Ermənistandan yeni təhlükə
Rusiya aktivləşməyə başladı
Ermənistan Dağlı Qarabağda Xocalı hava limanının istifadəyə verilməsi üçün yenidən hərəkətə keçib. Ermənistan mətbuatının da yazdığı kimi yaxın günlərdə ilk təyyarənin Ermənistandan Dağlıq Qarabağa getməsinə hazırlıq görülür. Buda qeyd olunur ki, təyyarədə dinc sakinlər və jurnalistlər olacaq. Çünki Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan belə addım atarsa cavab hərbi yolla olacaq.

Görünür Ermənistan bu yolla açıq şəkildə Azərbaycanı təxribata çəkməyə çalışır. Çünki belə heyətlə dolu təyyarə vurularsa bu beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq. Digər tərəfdən isə Ermənistanda analoji addım ata bilər ki, buda Qarabağ savaşının faktiki başlanması olacaq. Əksər ekspert hesab edir ki, əslində bu Rusiyanın variantıdır və regionda təsirini gücləndirmək üçün Ermənistanı yenidən konflikti dərinləşdirməyə çalışır. Çox maraqlıdır ki, Ermənistan tərəfinin bu mövzunu gündəmə gətirməsi Rusiya prezidentinin Ermənistan prezidenti ilə telefon danışığından sonra olub. Bunu da qeyd edək ki, son bir il ərzində Rusiya Ermənistanı kifayət qədər silahlandırıb və hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda hərbi bazasının yaradılması üçün hazırlıq işləri görülür. Ekspertlər məhz bu amilləri nəzərə alaraq hesab edirlər ki, regionda vəziyyət heç də göründüyü kimi deyil. “Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır və Ermənistanın Dağlıq Qarabağla hava əlaqəsi yaratmaq cəhdi ilə əlaqədar bu gərginlik partlayışa səbəb ola bilər”.Bu fikirləri isə ATƏT-in fəaliyyətdə olan sədrinin dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Kiyevdə Strateji Diskussiya Klubunun toplantısında deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməməsi təhlükə yaradır və ATƏT-ə sədrlik edən Ukrayna tezliklə belə bir görüşün baş tutması üçün hər iki tərəfə müraciət edib. A. Deşitsa bununla yanaşı, bölgədəki sabitləşdirici faktorları da sadalayıb və bu sırada Ermənistanda keçirilmiş və Azərbaycanda keçiriləcək prezident seçkilərini göstərib. O, Rusiyanın münaqişələrin həllində roluna da toxunub: “Rusiya Qafqazda sabitlik və təhlükəsizliyin mövcud olmasında maraqlıdır”.
Ekspertlər bunu da bildirir ki, dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinə cəhdlər edilsədə bu günə qədər məsələ həllini tapmır və sözsüz ki, bu məsələdə də Rusiya barmağı var. Belə ki, Dmitri Medvedev Rusiya prezidenti olan zaman iki ölkə prezidentlərinin səkkiz dəfə görüşlərini təşkil edə bilmişdi. Amma Vladimir Putinin prezident olmasından sonra nəinki prezidentlərin görüşləri təşkil edildi, hətta aparılan danışıqlarda sıfır həddinə gətirildi. Rusiyanın baş diplomatı Sergey Lavrov isə açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını gözləməyə dəyməz. Beləliklə aydın olur ki, qarşıda ciddi problemlər yaradılacaq və hər an müharibə yenidən başlaya bilər. Xankəndi hava limanı oyununun bu baxımdan yenidən başlaması artıq ilkin siqnaldır. Sonda bunu da qeyd edək ki, ATƏT-ə Ukraynanın sədrlik etməsi problemin həllinə müəyyən ümidlər yaratmışdı. Amma faktiki olaraq Ukrayna sədrliyi qəbul etsədə Dağlıq Qarabağ probleminə əsas problem kimi diqqət ayırmır.
Mehdi Əli