Ermənistan sürətlə silahlandırılır

Ermənistan sürətlə silahlandırılır

Rusiyadan yeni addım
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 7-də Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və məzmunu müzakirə olunub.Nazir deyib ki, vasitəçilər prezidentlərin görüşü ilə bağlı fəaliyyətlərini davam etdirirlər: “Amma biz istəyirik ki, görüş məzmunlu olsun, görüş xatirinə görüş keçirilməsin”.
E. Məmmədyarov onu da deyib ki, həmsədrlərin planlarına əsasən, iyunun sonunda onlar yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək istəyirlər: “Hələ məlum deyil ki, bu görüş hansı formatda olacaq. Hələlik bununla bağlı müzakirələr gedir. Onlar yenə də regiona gələ bilərlər. Hər halda belə bir görüş iyunun sonu üçün planlaşdırılır”. Amma deyəsən bu görüşlərin heç bir mənası olmayacaq. Çünki artıq bir ilə yaxındır ki, Rusiya regiona təsirini artırıb və demək olar ki, gözlənilmədən Ermənistanı silahlandırır. Qısa müddətdə Ermənistandakı hərbi bazalarını gücləndirən Rusiya eyni zamanda Ermənistanın hava hücumundan müdafiə sistemini də demək olar ki, yenidən qurdu. Amma bununla kifayətlənmək niyyətində deyil. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan ölkə ərazisində Rusiyanın yeni hərbi bazalar açacağını bildirib. O, Gümrüdəki 102-ci hərbi bazadan əlavə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Aviasiya Bazasının yaradılacağını bildirib. Bundan əlavə, KTMT-nın birləşmiş qüvvələrinin Zaqafqaziya birləşməsi və operativ-taktiki qüvvələrin yerləşdirilməsi ilə bağlı müzakirə aparılır. “Rusiya ilə hərbi sahədə münasibətlərin möhkəmləndirilməsi siyasətimizdə əsas prioritetlərdəndir”, – deyə Artur Baqdasaryan əlavə edib. Bunu da qeyd edək ki, Ermənistanın aviasiya bazasını yeniləndirən Rusiya,Azərbaycana ümumiyyətlə qırıcı təyyarə satmağa yasaq tətbiq etdi. Beləliklə də bir tərəfdən danışıqlar gedir, bu biri tərəfdən Rusiya regionda status-kvonu pozmağa çalışır. Yəni Ermənistanın hərbi gücü artarsa bu sözsüz ki, danışıqlar prosesinə mənfi təsir göstərəcək. Bunu da qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Ermənistan iqtisadi baxımdan çökür və bu çöküşə görə Ermənistan gec-tez sülhə razılıq verəcək. Amma bu gün Rusiya Ermənistanı düşdüyü vəziyyətdən çıxartmağa çalışmaqla balansı pozur. Çox qəribədir ki, Rusiyanın Ermənistanı silahlandırmasına beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Bu arada aydın oldu ki, Ermənistan Silahlı Qüvvələri CAR-ın “Truvelo” şirkətinin istehsalı olan 12,7 mm çaplı “Truvelo” snayper tüfəngləri alıb. Ermənistan Ordusunun silahlanmasında yer alan snayper tüfəngləri artıq nümayiş etdirilib.Bundan başqa, Ermənistanın Fransadan satın aldığı PGM.338 və İngiltərə istehsalı olan “Accuracy International Arctic Warfare” snayper tüfəngi də nümayiş olunub.Snayper tüfənglərinin Ermənistan Ordusunun xüsusi təyinatlılarının istifadəsində olduğu bildirilir. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Silahlı Qüvvələri də “Truvelo.50” snayper tüfəngi alıb. Lakin Azərbaycan şəraitində bu tüfəng özünü doğrultmayıb.
Toğrul