Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.

"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin Gəncə Uşaq Evinin sakinləri, şəhid və qazi övladları iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib və uşaqlar tədbiri açıq elan ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bütün uşaqları 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib, onlara sağlam gələcək və firavan həyat arzulayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, “Milli Suverenlik və Uşaq Bayramı” Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər yerində olduğu kimi, Azərbaycanın da bölgələrində, o cümlədən Gəncə şəhərində bu bayram böyük coşqu ilə qeyd olunur.

Daha sonra konsert proqramı təqdim olunub. Gəncə Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblının, Gəncə Uşaq Evinin, Fikrət Əmirov adına 1 saylı musiqi məktəbinin, Aşıq Şəmşir adına Göygöl rayon musiqi məktəbinin muğam sinifinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. 

Tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1924-cü ildə aprelin 23-nün bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.