Hacıbala Abutalıbovdan açıq kafelərə hücum
Hacıbala Abutalıbovdan açıq kafelərə hücum
Bakının mərkəzindəki belə kafelər hara yoxa çıxır?

Son günlər paytaxtın mərkəzində açıq kafeləri sanki külək sovurub aparıb. Belə ki, Nizami küçəsində insanların çox olduğu yerlərdəki "Şaurma N 1" və "Mado" kafeləri yoxa çıxıb. Onların qarşısındakı stol və stullar, üzərindəki çətirlər yığışdırılıb, xidmət yalnız içəridə göstərilir.
Həmin obyektlərin administrasiyasında bunu "yuxarılar"ın göstərişi ilə izah edirlər, lakin məhz kimin sərəncamı əsasında icra olunduğu söylənilmir. Bildirilir ki, bu, "şəhərin görünüşü"nün saxlanması ilə əsaslandırılır. Amma bu əsas o qədər də ciddi görünmür, çünki məsələn, Shaurma-1-in yanında yerləşən Double Cafe-nin açıq hissəsi "şəhərin görünüşü"nə heç bir ziyan vurmur.
Bağlanan kafelərin əməkdaşları etiraf edirlər ki, açıq meydançaların yığışdırılması onların biznesinə zərbə vurub. Onlar həmçinin bu tədbirlərin böyük ehtimalla keçici olduğunu diqqətə çatdırıblar.
Kafelərdən birinin əməkdaşının sözlərinə görə, Bakı Abadlıq İdarəsindən gəliblər. "Bizim sənədlərdə heç bur problem yoxdur, odur ki, açıq havada xidmət göstərilməsini davam etdiririk", - o bildirib.
Yeri gəlmişkən, bir müddət öncə bakılılar Hacıbəyov küçəsindəki "Mamounia" elit restoranının açıq hissəsinin gözlənilmədən texnika vasitəsilə dağıdılmasından təəccüblənmişdilər.
Səbail Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib və mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə müraciət etmək tövsiyə olunub. Lakin bu qurumdan da şərh almaq mümkün olmayıb.
Ehtimal edilir ki, Bakının mərkəzindəki kafelərin açıq hissəsinin qapadılması şəhər meri Hacıbala Abutalıovun göstərişi ilə həyata keçirilir. Bunu ərazinin yerləşdiyi Səbail Rayon İcra Hakimiyyətinin məsələyə aydınlıq gətirilməsi üçün meriyanın məsul departamentini nişan verməsi də təsdiqləyir.

Günel Əkbər