"Prezidentliyə namizədlər, sadəcə, özlərini cəmiyyətə tanıdırlar"
"Prezidentliyə namizədlər, sadəcə, özlərini cəmiyyətə tanıdırlar"

Tahir Kərimli: "Mən onları potensial prezident hesab etmirəm"

-Tahir bəy, mətbuatda eks-spiker Rəsul Quliyevlə Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin telefon danışıqları barədə məlumat yayılıb. Həmin söhbətin mətninə görə, Rəsul Quliyev Mili Şuranın son mitinqi və bu qurumda təmsil edilmiş müxaliflər barədə aşağılayıcı fikirlər işlədib. Eks-spikerin öz silahdaşlarına qarşı bu cür yanaşması normal siyasi jestdir, yoxsa...?
-Düzdür, Rəsul Quliyev həmin söhbəti montaj adlandırıb. Ancaq mən həmin mətni 2-3 dəfə çox diqqətlə oxudum. Mətndəki üslub Rəsul Quliyevin danışıq leksikonuna çox yaxındır. Eyni zamanda, cavablardakı çəkingənlik də Sülhəddin bəyin təbiətinə çox yaxındır. Yəni danışıq çox təbii görünür. Həm də Rəsul Quliyevin son dövrlərdə Milli Şura ilə, kütləvi tədbirlərlə bağlı istəklərinə və rəylərinə tam uyğun gəlir. Əslində bu ortalığa çıxmış söhbət elə müxalifətin içində gdən real söhbətlərin ifadəsidir. Müxaliflər özləri də bu fikirləri etiraf etməkdədirlər. İndiyə qədər deyirdilər ki, mitinq üçün şəhərin kənarında, uzaqda yer ayrılır. Bu dəfə isə şəhərin mərkəzində keçirilən mitinqə nəzərdə tutulduğundan çox-çox az adam gəlmişdi. Mitinqdə bir vaxt siyasətdən getmiş İskəndər Həmidovun radikal çıxışı və yaxud Mirmahmud bəyin, Sülhəddin bəyin kölgədə qalmaq cəhdləri - bütün bunlar və Rəsul Quliyevin Milli Şura haqqında son dövrlərdəki açıqlamaları, Cəmil Həsənliyə pessimist münasibəti ümumi mənzərəni tam şəkildə tamamlayır. Məncə, Rəsul Quliyev bu söhbəti hətta montaj hesab etsə də, onun təbiətinə və məntiqnə tamamilə yaxın bir mətndir.
-Partiyanız bu seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyir. Ancaq istərdim ki, mümkün qədər kənar bir müşahidəçi kimi seçki kampaniyasının gedişi və prezidentliyə namizədlərin siyasi-mədəni səviyyəsi barədə fikirlərinizi bölüşəydiniz... Bu doqquz potensial prezidentin jestləri qanedicidirmi?
-İstərdim ki, sualınızda bir balaca düzəliş edim. Mən onları potensial prezident hesab etmirəm. İnanıram ki, onlar özləri də belə düşünürlər. Onların namizədlikləri verilib, qeydə alınıblar və özlərini cəmiyyətə yaxşı formada tanıtmaq missiyasını yerinə yetirirlər. Bu teledebatlar mənim üçün bunun göstəricisidir. Açıqdan-açığa bilinir ki, Milli Şuranın namizədi radikal çıxışlar edir və bu da məlumdur ki, Cəmil Həsənlinin özü radikal insan deyil, onun müdafiə edən AXCP ilə Müsavatın seçki texnologiyasına uyğun olaraq radikal çıxışlar edir və sifarişləri yerinə yetirir. Yerdə qalan namizədlər aralıq namizədlər kimi görünür. Fikir verirsinizmi, onlar özlərini müxalifət elan etsələr də, hakimiyyətə qarşı çox yumşaq münasibət sərgiləyir və eyni zamanda müxaliflərə qarşı çox radikal davranırlar. Onların iqtidarmeylli olduqları aşkarca bilinir. Onlar müxalif ruhlu çıxışlar etməyə cəhd göstərirlər ki, cəmiyyət onları təbii ampluada qəbul etsin. Bütün bunlarla yanaşı tam aydındır ki, bu seçkilərdə prezidentliyə namizəd İlham Əliyev mütləq qələbə çalacaq və bu, qaçılmazdır. Hamı da bununla barışıb. Sadəcə olaraq, Cəmil Həsənli istəyir ki, radikal proqramlarla özünü mənsub olduğu düşərgənin istəklərini ifadə eləsin. Qalanları isə çalışırlar ki, ikinci, üçüncü, dördüncü yerləri tuta bilsinlər, özlərini daha çox tanıtsınlar və gələcək parlament seçkilərinə şanslar əldə etsinlər. Mənə görünən ümumi mənzərə belədir. Mən Rusiyada keçirilən prezident seçkilərində də eyni texnologiyanı müşahidə etdim. Yəni Azərbaycanda gördüklərimiz postsovet məkanına uyğun seçki prosesidir. Prosesin özündə müəyyən format hiss edilir.
-Siz uzun müddət İsmayıllı rayonunda işləməklə bölgədəki azsaylı xalqları yetərincə tanıya bilibsiniz. Bu sualı məhz Sizə buna görə verirəm ki, Əlikram Hümbətovun İrəvana səfərini yeni detalları üzə çıxıb və məlum olur ki, İrəvan Dövlət Universitetində Qurani-Kərim talış dilinə tərcümə edilir, talış əlifbası hazırlanır. Bizim hökumət niyə düşmənin əlinə bu qədər kozır verməklə məşğuldur? Nə üçün Bakıda talış, ləzgi, avar, udin, ingiloy, lahic, kürd, xınalıq və s. mədəniyyət mərkəzləri, muzeyləri açılmasın? Niyə Qurani-Kərim bu xalqların dillərinə tərcümə edilməsin? Niyə telekanallarda bu xalqların dillərində verilişlər verilmir? "Pripiska"lı pullarla uçuq körpülər tikincə bu pullarla Bakı ilə Lənkəran, Bakı ilə Quba-Qusar və ya Qəbələ arasında daha etibarlı dövlətçilik körpüləri salmaq olmazmı? Bizim hökumətin cahil məmurları nə vaxt yuxudan ayılacaq və bu dövlətə xidmət eləyəcək?
-Sualınız o qədər məntiqli və tutumludur ki, cavablar elə sualın özündədir. Həqiqətən də, biz bu boşluğu buraxmaqla, milli azlıqlara səhlənkar münasibətimizlə düşmənlərin əlinə dəstavuz veririk, düşmən təşəbbüsü ələ alır. Sovetlərin dövründə özümüz həsrətindəydik ki, Qurani-Kərmi öz dilimizdə oxuyaq. Çar Rusyasının dövründə şeyxül-islam Quranın bir hissəsini Azərbaycan türkcəsinə tərcümə eləmişdi. Amma sovet dövründə buna imkan vermirdilər. Azərbaycanda əhalinin mütləq əksəriyyəti müsəlmandır və Müqəddəs Kitabımızla öz dillərində tanış olmaları daha yaxşı olardı. Bu istək var və yerinə də yetirilməlidir. İsmayıllı bölgəsindəki azsaylı xalqlar bu ölkəni ürəkdən sevirlər. Amma dövlət bu sevgiyə qarşılıq verməlidir. Hələ də gec deyil və bu istiqamətdə fəal işlər görülməlidir. Mənim vaxtilə yaşadığım zonada lahıclar, ləzgilər və qeyri xalqlar yaşayır. Onlar bizim canımız, ciyərimizdir. Mən tam əmin edirəm ki, o zonada, bir dəfə də olsun, sepatarçılıq meylləri görməmişəm. Hətta yadımdadır ki, Sadval hərəkatı ortalığa çıxanda tək-tük ləzgilər ona qoşulmaq istəyərkən qalan ləzgilər Samux hərəkatını yaratdılar ki, "Biz Azərbaycanın tərkibində qalmaq istəyirik. Burada qalmağımız daha əhəmiyyətlidir, nəinki xristian Rusiyasının tərkibinə qatılmaq". Yəni mən düşünürəm ki, sualınızda ifadə edilən fikirlər doğrudur. Ölkədə bu boyda Elmlər Akademiyası var, elmi-tədqiqat institutları var, nəşriyyatlar var, dövlətin çeşidli imkanları var. Hökmıən bu xalqların arzusuna uyğun olaraq onların öz dillərində Qurani-Kərim, hədislər, xalq yaradıcılığı nümunələri və s. çap edilməlidir. Demək istəyirəm ki, belə şeyləri gecikdirməyimiz yanlışlqdır.
-Azərbaycanda talış mətbəxi qədər zəngin mətbəx görməmişəm. Niyə bu və ümumən talış mədəniyyəti təbliğ olunmasın? O cümlədən digər xalqların mədəniyyəti və tarixi?
-Tale elə gətirib ki, mənim talış və tatdilli qohumlarım da var. Mən onlarla ünsiyyətdə olarkən görmüşəm ki, bütün varlıqları ilə Azərbaycanı sevirlər. Allaha and olsun ki, mən bu sözləri ürəkdən deyirəm. Onlar, həqiqətən də, Azərbaycanı sevən insanlardır. Onlar Azərbaycanı vətən hesab edən adamlardır. Və əlbəttə ki, bu adamların zəngin mədəniyyəti, mətbəxi, musiqisi və tarixi olduğu kimi cəmiyyətə təqdim edilməlidir. Bilirsiniz, həmişə radikal bir yalan qarşılıqlı şəkildə başqa bir radikal yalanı doğurur. Məsələn, durub deyəndə ki, Azərbaycanda talışların sayı cəmi yüz min nəfərdir, onlar da deyirlər ki, biz bir milyonuq. Amma həqiqət bunların heç bir deyil, ortalıqdadır. Bu yalançı və populist fikirlər və bu fikirlərlə xalqlar arasında dərin uçurum yaratmaq kimə və nəyə lazımdır? Müvafiq dövlət strukturları azsaylı xalqların sadaladığım problemləri ilə ciddi şəkildə məşğul olmalıdır. Niyə prezidentin müşavirlərindən biri azsaylı xalqların problemləri ilə məşğul olmasın və yaxud bu sahə üzrə bir müşavir təyin edilməsin? Sözügedən problemlər baxımından ölkədə çox həssas məsələlər var və bunlar müzakirə edilib həllini tapmalıdır. Bu azsaylı xalqlar heç öz dövlətlərini qurmaq da istəmirlər, amma özlərinə qarşı hörmət görmək istəyirlər, sayılmaq, seçilmək, dəyər verilməsini istəyirlər. Onların elə gözəl xasiyyətləri, elə gözəl adətləri, mədəniyyətləri var ki, adam heyran olur. Bu sərvətlər bütün Azərbaycan türklərinin sərvəti olmağa layiqdir. Bu sözləri onların işində yaşamış bir insan kimi deyirəm. Düşünürəm ki, bu barədə daha dərindən düşünmək lazımdır.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli