Məşhur yaşayış massivi ətrafında böyük şok
Məşhur yaşayış massivi ətrafında böyük şok

Masazırdakı ”Yeni Bakı” kompleksinin binalarında çatlar yarandığı ortaya çıxdı

Son vaxtlar Abşeron rayonu ərazisində, xüsusən də Masazır qəsəbəsində baş verən sürüşmə prosesi həddindən artıq ciddiləşib. Artıq iş o yerə çatıb ki, qəsəbə ərazisindəki sürüşmə yaşayış massivlərində, bina evlərində də ciddi təhlükələr yaradıb. Bu barədə redaksiyamıza Masazır sakinləri məlumat verib.
Məlumata görə qəsəbə ərazisində baş verən sürüşmə get-gedə genişlənir. Masazır qəsəbəsində sürüşmənin qarşısının alınması ilə bağlı tədbirlər görülür və problemin həllinə çalışılır. Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar davamlı addımlar atır. Amma, qəsəbənin bəzi ərazisinə cavabdeh olan şəxslər bu barədə heç bir tədbir görmür. Bunu isə Masazır qəsəbəsində yeni inşa edilən və istifadəyə verilən “Yeni Bakı” yaşayış massivinin sakinləri deyirlər. Sakinlər bildirirlər ki, artıq kompleksin binaları təhlükəli vəziyyətə düşüb. Sürüşmə nəticəsində binalarda ciddi çatlar əmələ gəlsə də, yaşayış kompleksinə cavabdeh olan şirkət buna məhəl qoymur.
Sakinlər deyirlər ki, binada çatlar son bir neçə ayda əmələ gəlib. Amma, “Yeni Bakı” Tikinti Şirkətinin rəhbərliyi binaya baxış keçirib bir tədbir görmür (olaylar.az): “Dəfələrlə şirkətə müraciət etmişik ki, bununla bağlı tədbirlər görsün, problem aradan qaldırılsın. Binadakı çatlar get-gedə böyüyür, bunun qarşısı alınmasa bina hər an uça bilər. Binada qorxa-qorxa yaşayırıq. Düzdü, indi çatlar o qədər də təhlükəli olmasa da, amma həmin çatlar get-gedə böyüyür, genişlənir. Əgər bir ay öncə binada istinad divarlarına xırda çatlar düşmüşdüsə, bu gün binanın daxilində də bu çatlara rast gəlmək olur. Həyatımızı göz görə-görə təhlükəyə atırlar. Bu binada bir-iki aya yaşamaq tam mümkünsüz olacaq”.
Sakinlər deyirlər ki, artıq binadakı mənzillərin divarlarında da iri çatlar yaranıb. Bu çatlar isə son bir neçə həftədə əmələ gəlib. Əvvəlki çatlamaların qarşısı alınmadığından artıq mənzillərdə də çatlar yaranmağa başlayıb: “Mənzillərimizdə təmirdən danışılası deyil. Təzə etdirdiyimiz təmir pis günə qalıb. Binada ən azından bu halların, çatların qarşısı alınmalıdır. Başqa çarə yoxdu. Sürüşmə olub, təbii fəlakətdi, ola bilər. Amma, bu biganəlik nədir, onu bilmirik. Şirkət əməkdaşları çatları dəfələrlə görüb, amma heç bir reaksiya verməyib ki, camaat ayağa qalxsın. Məcbur edirlər ki, hansısa aksiya keçirək ki, sonra məsələyə aydınlıq gətirsinlər. Başqa çıxış yolu yoxdur”. Sakinlərin dediyinə görə, hazırda bütün binalarda demək olar ki, çat var. Yaşayış massivinin ikinci korpusunda olan çat isə daha da genişlənməkdədir: “Ərazidə 20-dən artıq bina var. Hər binada 100-ə yaxın ailə yaşayır. Elə bina yoxdur ki, orada çatlar olmasın. Binalar hamısı çatlayıb, mənzillər bərbad vəziyyətə düşmək üzrədir. Burda 2 mindən artıq ailə, 6000-dən çox insan yaşayır. Bu qədər insan hamısı qorxu içində yaşayır. Ailələrin hamısının həyatı təhlükədədir”. Sakinlərin dediyinə görə, yaşayış massivində ən çox və ciddi çatlar ikinci korpusdakı binalardadır. Bu binalarda çatlar daha aydın görünür və daha təhlükəlidir. Binalarda hətta bir neçə yerdə iri çatlar yaranıb.
Ən acınacaqlı fakt isə, yaşayış massivindəki bu hadisənin “Yeni Bakı” Tikinti Şirkəti tərəfindən inkar edilməsidir. Sakinlər deyirlər ki, şirkər rəhbərliyinə bu barədə müraciət edəndə qəribə cavab alıblar. Şirkətdən bildiriblər ki, bina sakinləri əsassız iddialar edirlər və yaşayış massivində heç bir çat yoxdur: “Müraciət edirik ki, binalara baxış keçirilsin və şikayətlərimiz araşdırılsın. Amma, şirkətdən bizə heç bir reaksiya verilmir. Nə şikayət araşdırılır, nə də binaya baxış keçirilir. Bu şirkət yalnız baha qiymətlərlə kommunal xərclərini yığmaqla məşğuldur . Başqa heç bir iş görmək istəmir. Başqa ərazidəki mənzillərdə kommunal xidmətlərdən 4-5 dəfə artıq pul yığılır. Amma bu pulla heç bir iş görülmür”.
Sakinlər məcburiyyət qarşısında qalıb məsələ ilə bağlı ölkə rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara müraciət hazırlayıb. “Yeni Bakı” sakinləri həyatlarının təhlükədən qurtulması üçün imdad diləyir.
Ülviyyə Qasımlı