Marsel sahillərində yaxtaların və qayıqların təntənəli paradından sonra göyərtəsində "Paris 2024" Oyunlarının olimpiya məşəli olan qədim fransız üç dirəkli yelkənli “Le Belem” gəmisi şəhərin köhnə limanına daxil olub.

"Unikal" xəbər verir ki, canlı yayım Yelisey Sarayının X (keçmiş Twitter) səhifəsində yayımlanıb. 

Gəmi atəşfəşanlıq sədaları və Fransanın “La Marseillaise” himninin sədaları altında limana gəlib. Hərbi təyyarələr şəhərin səmasını üçrəngli fransız bayrağının rənglərinə boyayıb.

2012-ci ildə Olimpiya çempionu, yeddiqat dünya çempionu və doqquzqat Avropa çempionu üzgüçü Florent Manaudou əlində yanan məşəllə yelkənli qayıqdan estakadaya enərək alovu reper Jülə (Julyen Mari) ötürüb.

Mərasim Fransanın əsas Aralıq dənizi limanına 150 minə yaxın tamaşaçı toplayıb. Asayişi qorumaq üçün şəhər rəhbərliyi 6 min polis məmuru və jandarmı səfərbər edib.