Millət vəkili Avropa Parlamentini azərbaycanlılara qarşı qeyri-səmimilikdə ittiham edir
Millət vəkili Avropa Parlamentini azərbaycanlılara qarşı qeyri-səmimilikdə ittiham edir

"Cənubi Azərbaycanda olan həmvətənlərimizin haqlarının qorunmasına Avropa Birliyinin hər hansı bir şəkildə dəstək verməsi müsbət haldır. Amma bunun İrana təzyiq metodu olaraq istifadə olunması ehtimalı da az deyil".
Bu sözləri millət vəkili Fazil Mustafa özünün Facebook profilində yazıb.
Millət vəkili hesab edir ki, AP-nin cəhdlərini səmimiyyət nümunəsi kimi qiymətləndirməli deyilik.
"Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki indiki dönəmdə İranla münasibətlərin korlanması bizə gərəkli deyil. Bununla yanaşı, oradakı həmvətənlərimizə sahib çıxmaq haqqımızdır. Biz bu mənəvi borcdan heç vaxt yayına bilmərik. İranla münasibətləri elə məcraya yönəltməliyik ki, soydaşlarımızın haqlarının tanınması, onlar üçün məktəblərin tikilməsi və ən azı ermənilərə edilənlərin eynisinin azərbaycanlılar üçün reallaşdırılmasını tələb edə bilək. Bunu həyata keçirmək bizim əsas vəzifəmizdir", - o vurğulayıb.
Onun sözlərinə görə, maksimalist tələblər açıq şəkildə gündəmə gətirilməli deyil.
"AP-nin güney mövzusunu müzakirə obyektinə çevirməsi, doğrudan da, soydaşlarımızın hüquqlarının müdafiəsinə yönəlik addımdırsa, onu dəstəkləməliyik. Bu baxımdan indiki məqamda AP-nin addımını dəstəkləməyimiz məqsədəuyğundur”, - o əlavə edib.
Sentyabrın 26-da Avropa Parlamentində Güney Azərbaycanla bağlı dinləmələr başlanıb. Bu, Avropa Parlamentinin tarixində Güney Azərbaycanla bağlı ilk dinləmələrdir. Güney Azərbaycan nümayəndə heyətini Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin, Azərbaycan Oyanış Hərəkatının sözçüsü Əmir Mərdani və Güney Azərbaycandan qadın fəal Ayda Kərimli təmsil edir. Güneydən olan soydaşlarımız Avropa Parlamenti üzvləri qarşısında “İranda millətlərin durumu və Urmiya gölünün qurudulması” mövzusunda çıxış ediblər.
Toplantıda Avropa Parlamentinin İnsan Haqları Komissiyasının sədri xanım Barbara Loach Bihler, AP İran üzrə komissiyasının rəhbəri Taria Kronberg və Ketrin Eştonun nümayəndəsi, Avropa Parlamentinin Xarici Siyasət üzrə təmsilçisi, Beynəlxalq Əfv Təşkilatının təmsilçisi, BMT-nin nümayəndəsi və digər millət vəkilləri iştirak ediblər.
Yığıncağa İranda yaşayan milli azlıqlardan ərəb, bəluc və kürd təşkilatlarının nümayəndələri də qatılıblar.
Teymur Hacıyev