İsmət Abbasovun növbəti "London fiaskosu"
İsmət Abbasovun növbəti "London fiaskosu"

Kənd təsərrüfatı naziri çətin suallar qarşısında qalıb

Kənd təsərrüfatı naziri İsmət Abbasovun Londondakı mülkləri ilə bağlı qalmaqal yenidən alovlanıb. Nazirin İngiltərə paytaxtında yaşayan oğlunun 2 milyon və 5 milyonluq mülklərə sakhib olması bərabər, dəyəri 300 min avro olan "Bentli" markalı bahalı avtomobildən istifadə etdiyi də ortaya çıxıb.
Üstəlik, nazir oğlunun artıq Böyük Britaniya vətəndaşlığını qəbul etdiyi də bildirilir.
Maraq doğuran isə odur ki, o niyə belə addım atıb, ümumiyyətlə isə nazir oğlu Londondakı həmin mlklərə, bahalı avtomobilə və lüks həyata nəyin sayəsində sahiblənib.
Xatırladaq ki, hələ bir müddət əvvəl İsmət Abbasov və oğlunun Londondakı mülkləri ifşa edilərkən ikinci mətbuata açıqlama verərək onların 22 il əvvəl alındığını dedi. Hamını düşündürməyə bilməz ki, nazir İsmət Abbasov hələ Azərbaycan tam müstəqilliyini əldə etməmiş, azərbaycanlıların müstəqil şəkildə xarici ölkələrə çıxış imkanlarının məhdud olduğu bir dövrdə hansısa yollarla Londonda şəxsi mülkə sahiblənib. Hansı ki, o vaxt İsmət Abbasov nazir postunda deyil, adi dövlət məmuru statusunda idi.
Yaddaş üçün xatırladaq ki, Yunis Abbasov müsahibəsində bildirib ki, hələ onların 1991-ci ildən Londonda evləri olub. Özü də həmin evi atasının Britaniyadan olan, Azərbaycanda neft sahəsində iş qurmaq istəyən dostlarının təklifi ilə alıb. Sitat: "Bizim hələ 1991-ci ildən
Londonda evimiz olub. O dövrdə atam nə nazir işləyirdi, nə də başqa yüksək vəzifə tuturdu. Amma mən gözümü açandan atamın imkanlı şəxs olduğunun şahidi olmuşam. Bacımın xəstəliyi və əməliyyatı ilə əlaqədar ailəmiz tez-tez Böyük Britaniyaya getməli olurdu. Bəzi hallarda 5-6 ay orada qalırdılar. Atam o dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Britaniyada tanış olmuş və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı". Y.Abbasovun təkcə bu açıqlaması özü də bilmədən nazir atasının hələ gənc yaşlarında ikən çirkli pilların yuyulması ilə məşğul olduğuna işarə vurub. Hansi ki, SSRİ kimi imperiyanın caynağından yaxa qurtarmamış Azərbaycanda adı fabrik direktoru müavininin əmək haqqı (İsmət Abbasov 1990-93-cü illərdə Bakı Biskvit Fabrikində iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb) yalnız eyni rəngli bir neçə kostyuma bəs edirdi. Elə isə adi direktor müavini bu qədər vəsaiti necə əldə edə bilib?
Digər bir cəlbedici məqam ondan ibarətdir ki, tort, bulka bişirilməsilə məşğul olan bir şəxsin Azərbaycanın neft sahəsində iş qurmaq istəyən Britaniya vətəndaşı ilə hansı ortaq maraqları ola bilərdi ki, onların təklifi və vasitəçiliyi ilə Londonda mülk alsın? Hansı ki, neft strateji sahə hesab olunduğundan həmişə dövlətin nəzarətində olmaqla yanaşı, etibarlı şəxslərin sərəncamında olub. Belə bir məqamda İ.Abbasovun Londondan olan iş adamlarına lobbiçilik etmək iddiası şübhəli görünür.
Müstəqil dövlət kimi, Azərbaycanın Böyük Britaniya ilə diplomatik əlaqələri 1993-cü ilə təsadüf edir. Başqa bir məqam ondan ibarətdir ki, o dövrdə İsmət Abbasov nəinki direktor müavini kimi heç SSRİ nümayəndə heyətinin tərkibində Londona səfər edə biməzdi. Çünki o vaxt xaricə gedən nümayəndə heyətlərinin tərkibi SSRİ rəhbərliyi tərəfindən təsdiq olunurdu ki, oraya da müsəlman bir ölkənin nazirinin adının düşməsi mümkün olan bir məsələ deyildi. Müsahibədə isə bildirilir ki, İ.Abbasovun ailəsi bəzi hallarda 5-6 ay Londonda qalmalı olurdu.
Onu da nəzərə almaq lazımdır ki, o vaxtlar yüksək vəzifəli şəxslərin xaricə çıxışına məhduduyyət qoyulmuşdu. Bu onunla izah olunurdu ki, belə şəxslər daha çox məlumata malikdir və onların xarici kəşfiyyat orqanlarının təsiri altına düşmək ehtimalı var. Yəni, xarici xüsusi xidmət orqanları belə şəxsləri ələ almaqda maraqlı ola bilərlər.
Bir sözlə, Yunus Abbasovun atasını vəziyyətdən çıxarmaq naminə dediklərinin inandırıcılığı çox azdır və aydın görünür ki, kənd təsərrüfatı nazirinin aqrar sektora rəhbərliyi yalnız onun şəxsi maraqlarına xidmət edib. Yəni, dövlət büdcəsindən ayrılan vəsait, beynəlxalq maliyyə qurumlarının donorları kənd təsərrüfatının inkişafına deyil, şəxsi biznesə yönəldilib. Nəticədə ölkənin kənd təsərrüfatı bərbad hala düşüb. Təsadüfi deyil ki, ölkə prezidenti hökumətin iclasında kənd təsərrüfatına ayrılan subsidiyaların verilməsində ciddi nöqsanların olduğunu vurğulamışdı. Belə çıxır ki, fermerlərə ayrılan subsidiyaların böyük hissəsi nazirin London biznesinin çiçəklənməsinə yönəlib.
Hansı ki, artıq bunu təsdiqləyən mülklər, avtomobillər ortaya çıxıb. İndi maraq doğuran, hökumətin İsmət Abbasovla bağlı sadalananlara necə reaksiya verəcəyidir.
Ülviyyə Qasımlı