"İndiki meydan Cəmil Həsənlinin meydanı deyil"
"İndiki meydan Cəmil Həsənlinin meydanı deyil"

Hafiz Hacıyev: "Qarabağı azad edib paytaxtı Xankəndə köçürəcəyik"

Müasir Müsavat Partiyasının sədri, Prezidentliyə namizəd Hafiz Hacıyev istənilən opponent üçün gözlənilməz və asan olmayan rəqibdir. Onun emosional reaksiyaları rəqibi həmişə çıxılmaz duruma salır. Onunla bu günki söhbətimiz də elə daha çox bu yöndə və indiki rəqibləri barədə olacaq.

-Hafiz müəllim, prezident seçkiləri kampaniyası ən coşqun dövrünü yaşayır. Prezidentliyə namizəd kimi bu kampaniyanın gedişini və namizədlərin bir-birinə münasibətini necə dəyərləndirirsiniz?
-Dediyiniz kimi, prezident seçkilərinin təbliğat kampaniyası və debatlarımız artıq yekunlaşmaq üzrədir. Mən prezidentliyə namizəd kimi bu kampaniyanı uğurlu proses hesab edirəm. Davam etməkdə olan bu kampaniyada prezidentliyə namizədlər öz platformaları ilə yanaşı həm də digər məsələlərlə bağlı öz mövqelərini xalqa çatdıra biliblər. Qarşıda hələ bir az da vaxtımız var. Bu dövrdə də müəyyən məsələlərlə bağlı öz fikirlərimizi cəmiyyətə çatdıracağıq. Hər halda seçki kampaniyası uğurla davam edir və icra strukturları tərəfindən heç bir maneçilik müşahidə olunmur. Yəni normal seçki təbliğatı aparmaq üçün hər cür şərait yaradılıb, ölkədə demokratik bir ab-hava var. Seçicilərlə görüşürük, mitinqlərimiz keçirilir. Bu günlərdə haradasa bir on beş min nəfərlik mitinqimiz baş tutdu. Bizə ayrılmış məkanlarda seçicilərlə görüşüb fikirlərimizi onlara çatdırırıq. Çatdırıb gedə bilmədiyimiz ərazilərdə isə vəkillərimizlə görüşlər təşkil edilir. Beləliklə, bu qənaətdəyəm ki, uğurlu bir seçki kampaniyası aparırıq. Təbiidir ki, bu kampaniyanın gedişində bəzən, belə deyək də, əndazədən çıxma halları da müşahidə olunur. Bu da təbiidir, çünki seçki kampaniyasında emosiyalar coşur. Bəzi prezidentliyə namizədlər yalan danışarkən biz buna dözə bilmirik və kəskin cavablar veririk. Bunu da təbii hesab eləmək lazımdır. Olan şeylərdir. Amma ümumilikdə seçki kampaniyasının gedişini müsbət dəyərləndirirəm.
-Azərbaycan teletamaşaçısı Sizi həmişə son dərəcə emosional reaksiyalar sərgiləyən bir opponent kimi tanıyıb. Bu reaksiyalar nədən qaynaqlanır? Nə üçün bu qədər kəskin jestlər nümayiş etdirirsiniz?
-Bilirsiniz, mən hərdən həqiqətin təhrif edildiyini, yalan danışıldığını görərkən özümü ələ ala bilmirəm. Yəni mən haqsızlığa dözə bilmirəm. Nahaq tənqidlərə, yersiz danışıqlara, ədalətsiz mühakimələrə tab gətirə bilmirəm. Ucdantutma hər şeyə qara yaxmaq bu müxalifətin şakəridir. İnsanlar bəzən elə şeyləri danışırlar ki, bunlar ölkənin gələcəyinə böyük bir zərbədir. Ola bilər ki, bu gün kimlərsə bunu hiss eləmir, başa düşmür. Amma belə deyil axı! Sabaha bizim düşmənlərimiz bu cür danışıqlardan geniş şəkildə istifadə edəcəklər, bu söhbətləri əks arqument kimi öz başımıza qaxacaqlar. Buna görə də mən o cür danışıqlara qatlaşa bilmirəm. Mən buna son dərəcə emosional yanaşma kimi baxmıram. Bu məqamlarda heç bir emosiya yoxdur. Sadəcə, mən əsassız, haqsız söhbətlərə rahat qulaq asa bilmirəm. Prezidentliyə namizədlərdən bəziləri öz platformalarını bir nəfərin üzərində quranda bunu xoşlamıram və heç vaxt qəbul edə bilmirəm. Elə söhbətlər edirlər ki, belə şeylər ümumiyyətlə Azərbaycana yaddır. Ölkəyə, dövlətə bu qədər böhtan atmaq olmaz axı. Bu xalqa bu qədər nifrətlə yanaşmaq olmaz axı. Belə hallar baş verəndə, əlbəttə ki, Hafiz Hacıyev kimlərəsə cavab verməli olur. Belə olanda da bizim hörmətli tamaşaçılarımız fikirləşirlər ki, Hafiz müəllim emosiyaya qapılır. Mən bununla razılaşmıram. Mən xalqımı sevdiyimdən, xalqıma bağlı olduğumdan istəmirəm ki, onun ünvanına böhtanlar yağdırılsın. Bu xalq pis-yaxşı yaşayır. Mən demirəm ki, ölkədə hər şey əladır, ya hamı yağın, balın içində üzür. Amma sadəcə olaraq biz bundan da pis günləri görmüşük. Elə vəziyyət yarana bilər ki, bundan da pis günlərə düşə bilərik. Özünüz görürsünüz ki, bunların istifadə etdiyi arqumentlərin hamısı erməni mətbuatında yazılanlardan götürülüb. Erməni diasporasının dünya mətbuatında Azərbaycana qarşı işlətdiyi arqumentləri götürüb Azərbaycan telekanalından tamaşaçılara çatdırmaq yersiz işdir və mən buna imkan vermərəm. Bir erməni qəzetində dərc olunmuş materialı götürüb İctimai Televiziyadan camaata yaymaq nə dərəcədə düzgündür və "siyasi" addımdır? Ermənilər də bunu eşidib qəhqəh çəksinlər və gülüb Azərbaycana təzyiq göstərsinlər? Buna görə də mən belə şeylərə dözməyib elə yerindəcə cavabını verirəm. İndi buna kim emosiyalara qapılmaq kimi baxırsa, onları öz vicdanları ilə baş-başa buraxıram.
-Prezidentliyə namizədlər içində özünüzə ən güclü rəqib kimi hesab edirsiniz?
-Səmimi şəkildə deyirəm ki, bu gün mənim ən güclü rəqibim prezident İlham Əliyevdir.
-Hansı özəlliklərinə görə?
-İlham Əliyevin gördüyü işlər, onun yürütdüyü istər xarici siyasət, istərsə də daxili siyasət, ölkədəki abadlıq, quruculuq işləri bundan xəbər verir ki, qarşımızdakı opponent çox güclüdür. Mən bunu dünən mitinqdə də dedim. Hər il 200-300 min adam Ermənistanı tərk edib xarici ölkələrə gedir. Bunların hamısı prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində baş verir. Bəzi "siyasətçilər" bunu anlamaq istəmirlər. İnsanın gərək gözləri kor, qulaqları da kar ola ki, bunları görməyə və yaxud eşitməyə. İlham Əliyevin siyasəti sayəsində Bakı və ümumən Azərbaycan yenidən qurulur və bunu səmimi şəkildə etiraf eləmək lazımdır. Biz elə hər şeyə qara yaxırıqsa və hər şeyə pis deyiriksə, bu xalq bu dəyişiklikləri görür axı. Bunu öz gündəlik həyatında hiss eləyir. Azərbaycanda elə ailələr var ki, üç ailə üzvünün üçünün də maşını var. Yəni bunların hamısını xalq görür. Və yaxud da ki, hər şeyi tənqid eləmək müxalifətçilik demək deyil. Ona görə də bu seçkilərdə bu gün ən güclü opponent ölkənin rəhbəri prezident İlham Əliyevi hesab edirəm. Hələlik mübarizəm onunladır və axırını da zaman göstərəcək, görək, nə olacaq.
-Bəs bu namizədlər içində ən zəif rəqib kimi hesab edirsiniz?
-Mənim ən zəif rəqibim Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənlidir.
-Cəmil Həsənli tanınmış ziyalıdır, tarix elmləri doktorudur. Onda hansı zəif cəhətləri görə bilərsiniz ki?
-Nə olsun ki, tarix elmləri doktorudur? O lap akademik də ola bilər. Bilirsiniz, necədir? Bu titullar hələ əsas vermir ki, dövləti idarə etməyə iddialı olasan. Bu titul dövləti idarə etmək bacarığına malik olmaq titulu deyil. Eynşteynə bir dəfə deyiblər ki, "Gəl, səni dövlət başçısı seçək". O da cavabında deyib ki, elmi titullarım dövlət başçısı olmağıma əsas vermir. Yəni professor, akademik olmaq dövlət başçısı olmaq iddiasına zəmin verə bilməz. Dövləti idarə etmək üçün dövlətçilik təfəkkürü və idarəçilik səriştəsi lazımdır. Cəmil Həsənlidə bu təcrübə və bu səriştə yoxdur. O heç zaman dövlət postu tutmayıb, idarəçilikdən xəbəri yoxdur. O heç beş-on nəfərə də başçılıq etməyib, onlara göstəriş verməyib. Dövləti idarə etmək üçün böyük bir idarəçilik məktəbi keçmək lazımdır. Cəmil Həsənlidə bunlar yoxdur. O kitabdan bu kitaba köçürüb, bu kitabdan o kitaba köçürdüb və olub elmlər doktoru. Kimsə ona sifariş verib, bu da götürüb bir kitab buraxıb. Amma bütün bunlar dövlətin başında durmağa əsas vermir. Belə çıxır ki, Milli Elmlər Akademiyası doludur potensial prezidentlərlə? Bəzi seçicilərin və sizlərin fikirlərindən belə nəticə çıxır. Ona görə də indiki meydan Cəmil Həsənlinin meydanı deyil. O, çox zəif adamdır. Onu öyrədib ortalığa buraxırlar, o da gəlib teledebatlarda ancaq yalan danışmaqla məşğul olur, ölkəyə böhtanlar atır. Onun heç bir platforması yoxdur. Deyir ki, "Hakimiyyətə gələndə qızıl amnistiya elan edəcəyəm". Məgər bu, siyasi platformadır? Bunu mən də edərəm də! Prezident hakimiyyətə gələn kimi ilk sərəncamları ya amnistiya ilə bağlı olmalıdır, ya da xalqın rifahının yaxşılaşdırılması ilə. Bu hələ platforma demək deyil. Bu hələ xalqı idarə etmək demək deyil. Cəmiyyəti, dövləti idarə etmək böyük təcrübə tələb edir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli