"Bu siyasətçilər 2003-cü ildən çıxıb getməliydilər"
"Bu siyasətçilər 2003-cü ildən çıxıb getməliydilər"

Rəsul Quliyev: "Müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür"

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalifətin seçkilərdən sonrakı durumunu şərh edib.
Təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran eks-spiker 9 oktyabrdan sonra müxalifət funksionerlərinin gözlənilərn istefalarından danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməliymişlər.
"Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məqlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi".
Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əlİ Əliyevin "Unikal"a söylədiyinə görə, "Mənə elə gəlir ki, Rəsul müəllim bu fikirləri
müəyyən situasiyalarla bağlı olaraq işlədib. Əgər söhbət yaşa dolmuş siyasətçilərdən gedirsə, o zaman siyasi səhnəni birinci növbədə Rəsul Quliyev tərk etməlidir".
Partiya sədrinin sözlərinə görə, "Azərbaycan müxalifətinin ardıcıl məğlubiyyətlərinin bir sıra fundamental səbəbləri var. Ən başlıca səbəb regional maraqların milli maraqlardan üstün tutulması və sağlam siyasi məqsədlər adı ilə siyasi bizneslə məşğulluğun çoxalmasıdır. Fikrimcə, Azərbaycan müxalifətinin sıralarında ciddi təmizlənmə prosesinə ehtyac var. Lakin bu proses cəmiyyətin seçkilədəki səsləri ilə müəyyən edilməlidir. İndiki durumda bu da mümkün olmadığından bu təmzinəlmıə hər bir partiyanın müvafiq qurumları tərəfindən həyata keçirilməlidir".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a bildirdiyinə görə, "Müxalifət liderlərindən heç kim Rəsul
Quliyevi özünə vəkil seçməyib və əgər kimsə siyasi səhnədən çəkilmək istəsə, özü də çıxıb gedəcək. Bu adamın təfəkkür tərzi məhz bu cür fikirlər söyləməyə imkan verir. Bu o deməkdir ki, Rəsul Quliyev hələ də avtoritarizmin buxovlarından hələ qətiyyən azad olmayıb. Avtoritarizm elə bu deməkdir, yəni başqalrını öz düşüncə və həyat tərzinə tabe etdirmək cəhdidir".
Partiya sədrinin sözlərinə görə, "Siyasətdən çəkilmək və yaxud həyatda hər hansı məsələ ilə bağlı qərar qəbul etmək hər kəsin özgür hüququdur. Rəsul müəllim bir müddətdir ki, Birləşmiş Ştalarda yaşayır və oradakı sadə amerikalıların həyat və düşüncə tərzini azacıq müşahidə edib cüzi nəticə çıxarda bilsəydi, bu cür havadangəlmə bəyanatlar verməzdi".
Cəlaloğlunun fikrincə, "Rəsul müəllim siyasətdən yorulubsa, buyursun, dincə çəkilsin. Yox, yorulmayıbsa, fəaliyyətini davam etdirsin. Bütün bunlar onun öz işidir.
Siysi liderləri hər bir partiyanın müvafiq qurumları sədr seçir. Həmin qurumlar öz iradəsini ortalığa qoyarsa, istər-istəməz onların qərarları icra ediləcək. Bir vaxtlar Azərbaycan müxalifəti iqtidar üçün gülməli bir "yol xəritəsi" tərtib eləmişdi. Ki iqtidar belə, sonra elə hərəkət etsə, onu yıxmaq asan olacaq. İndi də Rəsul müəllim oturub başqaları üçün yol xəritəsi hazırlayır. Daha yaxşı olardı ki, Rəsul müəllim özü üçün yol xəritəsi tərtib edəydi".
Natiq Oruclu