“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı buxtasında yelkənli qayıqların paradı təşkil olunub.

"Unikal" xəbər verir ki, parad zamanı yelkənçilər üzərində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar olan qayıqlarla Xəzər dənizinə açılıblar. Onlar dənizdə olduqları iki saat ərzində həm paytaxt sakinləri, həm də turistlərdə böyük maraq yaradıblar.

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Optimist” sinifi üzrə yelkənçilərinin iştirakı ilə baş tutan parada Klubun direktoru Tatyana Serebnaya rəhbərlik edib.

Həmçinin,  Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) genişmiqyaslı ağacəkmə kampaniyası keçirib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində təşkil olunan tədbir ASCO-nun rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə baş tutub.

Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yaşıllaşdırma aksiyası çərçivəsində yerli iqlimə uyğun ümumilikdə 1236 ədəd olmaqla, Eldar şamı və zeytun ağacı əkilib, ərazidəki bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.