Biznesmen-məmurlara şok xəbər
Biznesmen-məmurlara şok xəbər

Seçkidən sonra onları hansı sürpriz gözləyir?

Xəbər verildiyi kimi, bu ilin fevralında parlamentin müvafiq komitəsindəki müzakirələrdən sonra məmur və deputatların biznes fəaliyyətini qadağan edən qanun layihəsi keçmədi. Belə ki, onların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan təklif geri qaytarıldı.

Bəs görəsən, Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavə qəbul olunmayıb? Ən əsası, bu məsələni qapanmış saymaq olarmı?
Həmin vaxt Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdi ki, layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunur. Müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxıblar.
Bəzi millət vəkilləri buna sərt reaksiya vermişdilər, məsələn, deputatlardan Rafael Cəbrayılov bildirmişdi ki, vəzifəli şəxs vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, bizneslə məşğul olması ciddi cinayət faktı törətmir: "O, vəzifəsindən sui-istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq eləmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzaqlaşdırıla bilər".
Amma bizim etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata görə, bu mövzunu heç də qapanmış saymaq olmaz. Çünki məlum qanun layihəsinin qəbul edilməməsi seçki ili bağlı olub. “Bu qanunun qəbulunun əksəriyyəti bizneslə məşğul olan məmurlarda və millət vəkillərində ciddi narazılıq yaradacağı nəzərə alınıb. Hesab edilib ki, seçki ilində bu, hökumətə əlavə başağrısı yarada, məmur korpusunda parçalanmalara gətirib çıxara bilər. Ona görə də biznesmen məmur və deputatlara yasaqların gətirilməsi məqbul sayılmayıb. Amma bu, həmin məsələnin tamamilə gündəmdən çıxarılması anlamına gəlməməlidir” deyə mənbəmiz bildirib.
Belə ki, qaynağımızın sözlərinə görə, onda olan məlumatlarda vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün yeni qanun hazırlandığına dair bilgilər var: “Həmin qanun layihəsində qeyd olunan problemin həll olunması, sərhədlərin müəyyən edilməsi üçün kifayət qədər şərait yaradılacaq. Yəni əslində məmur və deputatlara biznes yasağının gətirilməsi tamamilə realdır. Bunun ən geci parlamentin növbəti qış sessiyasında müzakirə edilərək qəbul olunması tamamilə mümkündür”.
Xatırladaq ki, onsuz da ölkənin ali qanununda, digər qanunvericilik aktlarında deputat və məmurların biznes fəaliyyəti ilə məşğul olması yasaqdır. Amma bu yasaqların sərtləşdirilməsi və sərhədlərin konkretləşdirilməsi vacibdir. Çünki məmurlar və deputatlar hazırki qanunverici tələbdən asanlıqla yan keçməyə cəhd edir və buna rahatca nail olurlar. Ailə üzvlərinin, dostlarının, bəzən tamamilə yad şəxslərin adlarına bağladıqları biznes və mülkiyyətə sahib vəzifəli şəxslərin varlığı kimsəyə sirr deyil.
Nəticədə onlar qanunların başqa tələblərini də nəzərə almamış olurlar. Məsələn, bir neçə ildir ki, gəlir deklarasiyaları təqdim etməklə bağlı qanun qəbul edilib, amma bu vaxta qədər bu mexanizm işə düşməyib, hətta bu günə qədər onun forması da müəyyən edilməyib.
Amma proseslərin gedişi deyəsən, biznesmen-məmurlar üçün heç də ürəkaçan deyil. Onların illərdən bəridir davam edən bu qanunsuz, özbaşına biznes fəaliyyətlərinə son qoyulacağına dair inam hazırda böyükdür. Odur ki, gəlin payızdakı prezident seçkilərindən sonrasını gözləyək. Hər şeyə yəqin ki, həmin vaxt tam aydınlıq gələcək.
Qalib Qabiloğlu