Azərbaycanda 7 min Qarabağ əlili işsizdir
Azərbaycanda 7 min Qarabağ əlili işsizdir
Qanunvericilikdə əlillər üçün nəzərdə tutulan kvotaya əməl olunmur

İkinci qrup Qarabağ əlili Hacı Xatir heç bir müştərisinin xətrinə dəymir. Kim nə verdi, o da Allah bərəkət versin deyir. Təki işsiz qalmasın, beş qəpik çörək pulunu qazana bilsin.
58 yaşında bu dünyada qazandığı isə hələ ki, bir erməni gülləsidir. Kənd Horadiz uğrunda gedən döyüşlərdə ayağından yaralanan Xatir Kazımov o vaxtdan ikinci qrup Qarabağ əlili kimi 140 manat pensiya,7 5 manat təqaüd alır. 215 manatla necə dolanmaq olarsa, o da bir neçə il o cür dolanıb. İndi bu mümkün olmadığından, bir köhnə maşınla taksi fəaliyyəti göstərir. Çünki, adının qarşısında ikinci qrup əlil təyinatı olduğundan, onu heç yerdə işə götürmürlər. O isə bizi məmnuniyyətlə maşınına götürdü. Müştəri yox, jurnalist qismində.
Hacı Xatir Kazımov deyir ki, Qarabağ əlillərini heç kim işə götürmür: "Hara müraciət etmişəmsə, bizə deyiblər ki, gedin istirahət edin. Mən də ailəmi dolandırmaq, bir tikə çərək pulu qazanmaq üçün taksi fəaliyyəti ilə məşğul oluram".
Bəli, bu gün Azərbaycanda güzəranını yaxşıladırmaq iddiasında olan daha 7 min Qarabağ əlili var. Azərbaycan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov deyir ki, onların hər biri işləmək qabiliyyətinəddir. Amma buna rəğmən işləyə bilmirlər. Halbuki əlillər haqqında olan mövcud qanun da buna imkan verir.
F. Məmmədovun sözlərinə görə, əlillərin işlə təmin olunmasının kvotası haqda qanun mövcuddur: "Həmin kvotaya görə, bütün idarə və müəssisələr hüququ formasından asılı olmayaraq əlilərin işlə təmin edilməsinə məcburdular. Qanun onların üzərinə bir zərurət qoyur. Əks
halda, əməkhaqıqnın 3 misli qədər cərimə olunur. Amma biz bu gözəl qanunun icrasına təəssüflər olsun ki nail ola bilməmişik".
Daha bir təəssüfedici məqam isə işləmək iqtidarında olan əlillərin işlə təmin olunmasını nəzərdə tutan qanunla bunun əksini nəzərdə tutan Nazirlər Kabinetinin normativ sənədi arasındakı uyğunsuzluqdur. Belə ki, Nazirlər Kabinetinin normativ sənədlərində birinci-ikinci qrup əlillərin işləməsi məqsədəuyğun sayılmır. Məsələn, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Azərbaycanın ilk snayperçi qadını Növrəstə Yusifova deyir ki, ötən il cəmi 9 Qarabağ əlilini işə düzəldə biliblər. O da hara və hansı çətinliklə?
N. Yusifova deyir ki, hara gedirlərsə, deyirlər ki, normal adamı işə götürə bilmirik: Bu gün Qarabağ əlilləri fəhlə işləyirlər. Hansı Qarabağ əllillərinin diplomu var, amma o da tikintidə fəhləlik edirlər".
Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bir il əvvəl Qarabağ əlillərinə prezident təqaüdünün verilməsini əlillərin sosial güzəranın yaxşılaşdırılması sahəsində atılan addım kimi dəyərləndirir. Əlillərin işlə təminatı sahəsində isə müəyyən işlər görülməsinin vacibliyini gizlətmir.
H. Rəcəbli bildirib ki, hər 25-30 yer bu cür insanlara ayrılmalıdır: "Vətəndaş cəmiyyəti, mətbuatımız, Əmək Müfəttişliyi bu normaları yoxlasalar, görərlər ki, onlara iş verilmir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov isə deyir ki, ötən il 607 əlil işlə bağlı quruma müraciət edib. Onlardan 157-si işlə təmin olunub.
Qurum rəsmisinin sözlərinə görə, bu məsələdə əlillərin də müəyyən günahı var. Belə ki, onlar əlilik vəsiqəsi alarkən özlərinin əmək qabiliyyətsiz olduğunu yazdırırlar və bu da sonda problemlərə səbəb olur: "Sovet dövründən qalma bir tendensiya var. Əlillər üç qrupa bölünürlər. Birinci, ikinci, üçüncü qrup. Üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır, birinci-ikinci qruplar əmək qabiliyyətsiz sayılır. Əmək qabiliyyətsiz əlili də işə götürmək düzgün deyil. Daha bu qaydalar aradan qaldırılmaq üzrədir. Yeni qaydalarla işləyəcəyik".
Yeni qaydalar Xatir Kazımov da daxil olmaqla əlillərin xatirini xoş edəcəksə, onda gözləməyə dəyər. Hələ ki, gözləyən əlillərdir...
Ləman Əliəşrəfqızı