Milli Şura: müvəqqəti, yoxsa daimi birlik?..
Milli Şura: müvəqqəti, yoxsa daimi birlik?..

Qurumdan istefalar labüddür, birlik hazırkı tərkibini qoruya bilməyəcək

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Milli Şura ilə bağlı mövqeyini açıqlayıb. Şuranın üzvü olan Həsən bəy quruma böyük ümidlərlə yanaşır, uzun ömürlü olacağını bildirir. Şuranın əhəmiyyətindən danışan veteran cəbhəçi yazır:

"Bu qurum, demək olar ki, bütün müxalifət spektrini əhatə edir. Başqa sözlə, müxalifətin ənənəvi bəladan - iki-üç yerə parçalanmaq təhlükəsindən canı qurtuldu. İndi o, vahid və bütövdür. Hamı bir yerdə məsuliyyəti bölüşür (qələbəni də, iraq olsun, məğlubiyyəti də).Təkəbbürdən və lovğalıqdan hələ xilas ola bilməyən bizlər deyə bilməyəcəyik ki, bu qələbə "mənim" xidmətimdir. Burada söhbət bizdən gedəcək".
AXCP AM sədri diqqəti MŞ sədri R. İbrahimbəyovun fikirlərinə çəkir: "İbrahimbəyov demişdi ki, MŞ ancaq seçki üçün nəzərdə tutulmayıb". Həsən Kərimov deyir ki, nə qədər YAP hakimiyyəti mövzu olacaqsa, Milli Şura da olacaq. Bu məsələdə Həsən bəy müxalifətçi elektorata nə qədər ümidsizlik aşıladığının fərqində deyil. Onun fikri o anlama gəlir ki, Milli Şuranın işi hələ çox uzundur. AXCP yetkilisi narazı elektoratda ümid yaratmaq üçün əksinə, belə deməli idi ki, Milli Şura payızda missiyasını başa vuracaq. Həsən bəyin yazısı onu göstərir ki, müxalifətin özündə belə Milli Şuranın perspektivinə inam o qədər güclü deyil. Həsən bəyin yazısı əslində Şuradan çıxmağa çalışan, bunun üçün bəhanə axtaran, fürsət gözləyən Müsavata ünvanlanmış mesajdır. AXCP-də Müsavatın Milli Şuradan çıxacağını gözləyirlər. Bilirlər ki, bu, gec-tez baş verəcək. Ona görə də bütün təbliğat buna yönəlib. AXCP bu mərhələdə Milli Şuranın güclənməsini gözləyir. AXCP bütün gücü ilə çalışır ki, şura vahid namizəd məsələsində vahid qərara gələ bilsin. AXCP bu mərhələdə Rüstəm İbrahimbəyovun namizəd olmasına da razıdır. AXCP sədri Əli Kərimli yaxşı bilir ki, İbrahimbəyov prezidentliyə namizəd ola bilməyəcək. Çünki hüquqi baxımdan bu, mümkün deyil. Prezidentliyə namizəd olmaq üçün vətəndaş 10 il ölkədə yaşamalıdır. Kinodramaturq isə 10 il daimi olaraq Azərbaycanda yaşamayıb.
Böyük ehtimalla, MSK İbrahimbəyovu namizəd kimi qeydə almayacaq. O zaman Milli Şura başqa namizədin üzərində dayanmalıdır. Eldar Namazovu Müsavat və AXCP qəbul etməyəcək. O halda ya İsa Qəmbərin, ya da Əli Kərimlinin namizədliyi olacaq. Milli Şuranın qurulmasında, formalaşmasında İbrahimbəyova verdiyi dəstəyə görə, AXCP sədrinin namizəd olmaq üçün avantajı var. Yəqin ki, Milli Şura rəhbərliyi elə AXCP sədrinin üzərində dayanacaq. O halda Müsavatın mövqeyi nədən ibarət olacaq? İsa Qəmbər prezidentliyə namizədlik iddiasını davam etdirsə, Milli Şuradan kənar fəaliyyət göstərsə, bu, separatçılıq kimi qiymətləndiriləcək. Əks halda, Müsavatdaxili qruplar İsa Qəmbərə qarşı hərəkətə keçəcəklər. Müsavat daxilində bölünmə gerçəkləşərsə, partiya Milli Şura daxilində uzun müddət fəaliyyət göstərə bilər. Əks halda, Müsavat bütövlüyünü qorumağa çalışacaqsa, o zaman Milli Şura ilə yolları ayırmalıdır.
Müsavat Milli Şuranı tərk edərsə, təkbaşına fəaliyyət göstərməyəcək və Milli Şuradan kənarda qalmış digər partiyalarla birlik yaradacaq. Bu isə müxalifətçi elektoratın parçalanması deməkdir. Milli Şura Həsən Kərimovun dediyi kimi uzunömürlü ola bilər, amma bu tərkibini qoruya bilməyəcək.