Bakı Ağır Cinayətlər Məhkəməsində övladını həbsxanadan çıxarmaq adı ilə 2 nəfərə qarşı dələduzluq edən 4 nəfərdən ibarət  mütəşəkkil dəstənin məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Eldar Həmzə törədilən cinayətin sonuncu epizodu Ucar rayonun ərazisində törədildiyindən məhkəmənin aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilməsi təklifini verib. Hakimlər müşavirə etdikdən sonra cinayət işinin materiallarının Şəki Agir Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul ediblər. 

Qeyd edək ki, təqsirləndirilənlər İbrahimov Zamin Dadaş oğlu, Həsənov Fəqan Elisa oğlu, Hacıyev Bəhruz Nizam oğlu və Abbasov Rəsul Əbülfət oğlu, zərərçəkənlər- Qasımov Mirələkbər Zaman oğlu və Hüseynova Səmayə Əliağa qızının etibarından sui- istifadə edərək onların övladlarını maddəsini dəyişdirdikdən sonra həbsxanadan çıxarmaq adı ilə külli miqdarda, yəni 55 min manat bir, 12 min manatda bir  pullarını alıblar. İstintaq materiallarından məlum olub ki, təqsirləndirilənlərdən Zamin İbrahimov əvvəllər ədliyyə orqanlarında çalışdığını əsas gətirərək zərərçəkənlərin etibarını qazana bilib.  

Azər İsrafilov