Rəsul Quliyev müxalifəti iqtidara işləməkdə günahlandırdı
Rəsul Quliyev müxalifəti iqtidara işləməkdə günahlandırdı
Eks-spiker seçkiləri uduzduqlarını etiraf etdi

Son zamanlar bir sıra qalmaqallı açıqlamaları iləgündəmə gələn Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev yenə diqqət mərkəzindədir. Hələ bir neçə gün öncə partiyasının sədri Sülhəddin Əkbərlə telefon danışıqı zamanı müxalifət liderlərini təhqir etməsi bomba kimi partlamışdı.
Düzdür, sonradan Rəsul Quliyev bunu təkzib etdi. Amma fakt faktlığında qalır və artıq bildirilir ki, Rəsul Quliyevin Milli Şuradan çıxarılması məsələsinə baxılmalıdır. Çünki o mütəmadi şəkildə Milli Şuranı ələ salır. Elə hazırda verdiyi son açıqlmada Milli Şura üçün heç də xoş gəlməyəcək. Belə ki, o, müxalifətin seçkilərdən sonrakı durumunu şərh edib. Təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran eks-spiker 9 oktyabrdan sonra müxalifət funksionerlərinin gözlənilərn istefalarından danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməliymişlər."Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məqlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi".Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür."Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. Bu işi onlar üçün özləri yox, biz müxalifət görürdük. 2013-cü ilin birinci beş ayı Milli Şura adlanan amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım vahid namizəd seçməyə həsr olundu. Və vahid namizəd seçiləndən 15 gün sonra dərhal alternativ namizəd ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memarandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib".Ekspertlər hesab edir ki, əslində Rəsul Quliyev bu məsələdə haqlıdır. Çünki müxalifətin hələ 6 ay öncə tutduğu mövqeyə, şəxsi iddialarına görə belə vəziyyət yaranıb. Çünki 6 ay öncə müxalifət bir araya gəlib və Cəmil Həsənlini vahid namiəzd elan edərdilərsə daha ciddi nəticələr əldə etmək olardı. Maraqlıdır, bəs nədən bunu etmədilər? Müşahidəçilər hesab edir ki, əslində bunun başlıca səbəbi AXCP ilə Müsavat arasında, həmçinin AXCP-Müsavat cütlüyünə qarşı "El" hərəkatının kampaniya aparması oldu. Bu kampaniyaların təşkil edilməsinin başlıca məqsədi isə əzəli müttəfiq kimi görünsələrdə, əzəli rəqib olan bu qüvvələrin bir-birini sıradan çıxartması idi. Başqa cür desək bu qüvvələri seçkilər yox, seçkilərədn sonra kimin ana müxalifət olması düşündürürdü. Elə buna görə də AXCP Müsavatın, Müsavat isə AXCP-in planlarını pozmaqla belə bir vəziyyət yaratdılar. Bundan başqa "El" hərəkatıda ciddi siyasi oyun oynadı və Rüstəm İbrahimbəyovun namizəd ola bilməyəcəyini görə-görə onun vahid namizəd olmasını təmin etdi. Çünki həmin vaxt elə ovqat yaradılmışdı ki, kim Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul etməsəydi, hakimiyyətə işləməkdə günahlandırılacaqdı. Müsavat bir neçə dəfə belə təşəbbüslə çıxış etmək istəyəndə isə ciddi qınağa tuş gəldilər və geri çəkilməli oldular. İndi isə artıq hər şey arxada qalıb. O cümlədən hələ qabaqda olan prezident seçkiləridə.
Mehdi Əli