Oqtay Gülalıyevin vəziyyəti ağırdır
Oqtay Gülalıyevin vəziyyəti ağırdır
QHT sədrinin polisdə döyüldüyü deyilir, bu gün Elçin Behbudov ona baş çəkmək üçün Sabirabada yola düşəcək

Srağagün 12 günlük inzibati həbs cəzasına məhkum edilmiş "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev dünən Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) fiziki təzyiqə məruz qalıb. Bu barədə Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib.
İ.Əliyevin sözlərinə görə, Gülalıyev dövlətin təyin etdiyi vəkildən imtina edib. Onun öz vəkili ilə təmin edilməsi vəsatəti təmin edilməyib. O, Minbaşı kəndindəki görüşün iştirakçılarını şahid qismində prosesə dəvət etməyi də tələb edib. Hakim bu vəsatəti də təmin etməyib.
İ.Əliyevin sözlərinə görə, prosesdən əvvəl Gülalıyev ona zəng edərək RPŞ-də rəis müavini və 7-8 əməkdaşın iştirakı ilə döyüldüyünü bildirib: "Gülalıyev bunları dedi: "Sabirabad RPŞ-nin rəis müavini və polis əməkdaşları məni möhkəm döydülər. Onlar başıma, qarın və aşağı hissələrimə güclü zərbələr endirdilər. Hazırda baş gicəllənmələrim və qarın hissələrimdə bərk ağrılar var. Mən həkim müayinəsindən keçirilməyimi tələb etsəm də buna imkan vermədilər. Dünən (srağagün-red.) bütün gün ərzində məni təhqir ediblər və hədə-qorxu gəldilər. Gecə qaldığım kiçik bir otaqda 4 nəfər saxlanırdı, oturmağa stul da vermədilər". Məncə, məhkəmənin qərarı qeyri-adekvat sərt cəzadır. Məhkəmə 50-100 manat cərimə ilə kifayətlənə bilərdi".
Aldığımız son məlumatlara görə, hal hazırda Sabiraba Polis Şöbəsinin təcridxanasında saxlanılan Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Rayon sakinlərinin bildirdiyinə görə, döyüldükdən sonra aldığı zərbələrdən ciddi əzilmələrə məruz qalan QHT sədrinin müalicəsini həyata keçirməyi imkan verilmir. Dəfələrlə polis şöbəsinin rəhbərliyinə təcili tibbi yardım çağırılması barədə müraciət edilsə də, əhəmiyyət verilməyib. O da bildirilir ki, bu gün İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Oqtay Gülalıyevi yoxlamaq üçün Sabirabada yola düşəcək.