“Aztelekom” MMC Yevlax rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

"Unikal" xəbər verir ki, Yevlax şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 10354 təsərrüfatdan 8284 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

İrəvanlı, Duzdağ qəsəbəsində və Cırdaxan, Yuxarı Qarxun, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Nemətabad, Yaldili, Qoyunbinəsi, Rüstəmli, Malbinəsi, Kövər, Kolanı, Qaramanlı, Nəmirli, Göyük, Dəlləklər, Hacımahmudlu, Nurallar, Balçılı və Yuxarı Salamabad kəndlərində 20531 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 71%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə rayon ərazisində 13384 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir.