Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

“Unikal” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib.

“Həmin ərazidə bakterial çirklənmə baş verib. Sanitar-gigiyenik tələblərin pozulması səbəbindən qida məhsulunda zəhərlənmə halının yaranması nəticəsinə gəlmişik. Bu gün artıq qanunvericiliyə uyğun olaraq həmin obyektdə plandankənar yoxlama həyata keçirilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb”, - Agentlik rəsmisi vurğulayıb. 

Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.