İçki Azərbaycan şairlərini nə hala salır?
İçki Azərbaycan şairlərini nə hala salır?

Sənət adamlarının, xüsusilə şair-yazıçı tayfasının içkiyə meyli və sərxoşluğu cazibəli mövzu olub həmişə. Məsələn, bizim ədəbiyyat tariximizdə roman-hekayədəki içki məclisləri və ya içkili yazar obrazı daha azdı, nəinki yazarların bir-birilərinin sərxoşluğu barədə yarızarafat-yarıgerçək danışdığı hekayətlər.
Qərara alıram ki, bizim nəslin içkiyə münasibəti barədə məlumatları şifahilikdən qurtarıb, bu mövzunu yazılı-tarixi hala gətirim. Qoy, müqəyyəd olsun ol azad gördüyünüz könlüm (bunun məsələyə dəxli yox idi amma)
Yazının işlənmə şəklini mənə içkinin yazarlarımıza təsiri diqtə elədi. Düşündüm ki, ən yaxşı variant bizim yazar dostları onların içkili hallarına, içəndən sonrakı "fəaliyyətlərinə" görə bəndlərə bölməkdir. Beləliklə:

İçib ağlayanlar:
Bu bölgüyə əslində hamımız aid oluna bilərik. İçki yazarın içindəki əsl "adamı" üzə çıxarır axı. Hər yazarın da içində bir fağır, küsəyən uşaq olur və bəzən birinci arağın ikinci yarısında o uşaq üzə çıxır.
Amma içib ağlayanların ilk üçlüyünü qanuniləşdirsək: Aqşin Yenisey, Günel Mövlud və Mövlud İsmayıl. Bu adamlar içəndən sonra ağlamadısa, deməli, içki onları tutmayıb.

İçib şənlənənlər:
Yazarın içəndən sonra şənlənməyi çox qəribə olsa da, aramızda belələri də var. Məsələn, ayıq vaxtı qaşqabağı açılmayan Seymur Baycan. İçməyəndə istənilən zarafat söhbətə bir ciddilik qatmağı, o zarafata bir Haydegger gözü ilə baxmağı özünə borc bilən qaqam Qan Turalı. Bir də ayıq vaxtı adama eynəyinin üstündən pis-pis baxan, "Rəşad Məcidin kadrı" şair Qismət Rüstəmov .
Bunlar içəndən sonra keçi kimi şən olurlar. Yəqin ki, mən heç vaxt başa düşə bilməyəcəm ki, bu adamları içəndən sonra güldürən nədir? Və yaxud o nədir ki, ona ancaq içəndən sonra belə gülmək, sevinmək olar?

İçib qəzəblənənlər:
Bu siyahını yazmağa qorxsam da, gərək sözün düzünü deyəsən. Tanıdığım yazarların arasında iki belə şair var. Salam Sarvan və yayma xəngəl ustası, dostum Elnur Astanbəyli.
Birincisinin qəzəblənməyi olduqca təhlükəlidir. Çünki Salam bəy masaya oturanda əlini kürəyinə vurub: "Mən əlimi sənin kürəyinə vurub, əminliklə deyə bilərəm ki, sən yaxşı şairsən" dediyi adamı yarım litr içəndən sonra "vaabşe sən niyə şeir yazırsan eee!" deyə şapalaqlaya da bilər.
Elnur Astanbəyli də babat qəzəblənir, amma o xislətcə özünün dediyi kimi, "dava adamı olmadığı" üçün və eynəyinin dava vaxtı zədələnəcəyindən bərk çəkindiyi üçün belə şeylərə girişmir. Onunku elə ağzını boş qoyub qəzəbi tutduğu adamı ictimai-siyasi məsələlərdə mövqesizlikdə, ikiüzlülükdə, nala-mıxa vurmaqda ittiham eləməkdir.

İçib ofisiant döyənlər:
Məncə, bu bölgü həmişə təkadamlıq qalacaq. Çünki içəndən sonra ofisiantı düşmən gözündə görüb, ondan "öc almağı" özünə borc bilən tək yazar hələ ki, Şərif Ağayardır. Onun ofisiant döymək həvəsi və yanğısı elə güclüdür, hərdən mənə elə gəlir ki, Şərif içəndən sonra Laçının alınmağınn günahını başının üstündə qulluqpərgarcasına dayanmış arıq-uruq, fağır ofisiantda görür.
Arada Aqşin də bir-iki dəfə ofisianta cummaq istəyndə bulundu, amma rastına çıxan ofisiantlar özündən canlı-cürəpəli oduğuna görə bu niyyəti uğursuz oldu. Büzüşüb oturdu yerində.

İçib doymayanlar:
Təəccüblənməyin - belə bölgü də var. Belə adamlar litrlərlə araq, viski, konyak bir sözlə, "sovet sənayemiz nə istehsal eləsə" - ondan içsələr də, içkidən doymur və sərxoş olmurlar.
Bu siyahıya hələ ki intiharlar mövzusunun "inhisarçısı" Cəlil Cavanşir və özündən başqa heç kimin başa düşmədiyi iki kitab müəllifi sənətşünas Elçin Əlibəyli başçılıq edir.

İçib "Həci" olanlar:
Bu əslində çox içməyin nəticəsidir. Əllərimi müdrikcə qoynumda çarpazlayıb, gözlərimi məchullara zilləyərək düşünəndə görürəm ki, bizim yazı-pozu adamlarının cavanlıqda ən yaxşı içənləri, ən dava-şavalıları, ən çox içib-qusanları - hamısı yaşlanandan sonra müqəddəs ocaqlara gedib, tövbə edərək, bir dini "zvaniya" alır və "içkinin istefada olan zabitlərinə" çevrilir.
Bu "içkinin istefada olan zabitləri" siyahısına isə Qənimət Zahid başçılıq eləyir.

İçib mədəniləşənlər:
Belə şeylər adətən doğrudan da xislətcə olduqca mədəni, böyük-kiçik yeri bilən, nəzakətli adamlarda baş verir. Amma bu hal, sadaladığım içki təsirləri arasında ən manısızıdır ki, bu halı da mən hələ ki, iki adamda - oğlum Elmin Həsənlidə və naşir Şahbaz Xuduoğluda müşahidə eləmişəm.
Günel Mövlud