Leyla Əliyeva Xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif olunub
Leyla Əliyeva Xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti "Ekoloji Mühitin Qorunmasına Görə" qiymətləndirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi Leyla Əliyeva "Ekoloji Mühitin Qorunmasına Görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif olunub.
İDEA-nın yaydığı məlumatda bildirilir ki, aprelin 6-7-də Bakı şəhərində altıncı Məktəblilərin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) keçirilib.
Olimpiada Azərbaycan Respublikası Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, Çağ Öyrətim İşlətmələri Şirkəti, "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etməkdir.
Ətraf Mühitin Mühafizəsi İNEPO-Avrasiya Beynəlxalq Layihə Olimpiadası ilk dəfə olaraq 17 ölkə məktəblilərinin iştirakı ilə 2007-ci ildə keçirilib və sonrakı illərdə ənənə halını alıb. Bu il 42 ölkədən 400-ə qədər şagird bu olimpiadada iştirak etmək hüququ qazanıb.
Olimpiadaya təqdim edilən xarici ölkədən gələn 350 layihədən 130-u, Azərbaycan daxilindən isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadada bu il təmsil olunan ölkələr Əfqanıstan, Albaniya, Banqladeş, Belarusiya, Bosniya, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Laos, Litva, Makedoniya, Malaziya, Myanma, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yəmən, Somali, Anqola, İngiltərə, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cumhuriyyəti, Rusiya, Misir, Monqolustan, Mozambik, Çexiya, Belçika və Azərbaycandır. Bu il təşkil olunmuş Olimpiadada Azərbaycan üzrə 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanılıb. Olimpiada təşkilatçıları və jüri heyəti bu il olimpiada qaliblərinin təşəbbüsü və təklifi ilə təsis edilmiş "Ekoloji Mühitin Qorunmasına Görə" Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) təşəbbüsünün təsisçisi Leyla Əiyevaya təqdim ediblər.