Rail Rzayevin qətli yenidən gündəmə gəldi,  amma“qətlin açılmasında heç bir yenilik yoxdur”
Rail Rzayevin qətli yenidən gündəmə gəldi,
amma“qətlin açılmasında heç bir yenilik yoxdur”

Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, “Müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur”.
Qeyd edək ki, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərovun “Unikal”a söylədiyinə görə, “Mərhum general Rail Rzayevin qətlinin üstünün bu günə qədər açılmaması olduqca müəmmalı mətləblərdən xəbər verir. Rail Rzayevin qətlinə görə indiyə qədər iki nəfər – oğlu və adyutantı həbs edilib. Bununla belə, mən tam şəkildə əminəm ki, onların bu qətlə heç bir dəxli yoxdur və istintaqın gedişi, yekun nəticələri də bunu təsdiq elədi. Məni təəccübləndirən odur ki, Prezident İlham Əliyevin yanında keçirilən müşavirədən sonra respublikanın hüquq-mühafizə orqanları bu problemlə daha ciddi şəkildə maraqlanmalı idi. Amma hələ də bu istiqamətdə irəliləyiş müşahidə edilmir”.
Ekspertin sözlərinə görə, “Əgər müvafiq strukturlar bu qətlin üstünü aça bilmirsə, deməli, Rail Rzayevin qətlini sifariş edən şəxs və yaxud şəxslər hələ də vəzifə başındadır. Bu, sadəcə, o deməkdir ki, respublikanın hüquq-mühafizə qurumları bu problemin öhdəsindən gələ bilmək gücündə deyil. Bu gücsüzlük həm də ondan irəli gəlir ki, general Rail Rzayev müəyyən maraqlara maneçilik törətdiyi üçün qətlə yetirilmişdi və o maraqları izləyənlər bu qətlin üstünün açılmasına imkan vermirlər”.
Müstəqil hüquqşünas Namizəd Səfərovun “Unikal”a bildirdiyinə görə, “Son onilliklərdə Azərbaycanda siyasi zəmində baş vermiş qətllərin bir çoxunun üstü ya bilərəkdən açılmayıb, ya da bu qətllərin icraçıları konkret dəlillər əsasında məlum olsa da qatillər hələ də azadlıqda gəzirlər. Çox uzağa getməyək. Mərhum jurnalist Elmar Hüseynovun qatillərinin kim olduğunu ölkədə hamı bilir, amma onları heç kim həbs etmək niyyətində deyil. Bu qatillərin harada yaşadıqları, ünvanları, hətta telefon nömrələri də müvafiq strukturlara məlumdur. Lakin onları həbs etməyə heç kimin həvəsi yoxdur”.
Hüquqşünasın sözlərinə görə, “General Rail Rzayevin qətlinin üstünün bu günə qədər açılmaması da eyni motivlərlə bağlıdır. Mətbuatdan izlədiyim məlumatlar əsasında tam əminliklə deyə bilərəm ki, həmin qətlin çözülməsi o qədər də çətin iş deyil. Görünür, sadəcə, bu çözüm müəyyən dairələrə sərf eləmir. Ona görə də açılmamış qətllərin siyahısı bu qədər uzanmaqdadır”.

Natiq Oruclu