Hesablama Palatasından iki icra başçısına şok
Hesablama Palatasından iki icra başçısına şok

Proses davam edəcək, başqa rayonların rəhbərlərini də çətin günlər gözləyir

Azərbaycanda bəzi rayon icra başçıları üçün seçki öncəsi və sonrası çətin keçəcək. Bu barədə redaksiyamızı adının açıqlanmasını istəməyən etibarlı mənbə bilgiləndirib.
Mənbənin sözlərinə görə, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində çeşidli rayonların icra hakimiyyətləri başçıları haqqında şikayət xarakterli müraciətlərin intensiv yer alması, müxtəlif tənqidi materialların üstünlük təşkil etməyə başlaması təsadüfi deyil: "Bu, seçkiyədək sosial-itqtisadi problemlərin, narazılığın korrupsiyanın yüksək olduğu rayonların rəhbərlərinin "vurula" biləcəyinin siqnalı sayıla bilər. Bununla da həmin rayonlarda yerli rəhbərlikdən narazı kütlələrin hökumətdən incik düşməsinin qarşısı alınacaq".
Mənbəmiz qeyd edib ki, icra başçıları ilə bağlı daha kəskin addımların isə prezident seçkilərindən sonra atılacağı proqnozlaşdırılır: "Artıq rayonlara təsadüfi, ayrı-ayrı iri məmurların himayədarlıq etdiyi adamların təyinatından vaz keçiləcək, bürokratik baxımdan xeyli təcrübəli, mümkün olduğu qədər təmiz reputiasiyalı və müasir idarəçilik təfəkkürünə malik kadrların önə çəkilməsinə start veriləcək. Bir sözlə, hökumətdə "qocalar"la gözlənilən vidalaşmanın yerli icra hakimiyyətləri rəhbərləri ilə bağlı da baş verəcəyinə dair şübhə yoxdur, artıq bununla bağlı siyasi qərar verilib".
Maraqlıdır ki, biz bu yazını hazırlayarkən maraqlı bir məlumat yayıldı. Həmin məlumat Hesablama Palatasına aiddir. Belə ki, Hesablama Palatasının növbəti dəfə Kollegiya iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsinin "Sosial müdafiə və sosial təminat xərcləri" bölməsi üzrə vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticəsi üzrə hesabat və rəy geniş müzakirə edilərək təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin gəlir və xərclərinin icrasına, dövlət büdcəsinin yerli xərclərindən Sabirabad Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan Ağcabədi və Tərtər rayon İcra Hakimiyyətlərinə ayrılan vəsaitlərdən istifadə üzrə Audit proqramları da təsdiq edilib.
Məlumatın son bölümündən də aydın görünür ki, artıq indidən ayrı-ayrı rayon icra hakimiyyətləri ilə bağlı gərəkən təftişlər aparılır və sonradan bunlar dosye şəklinə salınaraq qiymətləndiriləcək. Məhz həmin qiymətləndirmələr də icra başçıları üçün həlledici olacaq. Bir az da konkretləşdirərək bildirək ki, onların gələcək taleyi məhz aparılan və aparılacaq təftişlərin nəticələrindən birbaşa asılıdır.
Mənbəmiz isə bildirir ki, bundan artıq bəzi rayon icra hakimiyyətlərinin rəhbərləri də məlumatlıdır, odur ki, Hesablama Palatasının təftişi onlarda ciddi əndişələr yaradır. Artıq hətta bəzi iri məmurların öz nəzarətlərindəki icra başçılarını gözlənilən təhlükə barədə xəbərdar etdikləri bildirilir.
Azər Aslan