Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi gecə saatlarında 9 avtomobilin əzilməsi ilə nəticələnən qəzanın görüntülərini yayıb.

"Unikal" xəbər verir ki, bu yol-nəqliyyat hadisələri gecə saatlarında baş verib.

Paytaxtın Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib. Digər, 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə 1 ədəd svetofor dirəyi yarasız hala düşüb.

Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.

***

11:01

Bakının Nəsimi rayonu, Rəşid Behdudov küçəsində bir neçə avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qəza zamanı bir neçə avtomobilə və piyada səkisinə zərər dəyib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb:

 “Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.  Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.