"Şah kimi, kral kimi yaşayırlar"

"Şah kimi, kral kimi yaşayırlar"
Hafiz Hacıyev: "Azərbaycan müxalifətinin hakimiyyətə gəlmək maraqları yoxdur"

Son günlərdə ölkədə baş verən siyasi proseslərlə bağlı suallarımızı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırır.

-Hafiz müəllim, müxalifətin ən böyük qurumu olan Milli Şuranın daxilində prezidentliyə vahid namizədlə bağlı ikitirəlik yaranmağa başlayıb. Və həmişəki kimi müxalifətin əvvəlki birliklərində olduğu kimi bu durumun ortalığa çıxmasında katalizator rolunu Müsavatın başqanı İsa ifa etməyə başlayıb. Belə bir vəziyyət nə dərəcədə gözlənilən idi?
-Blirsiniz, necədir? Yadınıza gəlirsə, qəzetinizə verdiyim açıqlamalarda, telekanallardakı çıxışlarımda dəfələrlə bildirmişəm ki, nə qədər ki Azərbaycanda Qəmbərov İsa kimi satqınlar varsa, Azərbaycan müxalifəti bir araya gələ bilməz. Ona görə ki, bu adamın mayası satqınlıqdan yoğrulub. Bu adamın ara qarışdırmaqdan başqa, xəyanət etməkdən başqa ikinci bir sənəti yoxdur. O, Azərbaycanda milli hökumətin devrilməsində bir nömrəli rol oynayıb. Elçibəy hökumətini kim devirdi? Qəmbərov İsa devirdi. Və o, tək deyil. Onun ətrafında olanlar, məsələn, Arif Hacıyev hökumət qarşısında öhdəçilik götürüb. Bakı şəhərinin ən bahalı yerlərində Arif Hacıyevə evlər verilib. Bu adamlar şah kimi, kral kimi yaşayırlar. Ona görə də Qəmbərov İsa bu şansı da əlindən verəsi deyil. Sizi inandırıram ki, o bu işləri görmək üçün haradasa 7-8 milyon dollar pul alıb. O, aranı qarışdırmağı öz üzərinə öhdəçilik götürüb. Ona görə də bu addımı atmalıdır. Amma İsa Qəmbərov artıq cəmiyyətin gözündə ifşa olunub. O, ömrü boyu belə işlərlə məşğul olub. İndi mən neyləyim ki, vaxtında onun barəsində dediklərim indi gəlib təsdiqə yetir. Bəli, mənim dediklərim zaman-zaman gəlib yerini alır. Ona görə də belə bir adam heç zaman nə xalqı düşünüb, nədə dövləti. Ona ancaq pul-para lazımdr, bunları da istənilən yerdən ala bilir. Elə buna görə bu adamın ifşa edilməsi üçün yaxın günlərdə həlledici kampaniya başlanacaq.
-Sizcə, bundan sonra Milli Şuranın daxilindəki proseslər hansı istiqamətdə inkişaf edə bilər?
-Mənim müşahidələrimə görə, bundan sonra Milli Şuradakı proseslər daha da mənfi xarakter alacaq. Orada mənim etibarlı yoldaşlarım var, buna görə də bu qurumda baş verənlərin hamısından xəbərdaram. Digər tərəfdən isə, Milli Şuranı effektsiz quruma çevirmək üçün onun daxilində ciddi-cəhdlə iş aparanlar da var. Yəni bu qurumun daxilində "desantlar" var və onlar da öz öhdəçiliklərini yerinə yetirməkdən ötəri xüsusi protokollara qol çəkiblər. Onlardan tələb olunur ki, öz öhdəliklərini sona qədər yerinə yetirsinlər. Sözümün canı odur ki, İsa Qəmbərovun ətrafına yığışanların hamısı satqınlıqla yaşayan insanlardır. Düşünürəm ki, bundan sonra Milli Şurada fikir ayrılıqları daha da dərinləşəcək. Milli Şurada təmsil edilən bə siyasətçilərin hara işləməsi barədə məndə kifayət qədər materiallar var və yaxın zamanlarda bu faktları cəmiyyətə təqdim edəcəyəm. Bildiyiniz kimi, Milli Şuranın üzvü, milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin bəyin əlində bu baxımdan çox güclü faktlar var. O hələ həbsxanada yatdığımız vaxtlarda mənə dedi ki, "Mən agentin yanında olmaq istəmirəm!" Bunu təbii qarşılamaq lazımdır. Hər bir həqiqətin aşkarlanması üçün müəyyən vaxt, zaman tələb olunur. Biz də bu zaman yetişəndə öz sözümüzü deyəcəyik.
-Belə çıxır ki, cəmiyyətin Azərbaycan müxalifətindən gözlədikləri doğrulmayacaq...
-Başqa cür ola da bilməzdi. Bu müxalifətin tarixi qarşılıqlı xəyanətlər, ittihamlar, satqınlıqlar tarixidir. Milli Şurada olanların əksəriyyəti hakimiyyət tərəfindən vurulmuş adamlardır. Orada elə də ciddi bir fiqur yoxdur. Sizə deyim ki, orada vurulmuş insanlardan ibarət bir komanda formalaşıb. Kimlər var ki, orada? Birinin haqqında cinayət işi açılıb, bir müddətdən sonra barəsində həbs qətimkan tədbiri seçib həbs edəcəklər. Digəri... Məsələn, onlara can verənlərdən biri Nurəddin Mustafayevdir. Nurəddin Mustafayevin oğlanlarının biri Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyir, o biri də prokurorluq sistemində böyük bir vəzifədə işləyir. Bu necə ola bilər ki? Ya bu adam ora atılmış adamdır, ya da ki, onun da barəsində tədbir görülməlidir. Eşitdiyimə görə, orada-burada deyir ki, guya ermənistanlılar onun ətrafına yığışıblar. Bu, yalan söhbətdir. Ermənistanlıların böyük bir hissəsi Prezident İlham Əliyevi dəstəkləyir, qalanları da Hafiz Hacıyevi dəstəkləyir. Yəni bunun hamısı real faktlardır. Eşitdiyimə görə, Nurəddin Mustafayev çox vaxt Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərovun adından istifadə edir. Fuad Ələsgərov çox səviyyəli və intellektual bir insandır və Nurəddin Mustafayevi qətiyyən qəbul eləmir. Bu adam o satqınlar şurasının içində deyir ki, "Lazım gəlsə, polis orqanları da bizim tərəfimizə keçəcək". O, Fuad müəllimin adından istifadə edir və Fuad müəllim də bunun qarşısını almağa çalışır.
Keçək digərlərinə. Elçibəyin zəhərlənib öldürülməsi barədə Bakı Şəhər Prokurorluğu cinayət işi qaldırıb. Yaxın zamanlarda bu işə görə AXCP sədri Əli Kərimov qanun qarşısında cavab verməli olacaq. Zamanı çatanda o, içəridə olacaq, bunun başqa variantı da yoxdur. Qaldı Eldar Namazova. Onun da müəyyən xarici dairələrlə böyük bağlılıqları var. Xüsusən də Rusiya ilə. Ona görə də belə məsləhət olub ki, ortalığa hazır şəkildə proqram qoyulsun və bunu da icra etsinlər. Bu işi də qoca alkaşın birinə həvalə etmək istəyirlər. O da viski vurandan-vurana Rəsul Quliyevlə Azərbaycanı yada salmaqla məşğul olur. Azərbaycanda prezident ya cənab İlham Əliyev olacaq, ya da Hafiz Hacıyev. Buna heç bir şübhəniz olmasın. Bir də ki, Milli Şuraya toplaşan insanlar vurulmuş bir icmanın ünsürləridir. Mən bunu həmişə cəsarətlə deyirəm və həmişə də istənilən səviyyədə təkrar etməyə hazıram. Onların heç birinin cəsarəti çatmaz ki, Hafiz Hacıyevlə teledebata çıxıb duruş gətirə bilsin. Onlar belə məsələləri nəzərə almalıydılar.
-Sizcə, niyə bu ötən iyirmi il müddətində Azərbaycan müxalifəti lazımi səviyyədə təşkil oluna bilmədi? Səbəblər haradan qaynaqlanır?
-Çünki Azərbaycan müxalifətini də monopoliyaya alıblar və bu monipoliyanı heç kimə güzəştə getməzlər. Ortalığa yeni bir siyasətçi çıxan kimi əllərində olan kütləvi informasiya vasitələri ilə hücum etməyə başlayırlar. Birinci növbədə ona görə ki, müxalifətin lideri hesab edilmək yaxşı gəlir mənbəyi yaradır. Bəs bunlarn çörək pulları haradan çıxmalıdır? Balalarını xaricdə hansı pullarla oxutmalıdırlar? Görəsən, necə olur ki, müxalifət liderləri hər hansı bir nazirdən heç də pis yaşamırlar? Onlar bu pulları kimlərdən və haralardan alırlar? Mən bu barədə dəfələrlə açıqlama vermişəm və sübut etmişəm ki, bu liderlər satılmış insanlardır. Ona görə də xalq onların arxasınca getmir. Kimisə aldatmaq olar, amma xalqa kələk gəlmək olmaz. Xalq hər şeyi bilir. Ona görə də bunların iyirmi ildə heç bir nailiyyəti olmayıb. Açıqca deyirəm, onların heç hakimiyyətə gəlmək maraqları da yoxdur. Axı hakimiyyətə gələndə Dağlıq Qarabağ məsələsi həll edilməlidir, ölkənin digər ağır problemləri həll edilməlidir. Onlarda da bu qabiliyyət yoxdur. Ona görə də onlara ömürlük müxalifətdə qalmaq daha çox xeyir gətirəcək.
Bir məsələ də var ki, Azərbaycan müxalifəti deyəndə bir qədər düzgün çıxmır. Bir var milli müxalifət, onu təmsil edən bizlərik. Birdə var Milli Şurada olanlar kimi kosmopolit və satqın müxalifət. Bunlar xarici kəşfiyyat qurumlarına işləyirlər. Xarici kəşfiyyat orqanlarına işləyən müxalifət də həmişə onların diqtəsi ilə oturub durmalıdır. Gördünüzmü, bircə dəfə işarə verən kimi sağçılar, solçular və s. hamısı Milli Şuraya yığışdılar. Bunlar idarə edilən müxalifətdir. Onların təşkilatları xarici dövlətlər tərəfindən yaradılıb və Azərbaycanın milli maraqlarına zidd fəaliyyətlə məşğul olurlar. Özünüz də görürsünüz ki, amma biz Azərbaycanın milli mənafeyinə uyğun olmayan məsələlərdə öz mövqeyimizi çox kəskin şəkildə ortalığa qoyuruq. Biz həmişə prinsipial məsələlərdə xalqın və dövlətin yanında olmuşuq. Buna görə də fəaliyyətimizin 13 ili ərzində ancaq milli maraqların keşiyində dayanmışıq.
-Bir neçə ildir ki, ölkədə korrupsiyaya qarşı mübarizə elan edilib, həbslər keçirilir, məhkəmələr qurulur, amma nəticə istənilən səviyyədə deyil...
-Bu fikrinizlə mən də razıyam. Həbs edilənlər də xırda məmurlar olur. Mənə elə gəlir ki, prezident seçkilərindən sonra bu işdə dönüş nöqtəsi başlanacaq. Çox başlar papaqsız qalacaq.

Söhbətləşdi:Savalan