Almaniyadan Qarabağ təklifi
Almaniyadan Qarabağ təklifi

Məsələ BMT-yə çıxarılsın

Son 2 ay ərzində Dağlıq Qarabağ problemi yenidən ciddi müzakirələr mərkəzinə düşüb və hazırda üç istiqamətdə problemlə bağlı müzakirələr aparılır. Bir tərəfdən Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçilik edir, yeni status formalaşdırmağa çalışır,digər tərəfdən isə Ermənistanın güclənməsinə nail olur. ATƏT-in Minsk qrupu isə atəşkəsin qorunması xəttini tutub və hələ uzun müddətdə bu davam edəcək.

ABŞ isə Azərbaycanla müttəfiqliyi dərinləşdirərək regionda təsirini artırır. Amma bu günlərdə maraqlı bir təklif Almaniyadan gəldi."BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün çağırışlar edib. Bu çağırışa Avropa İttifaqı və ATƏT də qoşulub".Bu fikirləri Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber (Peter Tauber) Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq deyib.Deputat bildirib ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir: "Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir. Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır.Gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur". Maraqlıdır,bəs alman deputatın dedikləri reallığa çevrilə bilərmi? Ekspertlər bildirir ki, əslində Azərbaycanın BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması ölkənin BMT-də manevr imkanlarını genişləndirir. Amma başqa bir reallıqda var ki, Təhülkəsizlik Şurasının daimi üzvləri buna dəfələrlə əngəl törədiblər. Belə ki, ATƏT-in Minsk qrupunun üzvü olan üç ölkənin hər biri BMT-də söz sahibidirlər və hesab edirlər ki, məsələ BMT səviyyəsinə qaldırılarsa aparılan danışıqlar səmərəsiz olacaq. Fakt isə budur ki, illərlə aparılan danışıqlar heç bir nəticə verməyib. Yəni tam səmərəsizlikdir. Buna görə də hesab edilir ki, Azərbaycan öz arqumentlərini ortaya qoymalı və məsələnin BMT həddində müzakirəsinə nail olmalıdır. Ən azından məsələni BMT həddinə qaldırmaqla ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə nail ola bilər. Tutalım elə Almaniyanın və yaxud Böyük Britaniyanın ATƏT-in Minsk qrupuna daxil olmasını təmin etmək mümkünləşər. Çünki bu gün üç həmsədrdən ikisi, Fransa və Rusiya açıq şəkildə Ermənistanla müttəfiqdir və danışıqlar prosesində Ermənistana heç bir şəkildə təzyiq edilmir. Amma Almaniya və Böyük Britaniya həssas məqamda neytrallıqlarını qoruyub saxlaya bilirlər. Ekspertlər buna görə hesab edir ki, Azərbaycan artıq bu məsələnin üzərində işləməli, elə Avropa ölkələrinin özünü də bu işə qoşmalıdırlar. Bunun üçün isə Avropa İttifaqı və Avropa Şurası kimi tribunalardan istifadə etmək olar.
Fuad