Nəcməddin Sadıqov hədəfə gətirilir
Nəcməddin Sadıqov hədəfə gətirilir

Genralın vurulması Səfər Əbiyevin sonu olacaq

Bir müddət öncə müdafiə naziri Səfər Əbiyev hədəfə alınmışdı və demək olar ki, onun istefaya göndərilməsi an məsələsi idi. Belə ki, orduda əsgər ölümünün artması qabardılmışdı və bununla bağlı bir neçə aksiyada təşkil edildi. Qeyd edilirdi ki, orduda generallar iki yerə bölünüb və Səfər Əbiyevin rəqibləri artıq qələbə qazanmaq üzrə idi. Səfər Əbiyevə qarşı çıxan generallar isə prezidentin hərbi köməkçisi Vahid Əliyev, sərhəd qoşunları komandanı Elçin Quliyev başda olmaqla bir qrup yüksək çinli məmurdan təşkil olunmuşdu.

Amma həmin vaxt Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqov Səfər Əbiyevə dəstək verdi və prosesləri öz xeyirlərinə dəyişə bildilər. İndi isə məsələ yenidən gündəmə gəlir. Belə ki, Millət vəkili Qüdrət Həsənquliyev çox maraqlı bir məsləyə toxunub. “1993-cü ildə Gəncədə qiyam baş verərkən indi Müdafiə Nazirliyinin tərkibində təmsil olunan bəzi şəxslər o vaxtda çox yüksək postları tuturdular. Amma çox təəssüf ki, o vaxtlar Ali Baş Komandanı dəstəkləmədilər və qiyam baş verdi. Onlar bu gün də Müdafiə Nazirliyində çox yüksək rəhbər postlarda təmsil olunurlar. Baş verənlərdən çox narahatam və hər hansı bir qarşıdurma baş verərsə, onda həmin adamlar yenə də Ali Baş Komandanın əmrini icra etməyəcəklər. Ona görə təklif edirəm ki, hökumətin tərkibi müzakirə olunarkən, Müdafiə Nazirliyinin tərkibində milli kadrlar seçilsin və tərkib yenidən formalaşsın. Müdafiə Nazirliyinin tərkibində ciddi struktur dəyişikliyi olmalıdır”, – deyə Q. Həsənquliyev bildirib.
Müşahidəçilər hesab edir ki, Qüdrət Həsənquliyev bu açıqlamanı təsadüfdən verməyib və məsələ kifayət qədər şişəcək. Belə ki, son zamanlar Rusiya-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib və artıq hakim düşərgədə ordu ilə bağlı müəyyən şübhələr yaranıb. Çünki ordu sistemində həqiqətən də elə generallar var ki, onlar üçün Rusiyanın maraqları daha vacibdir və sabah hansısa gərgin durum yaranarsa onlar sözsüz ki, Rusiyanın istəyini həyata keçirəcəklər. Bu isə o deməkdir ki, orduda hər an hansısa təxribat yarana bilər. Məsələn,ekspertlər hesab edir ki, hansısa məqamda müəyyən generallar ali baş komandanın əmri olmadan süni şəkildə atəşkəsin pozulması əmri verməklə Azərbaycanı çıxılmaz vəziyyətə sala bilərlər. Yəni müharibəyə başlayan tərəf kimi Azərbaycan göstərilir və Rusiya şəraitdən istifadə etməklə ordu birləşmələrini bölgəyə yerləşdirə bilər. Ekspertlər buna görə hesab edir ki, Qüdrət Həsənquliyevin verdiyi bu açıqlama başlanığıcdır və bu açıqlamadan sonra Müdafiə Nazirliyində ciddi islahatlar həyata keçiriləcək. Bundan başqa müşahidəçilər bildirir ki, Qüdrət Həsənquliyevin çıxışını təhlil etsək aydın olacaq ki, onun konkret hədəf olaraq göstərdiyi ünvanda var. Bu isə nazirliyin baş qərargah rəisi Nəcməddin Sadıqovdur. Bildirilir ki, Qüdrət Həsənquliyevin dediyi zamanlarda Nəcməddin Sadıqov Gəncə bölgəsində olub və onun fəaliyyətində müəyyən şübhəli məqamlar olub. Bundan başqa həm də bildirilir ki, Nəcməddin Sadıqov Müdafiə Nazirliyi sistemində Rusiyaya ən yaxın general kimi tanınır. Hesab edilir ki, Nəcməddin Sadıqovun görəvindən alınması o deməkdir ki, Səfər Əbiyev hakimiyyətinə də nöqtə qoyulacaq.
Fuad Əliyev