Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edərək 2 milyon dollar kredit götürən şəxsin məhkəməsi başlayıb.

“Unikal”ın məlumatına görə, hidropon istixanalara malik olan, Cinayət Məcəlləsinin 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi ilə təqsirləndirilən şirkət rəhbəri Rəsulov Kənan Fuad oğlunun məhkəmə prosesi hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. 

Belə ki, "H and M Agro” MMC şirkətinin qanuni təmsilçisi Kənan Rəsulov Fuad oğluna 2022-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün 2 milyon dollar məbləğində kredit ayrıb.
"H and M Agro” MMC həmin kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırıb. Şirkət müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Kənan Rəsulov təqsirləndirilən şəxs qismində həbs edilib. 

Azər İsrafilov