Kərəm Həsənov oliqarxlara savaş açıb
Kərəm Həsənov oliqarxlara savaş açıb

Bəzi nazirliklərlə yola getməməsi komitə sədrinə ciddi təhlükə vəd edir

Son vaxtlar Əmlak Məsələləri Dövlət Komitəsinin adı bəzi nazirliklərlə ixtilaflarda, məhkəmə çəkişmələrində hallanır. Komitə sədri Kərəm Həsənov özünün hökumət içindəki dayaqlarının hədsiz möhkəm olmasından çox əmindir və bu səbəbdən də heç kimlə intriqaya girməkdən çəkinmir. Amma onun bu addımlarının tamam əks nəticə verməsi mümkündür.
Həsənovun komitəsinin son bir neçə ayda hansı nazirliklərlə gizli və aşkar formada çəkişdiyini xatırlayaq. Məsələn, ötən ay məlum oldu ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasında yaranmış mübahisə məhkəmə müstəvisində davam etdirilir. Mübahisəyə səbəb vergiçilərin komitədə apardığı yoxlamalar və onların nəticələridir. Belə ki, bu ilin birinci rübündə Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq qərarını verib. Daha doğrusu, Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi hərracları, səhm satışını, yeni müəssisələrin qeydə alınmasını və sair sahələr üzrə gördüyü işləri yoxlamaq istəyib. K.Həsənov isə buna müqavimət göstərib. Tərəflər arasında yaranmış
gərginlik ona gətirib çıxarıb ki, Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə yaradılan bir sıra kommersiya təyinatlı müəssisələrin vahid pəncərə sistemində qeydiyyata almaqdan belə imtina edib. K.Həsənov və onun müavinləri isə Vergilər Nazirliyinin bu qərarının gələcəkdə çox ciddi problemlərə yol açacağından ehtiyatlanaraq problemin operativ həll olunmasına da cəhd ediblər. Bu məsələ ilə bağlı Vergilər Nazirliyi ilə anlaşmaya çalışan komitə rəhbərliyi istəyinə çatmayıb və iş məhkəməyədək uzanıb.
Yenə ötən ay ölkənin nüfuzlu KİV-ləri Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinə birləşdiriləcəyinə dair məlumat yayıblar. Həmin məlumatları Kərəm Həsənovun rəhbərlik etdiyi qurum təsdiq etməsə belə, təkzib etməməsi də maraq doğurub və hesab edilir ki, bu əslində Həsənovun Qərib Məmmədovun sədri olduğu komitəni öz nəzarətinə keçirmək arzusunun və cəhdlərinin təsdiqidir. Maraqlıdır ki, iki komitə arasında hazırda münasibətlərin sıfır həddində olduğu, bunun hər iki qurumun sədri arasında münasibətlərin gərginləşməsindən qaynaqlandığı, qanunsuz evlərin sənədləşdirilməsinin yubanmasının bir səbəbinin də məhz Həsənovla Məmmədovun komitələri arasındakı intriqaya söykəndiyi bildirilir.
Kərəm Həsənovla münasibətlərinin yaxşı olmadığı bildirilən nazirlərdən biri də Oqtay Şirəliyevdir. Belə ki, ötən ay Səhiyyə Nazirliyinin Gəncə şəhəri Səhiyyə İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) Gəncə ərazi İdarəsini məhkəməyə verib. Şirəliyevin idarəsi qarşı tərəfə qarşı torpaq sahəsində tikilmiş qeyri-yaşayış obyektinə verilmiş sərəncamın, çıxarışın ləğv edilməsi barədə iddia qaldırıb. Gəncə İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Gəncə Apellyasiya məhkəməsi isə aktı ləğv edərək yeni qətnamə qəbul edib. İşə Ali Məhkəmədə baxılacaq.
Bu işin məhkəməyə qədər uzanması da iki qurum arasında qeyri-rəsmi anlaşmaq cəhdlərinin nəticəsiz qalması, Kərəm Həsənovun Oqtay Şirəliyevin xahişini yerə salması ilə izah olunur.
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri özünü hökumət daxilində ən güclü fiqurlardan biri hesab edir və hətta özündən qat-qat nüfuzlu məmurların belə müraciətlərini eşitmək, xahişlərini dinləmək istəmir. Bunu Kərəm Həsənovun komitəsinin adının çeşidli dövlət qurumları ilə məhkəmə mübahisələrində hallanmasının intensivləşməsi də təsdiqləyir: "Amma Həsənov unutmamalıdır ki, iqtidardakı çeşidli qurum və məmurlarla intriqada olmaq heç
də yaxşı hal deyil. Təcrübə göstərir ki, hətta hakimiyyətdaxili proseslərə ən güclü təsir imkanları, gözqamaşdırıcı kapitalı və başqa resursları olan məmurlar belə, iqtidar içində çoxsaylı münaqişə ocaqlarının içində olduqda, ciddi təhlükə yaşayırlar. Rəqiblər sonda ona qarşı ittifaq qurur və ilk xırdaca səhvində "torbasını tikirlər"".
İndiyədək çoxsaylı belə nümunənin yaşandığına diqqət çəkən müsahibimiz Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin də eyni aqibəti yaşaya biləcəyini istisna etmir: "Kərəm Həsənov hökumət dairələrində güc nümayiş etdirməkdən, digər nüfuzlu məmurlarla konfliktdən qaçmalıdır. Onun öz maliyyə və siyasi kapitalına bu qədər arxayın olması, sonda Həsənovun da Fərhad Əliyev, Heydər Babayev, Misir Mərdanov kimi keçmiş məmurların taleyini yaşamasına gətirib çıxara bilər. Onun xüsusən seçki ili kimi həssas siyasi dönəmdə iqtidariçi qarşıdurmaların ön cərgəsində yer alması komitə sədrinin tez hədəfə gəlməsini stimullaşdırır".

Azər Aslan