Məmurların "maşın biznesi" ilə bağlı qara xəbər
Məmurların "maşın biznesi" ilə bağlı qara xəbər

Avtonəqliyyat vasitələrinin ƏDV və gömrük idxal rüsumundan azad edilməyəcəyi qətiləşdi

Bir müddətdir bəzi KİV-lərdə Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) və gömrük idxal rüsumundan azad ediləcəyinə dair məlumatlar yayılırdı. Bir çoxları bunu maraqlı məqamla izah edirdilər.

Onların fikrincə, əgər həqiqətən belə qərar qəbul ediləcəkdisə, bu ilk növbədə "maşın bazarı"nda pay sahibi olan məmurların maraqlarına cavab verəcəkdi. Çünki bir çox dünyaca məşhur avtomobil istehsalçılarının Azərbaycandakı distrübitorlarına himayəçilik edən bəzi məmurların həmin qərardan xeyli irəli düşəcəkləri aydındır.
Qeyd edək ki, hələ ötən il mətbuat yazırdı ki, Azərbaycanda tam inhisara alınmayan biznes sektoru avtomobil bazarıdır, amma bəzi məmurlar artıq bu sahəni də tam nəzarətə götürmək qərarı veriblər. 2012-ci ilin yayında KİV-lər xəbər verirdi ki, xaricdən ölkəyə maşın gətirilməsinə qeyri-rəsmi qadağa qoyulub və bu, məhz maşın bazarındakı inhisarlaşmaya nail olmaq səylərindən qaynaqlanır. "Son bir neçə aydır ki, Gürcüstandan maşın idxalına süni problem yaradılması bazarın bir əldə cəmləşdirilməsinə hesablanıb. Alıcılar Azərbaycanda 8-10 min manata olan avtomobilləri qonşu ölkədən 3-4 minə əldə edə bilirdilər. Ölkə gömrüyündə isə 2-3 min manat əlavə xərc çıxırdı. İstənilən halda vətəndaş üçün Gürcüstandan maşın almaq sərfəli idi. Artıq Gürcüstan marşrutu dondurulub və maşın bazarı biznesmen-məmurlardan bəzilərinin nəzarətinə keçib. Vətəndaşlara gətirdikləri maşının "Avro-2" standartına cavab vermədiyi, texniki göstəricilərinin normaya uyğun olmadığı bildirilir. Hətta bazarın bir ələ yığılmasından Gürcüstandan özünə avtomobil alanlar yox, daha çox maşın alverçiləri ziyan çəkəcək. Onlara xəbərdarlıq olunub ki, VÖEN açıb bu işlə sahibkar kimi məşğul olsunlar. Fəqət VÖEN açılacağı halda maşın ticarətçilərinin qazanc əldə etmək imkanı məhdudlaşacaq. Çünki onların əldə etdikləri vəsaitin böyük qismi vergi ödəmələrinə sərf olunacaq" - həmin vaxt mətbuat qeyd edirdi.
Bizim mənbələrimiz isə deyir ki, maşın biznesi ilə qeyri-rəsmi məşğul olanlar önündə əngəllərin yaradılması əslində ölkənin avtomobil bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar imiş. Bəzi məmurlar bazardan maşın alverçilərini sıxışdırıb çıxarmaqla öz bizneslərini möhkəmləndirmək, mövcud alıcı potensialını öz müştərilərinə çevirmək niyyəti güdürmüşlər.
Elə son vaxtlar ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin ƏDV və gömrük idxal rüsumundan azad edilməsi yönündə iddiaların ortaya atılması da ona hesablanıbmış ki, müştəri sarıdan korluq çəkən, o üzdən də gəlirləri əhəmiyyətli şəkildə azalan məmur-biznesmenlər bu yolla itirdikləri gəlirləri kompensasiya etsinlər.
Amma dünənki bir rəsmi açıqlama "maşın bazarı"nda paya malik həmin məmurlara qara xəbər kimi qəbul oluna bilər. Belə ki, Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov bildirib ki, Azərbaycana il ərzində 80 mindən artıq minik avtomobilləri və avtonəqliyyat vasitələri idxal olunur. O qeyd edib ki, bu gün ölkədə kifayət qədər avtonəqliyyat vasitəsi var və əhalinin hər 10 nəfərinə bir minik avtomobili düşür: "Ona görə də, avtonəqliyyat vasitələrinin ƏDV və gömrük idxal rüsumundan azad olunması gözlənilmir".
Baş İdarə rəisi həmçinin deyib ki, hazırda ancaq avtomobillərə mühərrikin gücünə görə idxal rüsumu tətbiq olunur və bu, ən optimal variantdır: "Digər variantlar vergidən yayınmalara gətirib çıxara bilər".
Bir sözlə, ƏDV-dən və gömrük idxal rüsumundan azad ediləcəklərini gözləyən maşın biznesinə malik məmurların arzusu gerçəkləşməyəcək. Bu isə onların onsuz da indi yaxşı günlərini yaşamayan maşın bizneslərinin, ölkədə alıcılıq qabiliyyəti ciddi şəkildə yüksəlməyəcəyi təqdirdə daha çətin günlərlə qarşılaşacağının ilk siqnalı kimi qəbul oluna bilər.

Azər Aslan