Milli Şura yaranmamış dağılır
Müxalifət düşərgəsinin "siyasi hava"sı haqqında verilən proqnozlar özünün təsdiqini tapmaqdadır. Hər seçki ilində reneqat və dağıdıcı ünsürləri toplayıb mitinq-yürüş həvəsinə düşənlərin bir-birindən mahiyyətcə fərqlənməyən təşkilat yaratmalarının şahidi olan geniş ictimaiyyət bu dəfə də "Milli şura"nın ömrünün qısa olacağını xeyli öncə söyləmişdi. Ona görə deyiblər ki, xalqın gözü tərəzidir.
"EL"dən əl-ayağı üzülən reneqatlar müxalifət "libası" geysələr də, özlərinin tamamilə məkrli niyyətlərini gizlədə bilmədilər. Məlum oldu ki, hələ formalaşmamış bu şura əsl qarışdırma və qarşıdurma düşərgəsi imiş. İndi burada qarışdıranlarla qarşıdurmaya gedənləri ayırd eləmək problemə çevrilib. Bilinmir ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlidir reneqatların yağlı vədlərinə aldanan, yaxud əksinə. Fakt budur ki, hələ "gözünü açmamış" "Milli şura"nın yaradılmasında məqsədin nədən ibarət olduğu ortaya çıxdı. Demək, "Milli şura" artıq fiaskoya uğrayır. Bədii sənətini siyasi kuluarlarda itirən, reneqatların dəstavuzuna çevrilən, köhnə "maxinasiyaları"nı ört-basdır etməyə cəhd göstərən Rüstəm İbrahimbəyov bir müddət pərdə arxasında "suflyorluq"la məşğul oldu.
Siyasi oyunbazlar obrazında cəmiyyətə, əslində müxalifət düşərgəsinə sırıyan "qocaman ssenarist"in tragikomediyasının "baş rolun"un ifaçıları özlərini, az qala, ölkədə əsas fiqur hesab etməyə başladılar. Sən demə, "Milli şura"nı yaratmaqda məqsəd ayrı-ayrı siyasi qurumların birliyini təşkil etmək deyil, reneqatlarla radikal müxalifətin dağıdıcı qolları öz iddialarını gerçəkləşdirmək imiş. Bu "gizli sevda" aşkar olunanda geniş ictimaiyyət, hətta digər siyasi partiyalar və QHT-lər də hər iki tərəfə mənfi münasibətini gizlətmədi. Bax elə düşərgədəki qarışdırma və qarşıdurma da məhz bununla özünü göstərməyə başladı.
Sabiq kinorejissor, deyəsən, fantastika ilə real həyat hadisələrini səhv salır. "İctimai Palata"dan xəstə çıxanları "EL"də birləşdirə bilməyən R.İbrahimbəyov bununla Eldar Namazova verdiyi vədin reallaşmadığını görüb siyasi naşılığını ört-basdır etmək üçün millilikdən çox uzaq "Milli şura" yaratmaq qərarına gələndə artıq o, "əsərin baş qəhrəmanı" obrazında Lalə Şövkəti gördü. Ona görə də Moskvadan ona telefon açaraq "Milli şura" ilə bağlı razılıq almaq istədi. Yəqin ki, Eldar Namazova alternativ kimi o da Lalə Şövkətə vəd verib. Bununla da şuraya həmmüəllif, prezidentliyə namizəd üçün isə alternativ tapdığını düşünüb. Amma o, bu dəfə də yanıldı.
"Milli şura" "filmi"nin ssenarisinin həmmüəllifliyi müxalifətə də baha başa gəlib. Belə ki, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının "Milli şura"ya etibar etməməsi, İsa Qəmbərin toplantıya könülsüz qatılması da bunu bir daha təsdiqləyir. "Baş müsavatçı" onsuz da belə bir qurumun müxalifətlə reneqatları bir araya gətirəcək qüvvədə olmadığını əvvəlcədən də yaxşı bilirdi. AXCP sədri Əli Kərimli ilə bütün hallarda eyni mövqedən çıxış etməyən Müsavat başqanının oynadığı roldan baş çıxaran da, çıxarmayan da indi çaş-baş qalıb. Dəyişkən mövqe nümayişi isə yalnız adları çəkilən partiya funksionerlərinə aid deyil. Hələ ideya halında olan "Milli şura"nın ölü doğulacağını "proqnozlaşdıran"ların arasında KXCP, ACP və ALP-nin də adları var. "Milli Şura"nın Şimal qütb dairəsinin sifarişi əsasında yaradılmasını iddia edən və onun rusiyapərəst qüvvələrin məqsədlərini ifadə edəcəyinə şübhə ilə yanaşmayan bu kimi müxaliflərin birdən-birə "mövqe"lərində "düzəliş" etmələri düşərgədə xoşagəlməz ab-havanın yaranmasına səbəb amillərdən sayılır. "Sözünün ağası" olduqlarını daim iddia edənlərin sürüşkən mövqeləri birmənalı şəkildə qurum ətrafında formalaşan antisimpatiyanı bir qədər də genişləndirib. Adları çəkilən siyasi partiya rəhbərləri şurada təmsil olunmağa əvvəllər tələsmədilər. Lakin sonradan onların bəzilərinin könülsüz şəkildə, hətta sədr müavini səviyyəsində toplantıya qatılmaları, yaxud telefonla əlaqə saxlamaları da bir qədər müəmmalı görünür.
ACP sədri Rəsul Quliyevin isə "Milli şura"da fərdi qaydada, yalnız özünün təmsil olunması təklifi isə baş tutmadı. Bundan sonra ACP-nin siyasi qurum kimi "Milli şura"nın "formalaşma" prosesinə qatılmasına razılıq verildi.
Məsələnin həllinin müşküllüyü yalnız söylənilənlərdən ibarət deyil. May ayının 28-dən sonra şura üzvlərinin bir araya gələ bilməməsi də qarşıdurma vəziyyətində olan müxalifətin daxilindəki gizli mətləblərdən xəbər verir. Müsavat başqanının artıq vahid namizəd təbliğatı "İctimai Palata" kimi, "Milli şura"nın da axırına çıxır. Əsas heyətin Müsavat və AXCP-dən ibarət olacağını düşünənlərlə bu qurumdan öz şəxsi məqsəd və siyasi ambisiyalarını gerçəkləşdirəcəklərini düşünənlərin ümidləri puç olur. Könüllü-könülsüz halda "Milli şura"nın yaradılmasını tələm-tələsik elan edənlərin son peşmançılığının fayda verəcəyi də mümkünsüzdür. Burada "böyük-kiçik məsələsi"nin yer bölgüsündə vacib faktor rolunu oynadığı göz qabağındadır. Artıq indidən Müsavat başqanının özünü müxalifət düşərgəsinin vahid namizədi qismində təbliğ etməsi də "pay bölgüsü"ndə "küsənlərin" sayının artmasına səbəb olacaq. Beləliklə, "qazanı qarışdıranlar"la araqızışdıranlar (reneqatlar) tragikomediyanın kulminasiya nöqtəsinə yaxınlaşır. Bu isə istənilən halda "İP"-in "MŞ"-də kələfinin daha da dolaşacağı deməkdir. Demək, "Milli Şura"da qarşıdurmaya aparan yolda hələlik "sarı işıq" yanır. Bu xəbərdarlığın kimdən-kimə edildiyi də sirr deyil. Məsələ bundadır ki, hər kəs özünün iddialarında israrlı görünür, bu isə sonu məğlubiyyətlə bitən, acı gülüş doğuran tragikomediyaya bənzəyir.
Fuad