

Sonra Seymur Orucov Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu ilə birlikdə bayram tonqalını alovlandırıblar.    

Mədəniyyət və incəsənət nümayəndələrinin Növruz bayramına həsr etdikləri geniş konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və xalqının arzularını gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər qarışında Novruz bayramını böyük qürurla qeyd edirik. Artıq neçə ildir ki, Möntərəm Prezidentimiz Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə mədəniyyətimizin beşiyi hesab olunan Şuşadan, Cıdır düzündən və digər işağldan azad olunan qədim torpaqlarımızdan xalqımızın bayramlarını təbrik edirlər. Bu, o deməkdir ki, qədəm qoyacağımız hər yeni ildə əbədi müstəqilliyinə qovuşan ölkəmizin hər bir nöqtəsində Növruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlər şəraitində qeyd olunacaqdır.